Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zorakılıq yolverilməzdir

.

07.09.2022 11:31
110
A+
A-

Qlobal problemə çevrilən autizm və ya nitqlə bağlı müxtəlif xəstəliklər ildən-ilə geniş yayılmaqdadır. Araşdırmalara görə, dünya əhalisinin 1 faizi, yəni 70 milyonu bu xəstəliklərdən əziyyət çəkir. Təəssüf ki, autizm və ya nitqlə bağlı xəstəliklər son vaxtlarda Azərbaycanda da geniş yayılmağa başlayıb. Qeyri-hökumət təşkilatlarının apardığı statistik araşdırmalara görə, hazırda ölkəmizdə 6 min nəfərdən çox autizm diaqnozu qoyulmuş uşaq var. Hətta rəsmi statistikada bu uşaqların sayının az göstərildiyi də qeyd edilir. Çünki bəzi valideynlər uşaqlarına həmin diaqnozu qoymaq istəmirlər və fikirləşirlər ki, zamanla düzələcək.

Mövzu  ilə bağlı araşdırmalardan məlum oldu ki, həmin uşaqların  müalicəsi zamanı da valideynlər müəyyən problemlərlə qarşılaşır. Belə ki, təhsili oldu-olmadı, “iş qurmaq” istəyən hər kəs bir ad altında psixoloji yardım mərkəzi açır. Onlar “obyekt”lərinə istədikləri adamı işçi götürür, hətta həmin əməkdaşlarına bəzən “sertifikat” da təşkil edirlər. Təəssüf ki, həmin mütəxəssislərin təhsilini, psixoloji və tibbi sağlamlığını yoxlaya biləcək səlahiyyətli nə şəxs, nə də qurum var. Qeyd edim ki, onlara ay ərzində 500-1000, bəzən bundan da çox məbləğ ödəyirlər.

Bu məbləğin əvəzində isə xəstə körpələrə güc tətbiq edilir, işgəncə verilir. Bunu sosial şəbəkələrdə yayılmış xəbərlər və videogörüntülər də təsdiq edir. Millət vəkili Fazil Mustafa bu məsələnin kökündə sosioloji problemlərin durduğunu söylədi.

“Araşdırıb, müzakirə edib, həllini tapmaq lazımdır”,-dedi. “Bir-iki müəllimi həbs etmək və ya cəzalandırmaqla məsələ həll olunmur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirdi ki,mərkəzlərdə psixoloji və ya sağlamlıq problemləri olan yetkinlik yaşına çatmayan uşaqlar üçün xüsusi reabilitasiya proqramları müəyyənləşdirilməlidir. Bu reabilitasiya proqramlarının uğurlu nəticələr verməsindən ötrüözəl və ya dövlət təşkilatlarında uşaqlara xidmət göstərən şəxslər, milli qanunvericiliyə əsasən,mütləq şəkildə sertifikatlaşdırmadan keçməlidir. Müvafiq komissiyalar tərəfindən aparılan bu sertifikatlaşdırma, beynəlxalq praktikaya nəzər salsaq, bir qurum yox, bir neçə qurumun nəzarəti altında olmalıdır. Həmin müəssisələrdə monitorinqlər keçirilməlidir. Bu monitorinqlər vasitəsilə uşaqlara xidmət göstərən şəxslərin özlərinin peşə bilikləri və bacarıqları ilə yanaşı, psixoloji vəziyyətləri müəyyənləşdirilməlidir. Beynəlxalq praktikada bu sahədə xidmət göstərənlər hər 3 ildən bir sertifikatlaşdırmadan keçirilir. Bu sahədə komitə tərəfindən tədbirlər görülür. Qeyd etmək istəyirəm ki, 2020-ci ildə uşaq hüquqlarının müdafiəsi ilə bağlı strategiya, eyni zamanda həmin sənədlə bağlı milli fəaliyyət planı qəbul edilmişdir.

E.Səfərov dedi ki, Azərbaycanda sağlamlığı məhdud olan uşaqlara dəstək məqsədilə mərkəzlər, uşaq müəssisələri fəaliyyət göstərir. Onların bir qismi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdindədir. Orada peşəkar mütəxəssislər də var. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həm özəl, həm də bələdiyyə strukturlarında uşaq müəssisələrinin açılmasını və orada xidmətin formalaşdırılmasını təklif edir. Bu, Türkiyə və digər ölkələrin təcrübəsində var və yaxşı nəticə verir. Bizdə də özəl strukturlarda, müəssisələrdə monitorinqlər aparan xüsusi komissiyalar yaradılıb. Yerli icra hakimiyyətlərində qəyyumluq komissiyalarını, Daxili İşlər Nazirliyi, ƏƏSMN-in rayon, şəhər məntəqələri üzrə müvafiq təyin edilmiş şəxsləri buna misal gətirə bilərik. Sadəcə olaraq nəzarəti gücləndirmək lazımdır.

E. Səfərov dedi ki, uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycanın BMT- nin Uşaq hüquqları komitəsi qarşısında gələn il hesabatı dinləniləcək. 2015-ci ildə Azərbaycana verilən tövsiyələr çərçivəsində sağlamlığı məhdud uşaqlara xüsusi dəstəyin göstərilməsi nəzərdə tutulmuşdu. Ona görə də özəl və ya qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən mərkəzlərdə xidmət edən şəxslər mütləq şəkildə sertifikatlaşdırmadan keçməli, eyni zamanda hər 3 ildən bir imtahan verib, bilik və bacarığını təkmilləşdirməlidir. Bir məqamı da qeyd edim ki, dövlət, özəl və ya hansısa mərkəzdə zorakılıq yolverilməzdir.

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli dedi ki, mən həm də 2 autizmli uşaq anasıyam. Bu sahədə ölkədə çox işlər görülür. 2015 -ci ildə İctimai Birliyimiz tərəfindən 30 maddədən ibarət təkliflər paketi hazırlanıb. Bu paketdə əksini tapan maddələr ictimaiyyətdə geniş müzakirə edildikdən sonra Milli Məclisə göndərilib. Beləliklə, qanunvericilikdə autizm sindromu özünə yer alıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Birgə və Sağlam İctimai Birliyi yeni böyük binada, müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Çox təəssüf ki, ölkəmizdə bu uşaqlar üçün başqa dövlət səviyyəsində fəaliyyət göstərən mərkəz yoxdur.

Hüquqşünas, Vəkillər Kollegiyasını üzvü Mehman Muradlı isə adı uşaqlara qarşı zor işlətməkdə hallanan əməkdaşların qanun qarşısında cavabdehliyindən danışdı. Dedi ki, köməksiz vəziyyətdə olan uşaqlara işgəncə verənlərin əməlləri 133.2.1. və 133.2.3. maddələrlə qiymətləndirilərsə, onları 2 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

İnanırıq ki, azyaşlılara həssaslığı ilə seçilən dövlətimiz xüsusi qayğıya ehtiyacı olan və ümumiyyətlə bütün uşaqlara şiddət göstərən şəxsləri qanunun imkan verdiyi ən ağır cəza ilə cəzalandıracaq.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: