Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial şəbəkələrdən vergi tutulmasına nəzarət artırılacaq

.

14.09.2022 13:14
90
A+
A-

Son dövrlər dünyanın əksər ölkələri “Facebook”, “Google”, “İnstagram”, “YouTube”, “TikTok” və digər sosial media resurslarının vergiyə cəlb edilməsi ilə bağlı hüquqi mexanizmlərin tətbiqini gücləndirməkdədir. Dünya ölkələrində sosial şəbəkələrin vergiyə cəlb olunması beynəlxalq və həmin ölkələrin öz milli vergi qanunvericiliyinə uyğun tənzimlənir. Avropa İttifaqı ölkələrində bu şəbəkələrdə istifadəçilərdən 20-25 faiz həddində ƏDV tutulur.

Azərbaycanda da bu məsələ ilə bağlı vəziyyətin araşdırılması aktuallaşıb. Vergi orqanı son aylarda sosial platformalarda aktivliyin xüsusi artmasını nəzərə alaraq bu sosial resurslar üzərində reklam və bu tipli materiallara görə gəlir əldə edən şəxslərin əməliyyatlarına nəzarəti artırmaq qərarına gəlib.

Qeyd edək ki, hazırda ölkəmizdə sosial şəbəkə platformalarında vergi mükəlləfiyyəti həm gəlir, həm də ƏDV üzrə tənzimlənir. Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. Həmin şəxslər ödəniş aparıldığı rübdən, sonrakı ayın 20-dən gec olmayaraq, ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq ƏDV ödəyicisi olan hüquqi şəxslər sosial şəbəkələrdə hansısa mal, xidmətlərin təqdim edilməsi zamanı reklam xarakterli gəlirlərindən 18 faiz ƏDV-yə cəlb edilir. Vergi agent bank tərəfindən avtomatik olaraq tutularaq büdcəyə yönəldilir. Həmin şəxslər də növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi”ni təqdim etməyə borcludurlar.

Məsələ ondadır ki, təkcə Azərbaycanda deyil, əksər ölkələrdə sosial şəbəkələr alış-veriş üçün əsas platformaya çevrildiyindən bu sahədə vergitutma mexanizmlərinin mürəkkəbliyi vergidən yayınma hallarına da yol açır. Xüsusilə də son illərdə informasiya texnologiyalarının hədsiz yeni üsullarının, rəqəmsal çeşidlərinin artması elektron ödəmələrin də müxtəlif kanallarının yaranmasına səbəb olur. Hazırda dünyada alış-satış üzrə ticarət edən kiçik biznes qruplarının fiziki olaraq satış ofisləri olmadığından onların əsas “mağazası” sosial platformalardır. Sosial resurslar bu gün elektron ticaərtin əsas mənbəyi kimi fiziki mağazalardan qat-qat çox müştəri auditoriyasına malik olmaqla gəlir gətirə bilən fəaliyyətlərini gündən-günə genişləndirir. Nəticədə imkanlar artdıqca, bu sahədə vergidən yayınma üçün müxtəlif gizli sxemlər meydana çıxır ki, bu da həmin sahəyə nəzarət tədbirlərinin artırılmasını vacib edir. E-ticarət internet şəbəkəsi üzərindən qurulduğu üçün onun sərhədləri də çox genişdir və vergitutma çox çətindir.

Vergi qanunvericiliyi bir sıra sahələrdə nağdsız ödənişlərin, o cümlədən elektron ticarətin inkişafı üçün müəyyən güzəşt və təşviqlər nəzərdə tutduğundan sosial mediadakı biznes qrupları bu güzəştlərin arxasında gizlənməyə çalışır. Ancaq bu o demək deyil ki, elektron ticarət əməliyyatlarından vergi tutulmamalıdır. Ölkəmizdə elektron ticarətin vergiyə cəlb olunması 2017-ci ildən etibarən həyata keçirilir. 2017-ci ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmasında 2 vergi növü müəyyən edilib. Birincisi, 10 % nisbətində ödəmə mənbəyində verginin tutulması, ikincisi, 18% -lik ƏDV-nin tətbiqi mexanizmidir. Bu sahədə vergi məsələləri Vergi Məcəlləsinin 125-ci, 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklərə əsasən tənzimlənir. Vergi Məcəlləsinin 125.1-1. maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın ölkəmizdəki filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Elektron pul kisəsi dedikdə burada fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı nəzərdə tutulur. Həmin proqram təminatı isə internet resurslarındakı sosial platformalara əsaslanır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən (Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələri), virtual məkanda, yəni sosial şəbəkələrdə alış-verişlər həm də ƏDV-yə cəlb edilir.

Sosial platformalarda əməliyyatlar üçün bank kartının olması mütləqdir. Ona görə də plastik kartlar vasitəsilə xaricdən elektron ticarət qaydasında aparılan iş və xidmətlərdən əldə edilən gəlirlərdən vergi banklar tərəfindən avtomatlaşdırılmış rejimdə tutulur. Bu əməliyyatlar zamanı banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini təmin edir. Beləliklə, sosial media üzərindən bu cür əməliyyatlar avtomatik olaraq vergiyə cəlb edilir və vergidən yayınmaq çətindir.

Ancaq burada bir məqam vardır ki, internet ticarətçiləri bundan sui-istifadə edirlər. Vergi qanunvericiliyinə əsasən, sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlər 18 faiz ƏDV-yə cəlb edilmədiyindən bəzi şəxslər də bundan sui-istifadə edərək vergidən yayınmağa çalışır. Belə ki, fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları bir sıra əməliyyatlar, məsələn, xaricdən malların alınmasına, xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə və fiziki olaraq xaricdən alınan (istehlak edilən) iş və xidmətlərə görə, ödənişlərdən isə banklar tərəfindən ƏDV tutulmur. Bu hallar bəzi onlayn satış platformalarının sahiblərinə fürsət verir və vergidən yayınmaq üçün qanunvericilikdə boşluqlardan sığortalanmağa çalışırlar.

Mövcud vəziyyət və təhlillər göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkə platformalarının e-ticarət qaydasında fəaliyyətində vergidən yayınma halları barədə kifayət qədər əsaslı dəlillər mövcuddur. Vergi mütəxəssisləri hesab edir ki, mövcud boşluqları aradan qaldırmaq üçün sosial platformalarda həyata keçirilən e-ticarətin tənzimlənməsinə ehtiyac vardır. Bu baxımdan rəqəmsal texnologiyaların inkişaf etdiyi ölkələrin sosial media şəbəkələrində vergututma təcrübələri öyrənməli və ölkəmizdə tətbiqi genişlənməlidir. Eyni zamanda tanınmış şirkətlərin bu və ya digər məhsullarının onların öz sərhədsiz informasiya alətləri vasitəsilə reklamları və digər işgüzar fəaliyyətləri nəzarətə götürülməli və vergiyə cəlb olunmalıdır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: