Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının IX qurultayında çıxışı

.

14.09.2022 11:14
21
A+
A-

-Hörmətli Rəyasət Heyəti!

Hörmətli qurultay nümayəndələri və qonaqlar!

İcazə verin, Sizi - Ümumhəmkarlar İttifaqları Konfederasiyasının IX qurultayının iştirakçılarını - Azərbaycan həmkarlar ittifaqları adından səmimi və ürəkdən salamlayım və qurultaya səmərəli və konstruktiv iş arzulayım.

Hörmətli həmkarlar!

Tam əminliklə demək olar ki, 30 il əvvəl yaradılmış Ümumhəmkarlar İttifaqları Konfederasiyası bu gün dünya həmkarlar ittifaqları birliyinin ayrılmaz hissəsidir və bütün Birlik dövlətlərinin üzv təşkilatlarının maraqlarını layiqincə təmsil edir. Konfederasiya parlamentlərarası, dövlətlərarası və hökumətlərarası orqanlarda uğurla fəaliyyət göstərir.

Ötən dövrdə biz birgə səylərlə başlıca məqsədə - MDB ərazisində həmkarlar ittifaqları hərəkatının ümumiliyinə, onun sosial məsələlərin həllinə təsirinin gücləndirilməsinə, ÜHİK-in dünya həmkarlar ittifaqları hərəkatında rolunun artırılmasına nail olduq.

Birgə fəaliyyətimiz zamanı ÜHİK nəinki öz təşkilatçılıq potensialını, həm də taktiki kamilliyini, vəziyyətə operativ reaksiya vermək bacarığını, mübarizə formalarının seçilməsinə yaradıcı yanaşmağı nümayiş etdirdi. Bizim ümumi mövqeyimiz həmişə ardıcıl və qətiyyətli olub.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatların əmək və sosial qanunvericiliyin təkmilləşdirilməsi işini daim əlaqələndirməyə, həmkarlar ittifaqlarının fəaliyyətinin bütün istiqamətləri üzrə hamımıza metodiki yardım göstərməyə çalışır.

Hörmətli nümayəndələr!

Parlamentlərarası Assambleya vasitəsilə BƏT-in muzdlu işçilər və həmkarlar ittifaqları üçün ən vacib olan 11 konvensiyasının MDB ölkələrinin parlamentlərinə təklif edilməsi təşəbbüsü tərəfimizdən dəstəklənib.

Azərbaycan BƏT-in prioritet təklif etdiyi bu konvensiyalara  (131, 132, 135, 144, 154, 183) qoşulmuşdur.

2020-2022-ci il üçün respublika hökuməti, sahibkarları və həmkarlar ittifaqları arasında bağlanmış Baş Kollektiv Sazişdə daha dörd konvensiyanın - 155, 168, 184, 187 ratifikasiya edilməsinin mümkünlüyü nəzərdə tutulur.

Bundan başqa, BƏT-in “Minimum sosial təminat normaları haqqında” 102 saylı Konvensiyasına uyğun olaraq Azərbaycanda müxtəlif qanun və qərarlarla bütün növ sosial müavinətlərin müəyyənləşdirildiyini nəzərə alaraq Baş müqavilədə həmin Konvensiyanın da ratifikasiyasının sürətləndirilməsi nəzərdə tutulur.

Ötən müddət ərzində Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. AHİK və onun üzv təşkilatları sosial tərəfdaşlıq çərçivəsində layiqli əmək və sosial bərabərliyə nail olmaq istiqamətində uğurlu tədbirlər həyata keçirirlər ki, bu da davamlı inkişafın əsas məqsədlərindən biridir.

Fikrimizcə, ən uğurlu beynəlxalq aksiyalardan biri ÜHİK-in və üzv təşkilatlarının aprelin 28-də Beynəlxalq Əməyin Mühafizəsi Günündə iştirakıdır. Uzun illərdir ki, Azərbaycan həmkarlar ittifaqları vahid tematik şüar altında kütləvi tədbirlər keçirir. Əməyin mühafizəsi üzrə ən yaxşı təşkilat müsabiqəsi təşkil etmək bizdə artıq ənənəyə çevrilib. Ötən müddət ərzində bu tədbirlərdə 16498 müəssisə və təşkilat iştirak etmiş, onlardan 481-i qalib adına layiq görülmüş, Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Regional hakimiyyət orqanları və işəgötürənlər ilə birlikdə muzdlu işçilərin sağlamlığının, əməyinin və təhlükəsizliyinin qorunması işinin təşkili ilə məşğul olan mütəxəssislər üçün bütün respublika üzrə təlim seminarları keçiririk.

Bundan başqa, AHİK-in əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işləri aparır, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görürlər. Təkcə ötən il 175 müəssisə və təşkilatda ictimai ekspertiza keçirilmiş, 692 pozuntu aşkar edilmiş və bunun 90% - ni aradan qaldırmaq mümkün olmuşdur.

Hörmətli qurultay iştirakçıları!

Pandemiya dövründə gərgin maliyyə, iqtisadi böhran şəraitində ölkədə aparılan çevik, praqmatik siyasət nəticəsində Azərbaycanda xarici iqtisadi təsir neytrallaşmış, nəzərdə tutulmuş bütün sosial-iqtisadi proqramlar tam icra edilmişdir ki, bu da iqtisadiyyatımızın durmadan artmasına gətirib çıxarmışdır.

Son dörd il ərzində respublikamızda həyata keçirilən sosial islahatlar 4 milyon vətəndaşımızı əhatə etmişdir.

Bu islahatlar çərçivəsində minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata, minimum pensiya isə 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manat, yaşa görə pensiya isə 395 manat olub. Sosial ödəmələr 34 faiz artırılmışdır. Bu, sosial siyasətin yaxşılaşdırılması üzrə ardıcıl proqramın bir hissəsidir.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də layiqli əməkhaqqına nail olmaq istiqamətində görülən məqsədyönlü işlərdir.

COVID-19 pandemiyası dövründə “minimum əməkhaqqı - yaşayış minimumundan aşağı olmayan səviyyəyə” kampaniyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi.

Azərbaycan həmkarlar ittifaqları respublikada minimum əməkhaqqının 300 manat səviyyəsinə qaldırılaraq, orta aylıq əməkhaqqının 60 faiz həddinə çatdırılmasını hökumətin Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi yolunda mühüm addım hesab edir.

Sizin diqqətinizi bir məsələyə yönəltməyi vacib hesab edirəm. Bu gün ən vacib problemlərdən biri sosial cəhətdən ədalətli əmək müqavilələrinin formalaşdırılmasıdır. Əgər iqtisadiyyatın formal sektorunda əmək münasibətləri kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənirsə, qeyri-formal sektorda bu, mümkün deyildir.

Hazırda ölkəmizdə muzdlu işçilərin sayı 29 min nəfər artaraq 1 milyon 706 min nəfər təşkil etmişdir. Bu gün iqtisadiyyatda muzdlu işçilərin sayı cəmi 34% təşkil edir.

Sosial tərəfdaşlarımızla birlikdə, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində, “2022-2026-cı illər üçün Layiqli Əmək Proqramı” layihəsinin hazırlanmasına nail olmuşuq və bizim təşəbbüsümüzlə layihəyə, həmçinin qeyri-formal məşğulluq probleminin həlli yolları və mexanizmləri də daxildir. Eyni zamanda qeyri-formal məşğulluğun səviyyəsini azaltmaq üçün biz maarifləndirici və təlimatverici tədbirlər həyata keçiririk. Həmkarlar ittifaqı fəaliyyətinin müxtəlif istiqamətləri üzrə analitik tədqiqatlar aparılmışdır. Bu materiallar üzrə AHİK 500-dən çox həmkarlar ittifaqı fəalının iştirakı ilə seminarlar keçirmişdir.

Hörmətli qurultay nümayəndələri!

Bu gün biz ənənəvi olaraq yaxın illər üçün ÜHİK-in fəaliyyətinin perspektivlərini müəyyən etməliyik. Fikrimcə, ÜHİK həmkarlar ittifaqlarının gələcəyi naminə milli həmkarlar ittifaqları mərkəzlərini və beynəlxalq həmkarlar ittifaqları birliklərini birləşdirməkdə və möhkəmləndirməkdə davam etməlidir.

İctimai münasibətlərin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunun nə qədər əhəmiyyətli, nə qədər səmərəli olacağı, öz başlıca məqsədlərini - işçilərin əmək və sosial-iqtisadi mənafelərini, xüsusilə gərginlik şəraitində, müdafiə edə biləcəyi şübhə doğurmur. Bu şərtlər daxilində həmkarlar ittifaqlarından fəaliyyət forma və metodlarının ciddi şəkildə yenidən qiymətləndirilməsi tələb olunur. Biz yeni çağırışlara, o cümlədən qlobal çağırışlara adekvat cavab tapmalıyıq.

AHİK-in İcraiyyə Komitəsi və qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqları nümayəndələri ÜHİK-in fəaliyyətini müsbət qiymətləndirir və ÜHİK Şurasının fəaliyyətini qənaətbəxş hesab etməyi və ÜHİK-in Nəzarət-Təftiş Komissiyasının hesabatını təsdiq etməyi təklif edirlər.

Hörmətli nümayəndələr!

Bu gün biz birlikdə ÜHİK-in rəhbər orqanlarının yeni tərkibini seçəcəyik. İcazə verin, onlara səmərəli iş və ümumi işlərimiz naminə uğurlar arzulayım.

Diqqətinizə görə sağ olun!

ETİKETLƏR: