Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Valyuta Fondu Azərbaycanda vergi güzəştlərinin ləğvini istəyir

.

07.09.2022 11:48
9
A+
A-

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökuməti qarşısında olduqca çətin və mürəkkəb olan bir məsələni reallaşdırmağı tövsiyə edib, söhbət  sahibkarlara verilən vergi güzəşt və tətillərinin ləğvindən gedir. Fondun ekspert qrupu təklif edir ki, vergi güzəştləri heç də həmişə iqtisadi inkişafı, ictimai və dövlət maraqlarını gözlənilən səviyyədə təmin etmir. Burada bəzi biznes qrupları, xüsusilə də iri inhisarçı şirkətlər daha çox faydalanır və onların vergi ödəmək vərdişi tədricən aşağı düşür, bu da güzəşt müddəti başa çatdıqdan sonra müəyyən problemlər yaradır. Bu baxımdan Fond hesab edir ki, vergi güzəştlərinin dayandırılmasının artıq vaxtı çatıb və hökumət həmin güzəştlərin ləğv olunması barədə düşünməlidir.
Vergi güzəştləri yeni sahibkarlıq subyektlərinin yaranması, istehsal və xidmət sahələrinin genişləndirilməsi, iş yerlərinin yaradılması baxımından da müsbət əhəmiyyətə malikdir. Dövlət bu və ya digər sahənin dirçəldilməsinə kömək etmək, onun regional və beynəlxalq səviyyədə rəqabətədavamlı olmaq məqsədilə öz büdcə gəlirlərindən imtina edir. Bir çox ölkələrin təcrübəsindən göründüyü kimi, vergi güzəşt və azadolmalar müəyyən dövr üçün həmin sahənin “ayağa qaldırılması” və inkişaf etdirilməsinə kömək məqsədilə verilir.
Hazırda Azərbaycanda vergi güzəşt və azadolmaların kifayət qədər böyük əhatə dairəsi vardır, kənd təsərrüfatından tutmuş sənaye, sahibkarlıq, sosial sahələrə qədər böyük vergi güzəşti sayəsində dövlət il ərzində on minlərlə sahibkara və sadə vətəndaşlara güzəştlər edir. Hesablamalara əsasən, il ərzində proqnozlaşdırılan güzəştlər və azadolunmaların ümumi həcmi 5,5 milyard manata bərabərdir. Güzəştlərin tətbiqi əslində sahibkarlara yeni istehsal və xidmət sahələrinə stimullaşdırmaq, onların vergi yükünü aşağı salmaq və il ərzində azadolmalardan yaranan gəlirləri investisiyalara yönəltmək məqsədi daşıyır. Həmçinin ölkədə on minlərlə kiçik və orta biznes sahibi məhz vergi güzəştləri hesabına öz maliyyə dayanıqlılığını təmin edir. Bundan başqa, yüz mindən artıq işləyən vətəndaşın əməkhaqqısına tətbiq edilən sosial xarakterli gəlir vergisinin differensiallaşdırılması, həssas sosial qrupların qazanclarının, maaş və mükafatlarının, digər pul gəlirlərinin gəlir vergisindən azad olunması onların sosial vəziyyətinə xeyli müsbət təsir göstərməkdədir.
Bütün bunlar onu təsdiqləyir ki, vergi güzəştlərinin və azadolmaların dayandırılması yüz mindən artıq vətəndaşa, on minlərlə sahibkara mənfi təsir göstərmiş olar. Bu baxımdan hökumət Valyuta Fondunun güzəştlərin ləğvi ilə bağlı təkliflərini məqsədəuyğun hesab etmir. Bununla yanaşı, Vergi Xidməti vergi güzəşt və azadolmaları ilə bağlı ünvanlılıq və səmərəliliyin təmin olunmasını da vacib hesab edir. Aparılan təhlillərə görə, bəzən verilən güzəştlərdən sui-istifadə hallarına rast gəlinir. Bir sıra hallarda güzəştlər istehsalçı və yaxud ixracatçı şəxslərin, sadəcə, maddi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır, ölkənin əsas istehlakçıları, aztəminatlı təbəqələr, dövlət bundan fayda görmür. Məsələn, bəzi hallarda kənd təsərrüfatı məhsullarının istehsalçıları vergidən azad olunduğundan emalla məşğul olan sahibkarlar da istehsal təyinatı adı altında vergidən yayınmağa çalışır, emalçılar yenə də sui-istifadəyə cəhd edirlər. Bundan başqa, investisiya məqsədləri üçün tətbiq olunan vergi güzəştləri də təyinatı üzrə istifadə olunmur, investor həmin vəsaiti təkrar istehsal və iqtisadi layihələr üçün deyil, digər məqsədlər üçün istifadə edir. Təhlillər göstərir ki, bəzi hallarda güzəşt nəticəsində əldə edilən dövriyyə vəsaitinin təxminən 70%-i mənimsənilir və yalnız 30%-i təyinatı üzrə istifadə olunur. Güzəştlərdən sui-istifadə halları sosial məqsədli vergilərdə də rast gəlinir. Məlum olduğu kimi, vergi güzəştləri məqsədlərinə görə həm də sosial xarakterlidir. Yəni sosial məqsəd daşıyan vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Son illərdə bu istiqamətdə tələbələrin, əlillərin və əhalinin digər aztəminatlı təbəqələrinin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğlərinin 2 dəfəyədək artırılması, habelə fiziki şəxslərin aylıq əməkhaqlarından tutulan gəlir vergisi üzrə güzəştləri həyata keçirilməsini də qeyd etmək mümkündür. Ticarət, xidmət, ictimai iaşə və digər sahələrdə əlillərin, məcburi köçkün və qaçqınların, digər güzəşt hüququ olan digər kateqoriyaların adları rəsmiləşdirilir ki, bu da vergi güzəştlərindən sui-istifadə halları deməkdir.
Nəticədə bu cür hallar vergi güzəştlərinin “itirilmiş güzəştlər”ə çevrilməsinə səbəb olur. Ona görə də vergi orqanı vergi güzəştlərinin və azadolmalarının ləğvini deyil, bu sahədə səmərəliliyin təmin olunmasını, beynəlxaq təcrübə nəzərə alınmaqla, əsaslı təkmilləşdirilmə işlərinin aparılmasını zəruri hesab edir.
Beynəlxalq Valyuta Fondu, həmçinin hökumətə dövlət şirkətlərinə illərdir ki, davamlı olaraq büdcədən ayrılan subsidiyaların da dayandırılmasını, ümumiyyətlə, dotasiya və subsidiyaların birdəfəlik ləğvini də təklif edir. Bu məsələdə hökumətin mövqeyi Fondla, demək olar ki, üst-üstə düşür. Hökumət dövlət şirkətlərinə büdcədən ayrılan subsidiyaların tədricən azaldılaraq yaxın illər ərzində tamamilə ləğvinin tərəfdarıdır. Son illərdə bir sıra dövlət şirkətlərinə, o cümlədən, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərenerji”yə büdcədən ayrılan subsidiyaların məbləğinin azaldılmasında da məqsəd kommersiya xidmətləri göstərən həmin şirkətlərin öz gəlirləri hesabına xərclərini qarşılamasının təmin edilməsi və bununla da dövlətdən ələbaxımlılığın aradan qaldırılımasıdır. Hökumət hesab edir ki, subsidiyalar yalnız iqtisadi fəaliyyətlə bağlı olan sahələrə, xüsusilə də biznes və aqrar sektorlara verilməli, dövlət şirkətləri özləri öz təsərrüfat xərclərini göstərdikləri xidmətlərdən əldə etdiyi qazanc hesabına bağlamalıdır. Eləcə də rayonlara büdcədən ayrılan dotasiyaların da ləğvi hökumətin büdcə siyasətində əsas yerlərdən birini təşkil edir. Əslində son illərdə dövlət büdcəsindən dotasiya alan rayonların sayı kəskin şəkildə aşağı düşüb. Məsələn, 2012-ci ilə kimi yalnız Bakı şəhəri öz xərclərini yerli gəlirlər hesabına təmin edə bilirdisə, 2013-cü ildə Sumqayıt şəhəri və Abşeron rayonu da bu sıraya da daxil oldu. 2015-ci ildə isə büdcə  dotasiyalarından xilas olan və xərclərini öz gəlirləri hesabına təmin edən şəhər və rayonların sırasına Şirvan, Mingəçevir şəhərləri və İmişli rayonu da daxil oldu. Bu siyahı növbəti illərdə daha da böyüdü və 2022-ci ildə dotasiya almayan rayonların sayı 50-yə çatıbdır. Hazırda Naxçıvan Muxtar Respublikası və 15-dən artıq rayon dotasiya əldə edir ki, onların da yaxın illərdə xərclərini öz gəlirləri hesabına təmin etməsi qarşıya qoyulub.
Beləliklə, hökumətin yürütdüyü siyasət BVF-nin tövsiyə etdiyi bəzi istiqamətlər üzrə uzlaşsa da, vergi güzəştlərinin tamamilə ləğvi barədə təkliflərin qəbul olunması hazırkı reallığa uyğun deyil.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: