Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vergi-kapital amnistiyası nəyi dəyişəcək

.

31.08.2022 11:51
10
A+
A-

Ötən illər ərzində Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyin edilməsi sahibkar-vergi münasibətlərinin və vergi siyasətinin tamamilə yeni formada davam etdirilməsini tələb edir. Bütün bu yanaşmaların fonunda biznesin ötən illər ərzində müxtəlif səbəblərdən yığılıb qalmış borclarına münasibətin də dəyişməsi qaçılmaz reallığa çevrilib. Biznesin köhnədən qalmış borclarının təmizlənməsi üçün onların fəaliyyətinin də tamamilə şəffaflaşması, uçotun “ağardılması” və təmiz mühasibatlığın təşkili, bütün vergi öhdəliklərinin açıq və konüllü prinsiplər əsasında bəyan edilməsi əsas şərtlərdən biridir. Amnistiya birbaşa vergi islahatları çərçivəsində aparılan şəffaflaşmaya xidmət edir. Məhz bütün bu şərtlər daxilində Dövlət Vergi Xidməti biznesə maliyyə-vergi amnistiyası verməyə razıdır. Xidmətin rəis müavini Samirə Musayeva bildirib ki, maliyyə amnistiyası dövlətin yürütdüyü iqtisadi siyasət prioritetlərinə əsasən, vergi ödəyicilərinin maliyyə borclarını üzərlərindən götürməklə onlara bir sıra təminatları əhatə edəcək. Əgər bu günə qədər hər hansı vergi ödəyicisi tərəfindən bu və ya digər səbəbdən əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində onlara əmlak və kapital amnistiyası verməklə tamamilə şəffaf fəaliyyətlə və maliyyə intizamına riayət etməklə yeni əməkdaşlıq qurmaq niyyətindədir. Çünki indiyə qədər uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsi mümkün olmadan əmlak və kapital amnistiyası da uğurlu nəticə verə bilməz.

Vergi Xidmətinin rəsmisinin fikrincə, amnistiya həm ölkədə aparılan iqtisadi siyasət, iqtisadi prioritetlərə, həm də vergi sahəsində beynəlxalq təcrübənin tətbiqinə əsaslanır.

Xatırladaq ki, vergi orqanı tərəfindən 5 il əvvəl vergi amnistiyası həyata keçirilib. Dövlət başçısı tərəfindən “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun təsdiqlənməsi sayəsində vergiləri vaxtında ödəməmiş sahibkarların hesablanmış faizlər üzrə bütün borcları silindi. 2017-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, ümumilikdə 45 min vergi ödəyicisinin 386,4 milyon manat məbləğində vergi borcu silinməsi təmin olunub. Həmin vəsaitin 125,5 milyon manatı dövlət sektoruna, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aid olub.

Bəzi ekspertlər hesab edirlər ki, vergi və maliyyə amnistiyalarının müsbət və mənfi nəticələri ola bilər. Ancaq inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vergi amnistiyasının sahibkarlara böyük töhfəsi var. Məsələn, qonşu Rusiyada 3 il müddəti əhatə edən amnistiyanın nəticəsi olaraq, vergi orqanlarının yaratdığı imkanlar sayəsində vergi ödəyiciləri rəsmi formada bütün mallarını bəyan etmiş və vergi ödəyicisi malların alışını təsdiq edən malların sənədli və ya sənədsiz olmasından asılı olaraq rəsmi bəyan etməklə böyük dövriyyəni “ağartmışdı”. Nəticədə iqtisadiyyatdan kənar 10 milyardlarla dollar aktiv açıqlanaraq qeydiyyata alındı. Bu baxımdan Azərbaycanda da “kölgə iqtisadiyyatı”nın hələ də təsadüf edilən təzahürlərinin aradan qalxması sayəsində bir neçə milyard dollar vergi leqallaşmış olar.

Onu da nəzərə almaq lazımdır ki, dövlət başçısının iyul ayında imzaladığı müvafiq fərmanla təsdiq edilmiş “Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində bir sıra qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla amnistiyaların tətbiqi nəzərdə tutulub. Həmin sənədə əsasən, ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradılması vergi siyasətinin hədəf prioritetlərindən biri kimi müəyyən edilib.

Amnistiyanın faydası nədən ibarət ola bilər?

Təcrübə onu göstərir ki, kağız üzərində olan, qalan və faktiki “ölü” hesab olunan borcları inzibati yollarla, sərt sanksiyalar tətbiq etməklə geri qaytarmaq çətindir. Onlar həmişə keçmiş borc təşvişi altında yaşayır. Amnistiya isə sanki onların üzərindən ağır yükün qalxmasına səbəb olur. Ona görə də əmlak amnistiyası və ya kapital amnistiyası biznesin çiyinlərindən yükün qaldırılması olmaqla onlarda motivasiya yarada bilər, nəticədə əlində olan aktivləri birbaşa yeni istehsal, xidmət və digər sahələrə daha çox investisiyaların qoyulmasına yönəltməyə imkan yaradacaq. Bu isə istehsalın və xidmətin daha da artmasına, yeni əlavə dəyərin yaranmasına, eləcə də yeni iş yerlərinin açılmasına və işsizliyin aradan qaldırılmasına da müsbət təsir edə bilər. Eyni zamanda bu təşəbbüs indiyə qədər gizlədilmiş, qeyri-sağlam və “ölü” kapitalın sağlam maliyyə aktivi kimi dövriyyəyə cəlb olunmasına və ölkədə biznesin leqal maliyyə dövriyyəsinin artmasına səbəb ola bilər. Ən əhəmiyyətlisi isə odur ki, leqal dövriyyə dövlət büdcəsinə vergi ödənişlərinin artımı üçün əlavə stimullar yaradır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: