Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Su ehtiyatları ilə sudan istifadəçilər arasında münasibət  kökündən dəyişdirilməlidir

.

14.09.2022 12:26
107
A+
A-

Müşahidə edilən iqlim dəyişmələri , dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarının azalmasına səbəb olur. Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üzləşir. Azərbaycan da şirin su çatışmazlığı ilə üzləşən ölkələr sırasına daxildir. Cənubi Qafqazda şirin su resurslarının cəmi 10%-i bizim payımıza düşür. Dünyada şirin su çatışmazlığının tədricən dərinləşməsi bütün bəşəriyyəti düşündürür. Vəziyyətin təhlükəli hal alması vətəndaşlarımızı narahat edir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bu problemin yaranmasında son zamanlar aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, çay hövzələri daxilində meşə örtüyünün məhv edilməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsinin əsas rol oynadığını vurğuladı.

Dedi ki, hazırda qlobal iqlim dəyişikliyinin su ehtiyatlarının azalmasına səbəb olduğu dövrdə sanki bundan xəbərsizmiş kimi hələ də içməli sudan qanunsuz və israfçılıqla istifadə edənlər var. Ötən il 14 mindən çox belə fakt aşkara çıxarılmışdı.

A.Cəbrayıllı həyət evlərinin bağçalarının, parkların, güllərin, qazonların suvarılmasında  hələ də ənənəvi üsuldan istifadə edildiyini təəssüf hissi ilə bildirdi. Əlavə etdi ki, çox vaxt bağbanlar rezin boruları  açıq qoyub gedirlər. Bu da suyun birbaşa axaraq kanalizasiya xəttinə getməsinə və gölməçələr yaranmasına səbəb olur. Nəzərə alsaq ki, burada mütərəqqi üsullar, yeni və müasir texnologiyalar var. Damcı, həmçinin çiləmə üsulundan  istifadə etməklə su sərfini dəfələrlə azaltmaq olar. Eyni zamanda  məişət işlərində daha çox qabyuyan, paltaryuyanlardan istifadə olunmalıdır.  Vətəndaşlarımız maşınları həyətlərində deyil, avtoyuma məntəqlərində  yudurtsalar, daha məqsədəuyğun olar. Avtoyuma məntəqələrində isə  suyun  ilkin yumadan sonra rezervuarlara toplanması, sonra onun çökdürülməsi, daha sonra ən azı həmin sudan ilkin  yumada istifadə olunmasına diqqət yetirilməlidir.  Hazırda bir çox ölkədə  böyük anbarlar tikilib, onlara yağış suları toplanır və sonra onlardan suvarmada istifadə edilir.  Ölkəmizdə də bu örnəkdən istifadə edilə bilər.

Onu da qeyd edim ki, Bakıda yaşıllıqların böyük əksəriyyəti  əhaliyə verilən içməli su hesabına suvarılır.  Alternativ mənbə olmadığından içməli sudan suvarma üçün istifadə edirlər. Ən çox itki də məhz bu zaman baş verir. Məsələn, Bakı ərazisinə qış aylarında saniyədə 11 kubmetr su veririksə, yay aylarında bunu 15-16 kubmetrə qədər artırırıq. Yəni 50%-dən çox artım olur. Lakin bunun hamısı məişət tələbatının ödənilməsinə yox, suvarma məqsədilə istifadə olunur. Sudan qeyri-qanuni istifadə isə ən çox Abşeron yarımadasında, Bakıətrafı ərazilərdə və yeni salınan yaşayış massivlərindədir. Çünki bunların bir çoxunda mərkəzləşmiş su şəbəkəsi qoyulmayıb və ya bir çoxunda su xətləri yoxdur.  Belə olan halda insanlar qonşudan su götürməklə sudan uçotsuz qeyri-qanuni şəkildə istifadə edirlər. Vətəndaşlarmız bunların hamısına diqqət etməlidir.

AMEA-nın Coğrafiya İnsitutunun direktoru  Ramiz Məmmədov hesab edir ki, problemin siyasi aspektlərinin həllinin vacibliyi respublikamızın mövcud su ehtiyatlarının 70%-ə qədərinin tranzit mənbələri hesabına formalaşmasından irəli gəlir. Yerli mənbələr hesabına formalaşan şirin su ehtiyatları hesabına hazırkı tələbatımızın ödənilməsi mümkünsüzdür. Dünyanın bir sıra ölkəsi, Özbəkistan, Tacikistan, Misir və sair dövlətlərarası münasibətlərini su ehtiyatları üzərində qurublar. Bu cəhətdən Azərbaycan Respublikası da tranzit su mənbələrimizdən istifadə edən ölkələrlə münasibətdə su ehtiyatları ilə bağlı problemləri davamlı şəkildə nəzərə almalıdır.

Lakin planetdəki vəziyyət getdikcə pisləşir. Hər il təxminən 6 milyon hektar ərazi səhralığa çevrilir. Su çatışmazlığının səbəb olduğu qeyri-kafi gigiyena şərtləri nəticəsində dünyada hər gün təxminən 6 min insan ölür. Suyun keyfiyyəti də pisləşir. Hər il insanlar tərəfindən 160 milyard kubmetr yeraltı su götürülür və 95%-ə qədər maye sənaye tullantıları su obyektlərinə tamamilə nəzarətsiz olaraq axıdılır. Çirklənmə geridönməz prosesə çevrilərsə, su bərpa olunmayan mənbələr kateqoriyasına daxil ola bilər.  Vəziyyətin nə qədər təhlükəli olduğunu nəzərə alıb daha çox qabaqlayıcı tədbirlər görülməlidir. Eyni zamanda vətəndaşlarımız da olduqca məsuliyyətli olmalı, boş yerə su sərf etməməlidirlər. Kənd təsərrüfatında əkinçiliyin strukturu su ehtiyatlarına uyğunlaşdırılmalıdır. Suya az tələbatı olan yeni sortların sahəsini artırmaq lazımdır. Su ehtiyatları ilə sudan istifadəçilər arasında münasibətlərin kökündən dəyişdirilməsi və müasir su  idarəçiliyinin tətbiq edilməsi vacibdir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: