Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nazirin iradları.

Təkzib və real vəziyyət  

31.08.2022 11:27
1
A+
A-

Elm və təhsil naziri Emin Əmrullayevin avqustun 23-də Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşü zamanı söylədiyi “Məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və uşaqları repetitor hazırlığına cəlb edirlər” iradı kütləvi informasiya vasitələrində, sosial şəbəkədə müzakirələrə səbəb oldu. Müzakirəyə qoşulanların çox hissəsi bu problemin günahını elə nazirin özündə gördü. Onu “köklü islahatlar aparmaq gücündə olmamaqda” günahlandırdılar. Lakin çox keçmədi ki, elə mətbuat vasitəsilə də nazirlik tərəfindən bu fikrin nazirin adından təhrif olunmuş formada dərc olunması barədə məlumat verildi. Təkzib nə reallığı, nə də cəmiyyətin təhsilin indiki vəziyyətinə münasibəti dəyişmədi.

Təhsil üzrə ekspert Elçin Əfəndi dedi ki, biz artıq bu barədə 5-6 ildir həyəcan təbili çalırıq: “Dediklərim bəlkə də bir az sərt olacaq, ancaq bu gün ümumtəhsil müəssisələrində müəllimlərin böyük bir hissəsi əməkhaqqının aşağı olması səbəbindən dərsləri, sadəcə, “yolaverdi” xətrinə keçir. Hətta müəllimlər bilərəkdən az dərs saatı götürürlər ki, vaxtlarının çox hissəsini repetitorluq üçün ayırsınlar. Bu təhsil də, təbii ki, şagirdi qane etməyəcək. O halda şagird də məcburdur ki, məktəbdə keçdiklərini daha dərindən mənimsəmək üçün repetitor yanına getsin. Valideyn də məcbur olur övladının məktəbdə ala bilmədiyi təhsil üçün məktəbdənkənar xüsusi müəllimlər tutaraq ailə büdcəsindən xeyli məbləğ ayırsın. Baxın, dərslər sentyabrın 15-dən başlasa da, avqustun əvvəlindən valideynlər artıq müəllimlərlə vaxt təyin ediblər.

Gəlin mən sizə günümüzün ən acınacaqlı vəziyyətlərindən birindən danışım. Bu gün nəinki yuxarı sinif şagirdləri, ibtidai sinif şagirdləri belə, dərslərini repetitor yanına getməklə hazırlayırlar. Yəni artıq ibtidai sinif müəllimləri belə, repetitorluqla məşğuldurlar. Bilirsiniz, bu nə deməkdir? Bu, çox qorxunc haldır. Təsəvvür edin, 6-7 yaşlı ibtidai sinif şagirdi ibtidai təhsil üzrə hazırlığa gedir, hansı ki, uşaq həmin dərsi məktəbdə öyrənməlidir. Bu da nəyə gətirib çıxarır? Ona gətirib çıxarır ki, uşaqlar aşağı sinifdən artıq “korlanmağa” başlayırlar. Uşaq məktəbdə sərbəst dərs öyrənməyi bacarmır, bir növ kənar müdaxilədən asılı qalır. Bu həm də o deməkdir ki, 1-ci sinifdən ta 11-ci sinfə kimi valideyn övladının təhsil alması üçün pul tökür. Və nəticə etibarilə də pullu təhsil formalaşır. Halbuki konstitusiyada hər bir vətəndaşın icbari təhsil almaq hüququ olduğu xüsusi vurğulanıb”.

- Yaxşı, bəs bütün bunların səbəbkarı müəllimlərdirmi?

- Təbii ki, yox. Müəllimləri də buna vadar edən səbəb var. Bu da ümumtəhsil məktəblərində müəllimlərin əməkhaqlarının çox aşağı olmasıdır. Özünüz düşünün, yüksək əməkhaqqı alan hansı müəllim rahat bir neçə saat dərsini deyib, sonra da çıxıb evinə getmək əvəzinə, az qala gecə yarıya qədər repetitorluqla məşğul olmaq istəyər. Müəllim düşünür ki, məktəbdən aldığı 300-500 manatdansa, evdə 15-20 şagird hazırlayıb bu məbləğin 3, bəlkə də 4 qatını qazana bilər. Bu halda müəllimləri də qınamaq olmaz. Ona görə də bunun tək çıxış yolu var: müəllimlər yüksək əməkhaqqı ilə təmin olunmalı, dərs bölgüsü, məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı nazirlik tərəfindən nəzarət mexanizmi tətbiq olunmalıdır. Belə olduğu halda, əlbəttə, orta ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətini artıra bilərik.

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti”nin sədri, fəlsəfə doktoru İlqar Orucov dedi ki, bu gün repetitor yanına getmədən ali məktəblərə qəbul olmaq, demək olar ki, qeyri-mümkündür. Çünki məktəblər lazımi səviyyədə bilik vermir: “Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında qazanılan ballara görə abituriyentlər və valideynlər məktəbə yox, repetitorlara borcludurlar. Valideynlər övladlarını orta məktəbin lap aşağı siniflərindən başlayaraq, ən kasıb ailələr isə tədrisin son iki ilində repetitor yanına qoyur. Və ailənin büdcəsinin xeyli hissəsi də elə buna gedir. Əslində bu, qara bazardır.

Repetitorluq dünyanın, demək olar ki, bütün ölkələrində var. Hətta inkişaf etmiş ölkələrdən - İngiltərədən tutmuş Yaponiyaya kimi şagirdlər məktəbdənkənar müəllimlərə müraciət edirlər. Ancaq onlar bunu, sadəcə olaraq, biliklərini inkişaf etdirmək və daha da dərinləşdirmək üçün edirlər. Bizdə isə şagirdlər məktəbin vermədiyi təhsili əldə etmək üçün əlavə müəllimlərə müraciət edirlər.

Düşünürəm ki, bu məsələ artıq mütləq şəkildə öz həllini tapmalıdır. Bu cür təhsil nəinki cəmiyyətimiz, dövlətimiz üçün də başıaşağılıq gətirir. Ona görə də vəziyyət ciddi təhlil olunmalıdır. Demirəm ki, buna qısa zaman ərzində nail olacağıq, təbii ki, vaxt alacaq. Çünki bu, illərin yaratdığı, cığır açdığı bir problemdir. Ancaq sonu uğurlu bitən bir şey üçün mübarizə aparmağa və nəticəsini görmək üçün gözləməyə dəyər”.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: