Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilərin radiasiyadan müdafiəsi

.

07.09.2022 11:22
9
A+
A-

Sentyabrın 5-dən 9-dək Cenevrədə iş yerlərində ( istehsalatda) radiasiyadan müdafiə üzrə üçüncü beynəlxalq konfrans keçiriləcək. Beynəlxalq Əmək Təşkilatının (BƏT) sponsorluğu,  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkilatçılığı və İsveçrə hökumətinin ev sahibliyi etdiyi konfransda radiasiya şüalanmasından müdafiə üzrə beynəlxalq standartlar və tövsiyələr, son iyirmi ildə əldə olunan nailiyyətlər nəzərdən keçiriləcək.  Qlobal radiasiyadan mühafizə sisteminin təkmilləşdirilməsi üzrə prioritet tədbirlər müəyyən ediləcək. Konfransda dünyanın hər yerindən 500-dən çox mütəxəssis işçilərin radiasiyadan qorunmasının gücləndirilməsinə dair məlumat və təcrübə mübadiləsi aparacaq.

Radiasiyaya məruz qalma adətən nüvə sahəsində işləyən və ya radioaktiv mənbələrlə məşğul olanlarla əlaqəli olsa da, adekvat tədbirlər görülmədikdə mədən sənayesində çalışanlar, uçuş heyəti, tədqiqatçılar və tibb işçiləri kimi digər peşələrdə çalışan işçilər də ciddi təsirə məruz qala bilərlər.

Üstəlik, atom elektrik stansiyalarında baş verən qəzalar təkcə işçilər üçün deyil, həm də əhali və ətraf mühit üçün fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də ciddi profilaktik və nəzarət tədbirləri görülməlidir.

“1919-cu ildə yarandığı gündən BƏT-in əsas məqsədi işçilərin sağlamlığını qorumaq olub”, -deyə BƏT-in  Baş direktorunun siyasət məsələləri üzrə müavini Vik Van Vuren bildirib. O deyib ki, bu gün biz hələ məqsədimizə tam çatmamışıq. İşlə bağlı ölümlər və xəsarətlər, o cümlədən radiasiyaya məruz qalma nəticəsində baş verənlər,  əməyin mühafizəsi və sağlamlığı sistemlərinin tam formalaşmadığı inkişaf etməkdə olan ölkələrdə xüsusilə ağır nəticələrə səbəb olur.

Bu konfrans bütün sahələrdə və ölkələrdə işçilərin radiasiyadan müdafiəsinin gücləndirilməsində, eləcə də iş mühitinin təhlükəsizliyinin və sağlamlığının yüksəldilməsində, o cümlədən qlobal profilaktika mədəniyyətinin formalaşdırılması vasitəsilə gələcəkdə konkret tərəqqi üçün bilik və təcrübə mübadiləsinin aparılması və kursun müəyyənləşdirilməsi məqsədilə əla imkan olacaqdır.

1960-cı ilin iyununda Beynəlxalq Əmək Konfransı “Radiasiyadan müdafiə haqqında” 115 saylı Konvensiyanı  və onu müşayiət edən  114 saylı tövsiyəni qəbul etdi.  Konvensiya işçilərin iş zamanı ionlaşdırıcı şüalanmaya məruz qalması ilə bağlı bütün fəaliyyətlərə şamil edilir və onu ratifikasiya edən BƏT-in hər bir üzvünün qanunlar və ya qaydalar, təcrübə kodeksləri  və ya digər müvafiq vasitələrlə onun müddəalarını həyata keçirməsini nəzərdə tutur.

Bu, işçilərin radiasiyadan qorunmasına həsr olunmuş yeganə beynəlxalq hüquqi sənəddir. Konvensiya 50 ölkə tərəfindən ratifikasiya olunub.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: