Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rus bölmələrinə marağın əsasında nə durur?

.

07.09.2022 11:29
25
A+
A-

Bu il təhsildə yaşanan ən böyük problemlərdən biri şagirdlərin yerləşdirilməsi məsələsidir. Övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlər tədris ilinin başlanmasına az bir müddət qalmış çətinliklə üzləşiblər. Belə ki, rus bölməsinə qəbul limitinin dolması səbəbindən bəzi valideynlər övladlarını rus bölməsinə yerləşdirə bilməyiblər. Təhsil və elm naziri Emin Əmrullayev son brifinqdə bildirdi ki, Azərbaycanda rus dili bölmələrinə olan tələbat təkliflə müqayisədə çoxdur. Ona görə də bəzi valideynlərə “yox” demək məcburiyyətində qalırıq.

Bəs, görəsən, valideynlər övladlarının rus dilində təhsil almalarına nəyə görə bu qədər həvəslidirlər. Bu dildə təhsil almaq gələcək üçün nələrisə vəd edirmi? Yəni rus dilində təhsil almağın nə kimi üstünlükləri var?

Milli Məclisin Təhsil komitəsinin üzvü Kamilə Əliyeva bunun bəzi səbəblərinin olduğunu dedi: “Birinci səbəb odur ki, valideynlər övladlarının daha çox xarici dilə yiyələnməsini istəyirlər. Məlumdur ki, ölkəmizdə rus dilinə axın çoxdur və  bu səbəbdən də ilk müraciət olunan xarici dil elə rus dili olur. Həm də gələcəkdə əmək fəaliyyətinə atılan zaman deyərdim ki, xarici dil bilmək müsbət hal kimi dəyərləndirilir. Qəbul imtahanları zamanı balların rus bölməsində Azərbaycan bölməsinə nisbətdə daha aşağı olması da buna bir səbəbdir. Bəli, bu səbəblərlə hardasa razılaşmaq olar. Ancaq bəzi hallar olur ki, görürsən ki, valideynin rus dilindən heç bir anlayışı yoxdur, buna baxmayaraq, aparıb uşağını rus dili təmayüllü məktəbə qoyur və çalışır ki, pis-yaxşı övladları o dildə təhsil alsın. Təbii ki, bu, yanlış addımdır. Biz öncə övladlarımızın ana dilində mükəmməl təhsil almalarına çalışmalıyıq. Xarici dilə gəldikdə isə, əlbəttə, bu, yaxşı haldır ki, uşaqlarımız gələcək inkişafları üçün çox sayda xarici dilə yiyələnsinlər”.

Təhsil üzrə ekspert Kamran Əsədov dedi ki, bəzi valideynlər arasında bu gün rus dilində təhsilə dəb kimi yanaşanlar var: “Azərbaycanda 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird təhsil alır. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumilikdə şagirdlərin 32%-i deməkdir

Digər bir məsələyə gəldikdə isə, valideynlərin çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu, belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Düşünürəm ki, bu gün ingilis dili rus dilini üstələyib. Ancaq, təbii ki, rus dilini əlavə dil kimi bilmək xətrinə öyrənmək olar. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq, təbii ki, əlavə dilləri mənimsəməsi gələcəyi üçün perspektivli olar. Ümumiyyətlə, düşünürəm ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə dəyişməsini istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir.

Ancaq bu o demək deyil ki, mən bu dili bilməyin, bu dildə təhsil almağın tərəfdarı deyiləm. Hər bir valideyn, təbii ki, övladını layiqli mühitdə oxutdurmaq istəyir. Valideynlər istəmirlər ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan da alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.

Ona görə də biz öncə Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus bölməsində öz dilimizin tədrisinə xüsusi fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Ona görə də düşünürəm ki, rus bölməsinin sayının artmasını faciəyə çevirməyə də ehtiyac yoxdur. Həm də unutmamalıyıq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanlari bu dildə danışır. Həm də bu dili bilmək bizim üçün böyük bir informasiya məkanı deməkdir və bunun da nəyi pisdir ki?”

K.Əsədov vacib bir məqama da toxundu. Dedi ki, son illərdə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25%-i Azərbaycan, 8.75%-i isə rus bölməsinin abituriyentləri olmuşdur: “Qeyd edim ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23%-ni, maksimum 92.57%-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43%-ni, maksimum 28.77%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artmışdır. Bununla belə qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25%-ni təşkil etmişdir. Bu göstərici 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdu. 2013-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisaslar üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə, bölməsindən asılı olmayaraq, daha hazırlıqlı gənclər qəbul olunur”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: