Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tələbələrin kirayə mənzil problemi nə vaxt həllini tapacaq?

.

14.09.2022 13:32
18
A+
A-

Bu gün ali təhsil müəssisələrində dərslər başlayır. Tələbələri hələlik ən çox narahat edən yaşayış yeridir. Lakin bu narahatçılığı aradan qaldırmaq hər tələbəyə nəsib olmayıb. Səbəb də kirayə mənzillərin haqqının valideynlərin gəlirləri ilə uyğun gəlməməsidir. Tələbələr bu problemlə hər tədris ilinin əvvəlində rastlaşırlar. Amma bu il münasib qiymətə mənzil tapmaq daha da çətinləşib. Çətinliyi Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bakıdakı söküntü işləri ilə əlaqələndirdi. Dedi ki, paytaxtın bir çox ərazilərində köhnə, çoxmənzilli yaşayış binaları sökülür. Həmin binalardakı ucuz qiymətə kirayəyə verilən mənzillər bazardan çıxır. Həmin binaların sakinləri özləri də söküntü zamanı kirayədə qalmağa məcbur olurlar. Bakıdakı köhnə binaların söküntüsu hələ uzun müddət, ən azı 2-3 il davam edəcək.

Mən hesab edirəm ki, tələbələrin ucuz kirayə mənzillərlə təminatında dövlətlə yanaşı, sahibkarlar da iştirak etməlidir. Bu sahədə Türkiyənin təcrübəsindən yararlanmaq olar. Hər hansı bir sahibkar böyük yataqxana kompleksi inşa edə bilmirsə, ilkin olaraq 30-40 tələbənin məskunlaşa biləcəyi kiçik daşınmaz obyekt əmlakı inşa edə bilər. Mən hesab edirəm ki, bu, sahibkarlar üçün kifayət qədər gəlir gətirən obyekt olacaq. Beləliklə, həm tələbələrin işi asanlaşacaq, həm də digər sahibkarların bu prosesə qoşulmasına təkan veriləcək.

Soruşa bilərsiniz ki, burada dövlətin üzərinə düşən əsas yük nədən ibarətdir? Hesab edirəm ki, dövlət bu istiqamətdə iş görmək istəyən sahibkarlara ilkin mərhələdə müəyyən vergi və digər güzəştlər edə bilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən onlara ucuz və aşağı faizli kreditlərin verilməsini təmin edə bilər.

Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hər il bölgələrdən Bakıya ali təhsil almağa gələn məzunların sayı 10 mindən çox olur. Lakin onların hamısını ali təhsil müəssisələrinin yataqxanalarında yerləşdirmək imkan xaricindədir.

Hazırda ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir və bunların 70-80 faizi Bakı şəhərindədir. Hər kursda 40 mindən çox tələbə təhsil alır. Bunu da 4 kursa vursaq edir 160 min nəfər. Buraya kollecdə təhsil alanları da gəlsək, bu rəqəm 80 min nəfəri ötür.

E.Əfəndi kirayə mənzillə bağlı yaranan digər vacib problemə də toxundu. Dedi ki, tələbələrin oxuduqları ali təhsil müəssisələrinin yaxınlığında deyil, daha uzaq məsafədə kirayə evlərdə qalması onların dərsə gecikməsinə səbəb olur. Təbii ki, toplanan qaiblər dərslərin keyfiyyətinə və imtahanların nəticələrinə mənfi təsir göstərir.

Ekspert çıxış yolunu bölgələrdə universitetlərin filiallarının yaradılmasında görür.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: