Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ermənilərə 104 il əvvəl verilən dərs

Azərbaycan xalqı hər zaman Osmanlı şəhidlərini hörmət və ehtiramla yad edir və edəcək.

14.09.2022 11:00
130
A+
A-

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bu möhtəşəm və tarixi qələbə haqqında müxbirimizə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov danışdı. Bildirdi ki, 1918-ci ildə tarixi proseslər çox sürətlə cərəyan edirdi. Dünyada baş verən siyasi proseslər Qafqazdakı vəziyyətə də təsir göstərirdi. Birinci Dünya müharibəsindən yarımçıq çıxmış rus ordusunun bir neçə cəbhədə başıpozuq vəziyyətdə fəaliyyət göstərməsi, ermənilərin Şərqi Anadoluda, martın 31-də Azərbaycanda törətdikləri soyqırımlar Osmanlı dövlətini Qafqazla bağlı  siyasətinə yenidən baxmağa məcbur etdi. Bununla da 1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Bu təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirirdi.

1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Qafqazda türk və İslam əhalisinin yaşadığı bölgələrdə təşkilatlar yaratmaq və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün Nuru bəyin təşkil etdiyi nümayəndə heyətinin Azərbaycana göndərilməsi Ənvər paşa tərəfindən məsləhət görüldü.

Qeyd edim ki, 1918-ci ilin aprel ayından, yəni mart soyqırımından sonra Bakı şəhəri, demək olar ki,  “Bakı Soveti” adlanan qurumun nəzarətində idi. Quruma S.Şaumyan rəhbərlik edirdi. Aprel ayının 25-də artıq Şaumyanın rəhbərliyi ilə yeni- Bakı Xalq Komissarları Soveti adlanan qurum yarandı. Bura elə erməni sovet hökuməti idi. Tərkibində 8 millətin nümayəndəsi olsa da, 50 faizindən çoxunu  ermənilər təşkil edirdi.  2 nəfər isə simvolik olaraq azərbaycanlı təmsil olunurdu. Və 1918-ci il may ayının 1-də Bakı Xalq Komissarları Sovetinin bəyannaməsi elan olundu. Həmin bəyannamədə qeyd edilirdi ki, Rusiya bolşevik hökumətinin bütün qərarları Bakı Xalq Komissarları Soveti üçün vacibdir. Bu qurum neft sənayesini və Xəzər Ticarət Donanmasını milliləşdirdi. Milliləşdirmə siyasəti nəticəsində qardaş yardımı adı ilə əvəzi ödənilmədən Bakı şəhərindən Sovet Rusiyasına 1.3 milyon ton neft və neft məhsulları göndərildi. Bunun əvəzində Lenin Bakının dırnaqarası müdafiəsini, Osmanlı qoşunlarının Bakıya daxil olmasının qarşısını almaq üçün 4 zirehli avtomobil, 13 təyyarə, minlərlə şəxsi heyəti olan hərbi dəstələr göndərdi. Artıq aprel ayında S.Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin 18 min nəfərdən ibarət əsgər heyəti var idi. Bunun da 13 minini ermənilər təşkil edirdi. Bolşeviklər sovet hakimiyyətini Bakı ətrafındakı ərazilərdə yaymaq üçün  hərbi əməliyyatlara başlamışdı. Lənkəranda, Şamaxıda, Salyanda, Kürdəmirdə, Qubada sovet hakimiyyətini qurdular. Bu elə bir dövr idi ki, artıq Zaqafqaziya seymi fəaliyyətini dayandırmışdı və Zaqafqaziya Demokratik Federativ Respublikası yaranmışdı. Bura isə 3 müstəqil dövlət daxil idi: Azərbaycan, Gürcüstan və  Ermənistan. Amma bu da uzun müddət fəaliyyət göstərə bilmədi. Çünki tərkibinə daxil olan ölkələr arasında iqtisadi əlaqələr yox idi və eyni zamanda Azərbaycan və Ermənistan arasında ərazi iddiası var idi. Ona görə də 1 ay sonra mayın 26-da Gürcüstan Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibindən çıxdı və bununla da  qurum fəaliyyətini dayandırdı. 1918-ci il mayın 28-də isə Azərbaycan öz müstəqilliyini elan elədi. Həmin vaxt Nuru paşanın rəhbərlik etdiyi Osmanlı ordusu artıq Gəncə şəhərində idi.

Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz- Alacücə yolu ilə hərəkət edərək mayın 20-də Araz çayına çatdı, Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu.

Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər marşrutu ilə Yevlaxa gəldi. O, Qafqaz İslam Ordusunun qərargahının Nuxada (indiki Şəkidə. red.) yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşanı qərargahını Gəncədə təşkil etməyə məcbur etdi. Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Qısa vaxtda Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə əmin-amanlıq yaratdı.

Bunun ardınca Nuru paşa qoşunun bir hissəsini Naxçıvan - Ordubad bölgəsinə göndərdi. Özü rəhbərlik etdiyi dəstə ilə də Cəbrayıl, Ağdam, Tərtər marşurutu ilə Yevlaxa çatdı. Maraqlı bir məqamı deyim ki, iyun ayının 4-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə Osmanlı dövləti arasında Batumi müqaviləsi imzalanmışdı və bu müqavilə tarixə AXC-nin imzaladığı ilk müqavilə kimi düşüb. Müqaviləyə əsasən Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olacağı təqdirdə Azərbaycan hökumətinə silahlı qüvvələrlə yardım etməyi öz üzərinə öhdəlik kimi götürdü. Məqam isə bu anda yetişmişdi. Müqavilə imzalandıqdan sonra bolşeviklər artıq Gəncə istiqamətində hücuma keçdilər. İyun ayının 16-da hücumdan bir neçə gün sonra Azərbaycan hökuməti məcbur olub Gürcüstanın tələbi ilə Tiflisi tərk etdi və Gəncə şəhərinə yerləşdi. Gəncə müvəqqəti paytaxt elan olunmuşdu və Bakı işğaldan azad olunandan sonra sentyabrın 17-nə kimi belə davam etdi.

Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi.

Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması əldəqayırma şəhər hökumətinin tezliklə süqut edəcəyinə inamı artırırdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər.

İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. S.Şaumyan çox yaxşı başa düşürdü ki, Osmanlı hücumları qarşısında duruş gətirə bilməyəcək. Beləliklə, iyunun 31-də S.Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Soveti istefa verdi və hakimiyyət tərkibi daşnaklar, menşeviklərdən ibarət Sentrokaspi diktaturasının əlinə keçdi. Bu hökumət dərhal ingilisləri Bakıya dəvət etdi.

Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi altında Ənzəlidəki ingilis qoşunlarının kiçik bir dəstəsi Bakıya gəldi.  Onların sayı 1500 nəfər idi. Lakin onlar başa düşdülər ki, bu ordu ilə Bakını Osmanlı ordusunun və Azərbaycan birləşmiş qoşunlarının hücumlarından qoruya bilməyəcəklər və ona görə də sentyabrın 1-də ingilis əsgərləri şəhərdən çıxarıldı. Osmanlı ordusunun və Azərbaycan birləşmiş qoşunlarının Bakını bolşevik-daşnak işğalından azad etməsi o dövrdə Bakı şəhərində, sözün həqiqi mənasında, əsl bayrama səbəb oldu. 

Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Milli Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən H.Z.Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi. İndiki Dövlət Filarmoniyasında böyük ziyafət təşkil etdi. Osmanlı ordusunun komandanı Nuru Paşaya və cəsur sərkərdələrinə hədiyyələr təqdim etdi.  Onu da qeyd edim ki, Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyat zamanı təxminən 1130 şəhid vermişdi. Bu gün Bakının ən görməli yerlərindən birində-Şəhidlər xiyabanının yanında Türk əsgərlərinin şərəfinə ucadılmış  abidə var. O abidədə 1130 şəhidin hər birinin adı dəmir lövhələrdə həkk olunub və Azərbaycan xalqı hər zaman Osmanlı şəhidlərini hörmət və ehtiramla yad edir və edəcək.

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto