Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyənin  KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

.

22.09.2022 11:13
20
A+
A-

Sentyabrın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov və KAMU-SEN Konfederasiyasının sədri      Öndər Kahveci nümayəndə heyətləri ilə birgə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğul və qızlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Qonaqlar həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsinə ehtiram göstərilib.

Bakının ən hündür zirvəsindən şəhərin mənzərəsini seyr edən nümayəndə heyətinə paytaxtda aparılan quruculuq işləri barədə məlumat verilib.

Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev qurumun binasında türkiyəli həmkarları ilə görüşüb. Görüşdə çıxış edən AHİK sədri deyib, ortaq dəyərlərə malik olan Azərbaycan-Türkiyə əməkdaşlığı möhkəm təmələ söykənmişdir. Bugünkü  görüşümüz də bunun əyani sübutudur. Bu gün mən çox xoşbəxtəm ki, sizinlə, türk qardaşlarımla bir yerdəyəm. Bizim mənəvi yaxınlığımız xalqlarımızın qarşılıqlı şəkildə gələcəyə ümumi inamını daha da möhkəmləndirir. Elə buna görə də hər iki qardaş ölkənin həmkarlar ittifaqı təşkilatları həmkarlar ittifaqına xas olan fəaliyyət metodlarından və imkanlarından istifadə edərək xalqlarımızın və ölkələrimizin çiçəklənməsi naminə əllərindən gələni edirlər.

Bütün dünyaya nümunə olan və daim güclənə

n Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafı türk dünyasını daha sıx şəkildə bir araya gətirir. Dövlətlərimiz arasında qardaşlıq münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Ulu Öndər H.Əliyevin “Bir millət, iki dövlət”,Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsipinə çevrilmişdir. Sevindirici haldır ki, bu qardaşlıq hər iki ölkənin həmkarlar ittifaqlarının fəaliyyətində də parlaq şəkildə özünü göstərir.

Zamanın dünya həmkarlar ittifaqı hərəkatı qarşısında qoyduğu yeni vəzifələr bizdən həmrəyliyimizi gücləndirməyi, səmərəli təcrübə mübadiləsini genişləndirməyi tələb edir, işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi yönümündə pozitiv nəticələr əldə etmək üçün geniş imkanlar yaradır.

Bu gün dünya çox böyük problemlərlə üzləşir. COVID-19 pandemiyası, iqtisadi böhran, Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibə, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi nəinki bizim, bütün dünya həmkarlar ittifaqı hərəkatının fəaliyyətində radikal dəyişikliklərin həyata keçirilməsini tələb edir. Belə olan şəraitdə biz birliyimizi möhkəmləndirməli, bütün ölkələrin həmkarlar ittifaqları dünyada işçilər üçün sərfəli olmayan tendensiyalara qarşı qətiyyət göstərməlidir. Beynəlxalq həmrəylik olmadan bunların öhdəsindən gəlmək olmaz. Yalnız birlikdə, birgə səylərlə aclıq, işsizlik, qadınların, qocaların və gənclərin diskriminasiyası, insan alveri, miqrasiya, müharibənin yaratdığı çoxsaylı çətinliklər, ekoloji təhlükə kimi problemlərin qarşısını müəyyən qədər almaq olar. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üzvü kimi humanizm və yaşam naminə belə tədbirlərin önündə gedir. Bildiyimiz qədər KAMU-SEN də Türkiyənin digər həmkarlar ittifaqı təşkilatları kimi problemlərin həllində fəal iştirakı ilə öz üzvləri arasında nüfuzunu daha da artırmışdır.

S. Möhbalıyev sonra deyib, Sizə məlumdur ki, 2020-ci il Azərbaycan torpaqlarının 30 illik erməni işğalındən azad edildiyi ildir. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində qələbə qazandı.

Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğaldan azad etdi. 10 noyabr 2020-ci ildə işğalçı Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur edildi.

Təbii ki, bu qələbədə qardaş Türkiyənin vacib bir payı vardır. Türkiyə bütün imkanları ilə döyüşlərin ilk günündən etibarən Azərbaycanın ədalətli mübarizəsinə dəstək verdi. Türkiyə Prezidenti, Türkiyə Böyük Millət Məclisi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və mətbuat nümayəndələri də daxil olmaqla, bütün  türk xalqından böyük həmrəylik gördük.

Hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu müharibədə yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu dünyaya bəyan etdi. Eyni zamanda Rəcəb Tayyib Ərdoğanın Ali Baş Komandan İlham Əliyevlə birlikdə Zəfər Paradını qəbul etməsi bütün dünyaya ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha göstərdi.

İyunun 15-də Azərbaycan üçün çox vacib bir gündə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan erməni işğalından azad edilən Şuşaya tarixi bir səfər etdi və Ali Baş Komandan İlham Əliyevlə tarixi bir Bəyannamə imzalandı. Tarixə Şuşa Bəyannaməsi kimi düşən bu sənəd Azərbaycan və Türkiyə müttəfiqliyinin bütün dünyaya nümayişi idi.

Hörmətli qardaşlar!

Bildiyiniz kimi, sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Sentyabrın 13-14-də davam edən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun bölmələri böyük qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib.

Döyüşlər zamanı Silahlı Qüvvələrimizi

n ümumilikdə 80 hərbi qulluqçusu Şəhidlik zirvəsinə ucalıb, 282 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təəssüf ki, Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddə təcavüzkar dövlət tərəfindən törədilən bu hərbi təxribatı daim sülh çağırışları ilə çıxış edən Azərbaycanın üzərinə qoymaq cəhdləri vardır. ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistanda səfərdə olarkən birtərəfli mövqe nümayiş etdirərək Ermənistanın 30 illik işğal siyasətini  yada salmaq əvəzinə, Azərbaycanı “təcavüzkarlıqda”, Turkiyəni isə Azərbaycanı müdafiə etməkdə təqsirləndirdi. Dünyanın gözü qarşısında uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlayan, soyqırımlar törədən, sakinləri öz ata-baba yurdundan didərgin salan, terrorçu bir dövlət, görəsən, hansı arqumentlərlə xanım Nensi Pelosini inandırıb ki, Azərbaycanın və Türkiyənin əleyhinə belə fikirlər səsləndirir.

Bu gün bütün dünya xəbərdardır və görür ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə abadlıq-quruculuq işləri aparır, uzun illər hüquqları pozulmuş sakinlərin həmin ərazilərə qayıtması üçün əlindən gələni edir. Ermənistan isə öz dəyişməz xain xislətinə uyğun olaraq prosesi ləngitməyə çalışır, son illər Ermənistanda istehsal olunan minalarla terror törədir, silahlı təxribatlara əl atır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Qarabağımızı dünyanın ən gözəl guşələrindən birinə çevirmək üçün uğurlu layihələrin icrasına başlanmışdır. Türk və Azərbaycan şirkətləri avtomobil və dəmir yollarının yenidən qurulması və başqa layihələrdə birgə fəaliyyətlərini davam etdirməkdədirlər. Qarabağın hər yerində tikinti-quraşdırma işləri uğurla davam etdirilir. Bu işlərin qısa bir vaxt ərzində həyata keçirilməsi Qarabağa yeni bir nəfəs gətirəcəkdir.

Səttar müəllim sədri olduğu qurumun fəaliyyəti haqqında bəzi məqamları da qonaqların diqqətinə çatdırıb. Bildirib ki, AHİK beynəlxalq həmkarlar ittifaqlarının tərkib hissəsi kimi beynəlxalq həmkarlar ittifaqı qurumları ilə yüksək səviyyədə əməkdaşlıq edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dünyanın ən böyük həmkarlar ittifaqı mərkəzi olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının, eyni zamanda Pan Avropa Regional Şurasının vitse-prezident vəzifələrini icra etməkdəyik. AHİK əvvəllər mövcud olmuş MDB məkanında olan bütün ölkələrin, Türkiyə, İsrail, Yaponiya, Pakistan, Şimali Kipr, Fransa, Almaniya, Çin, Bolqarıstan, İraq, Norveç, Misir, Belçika, Polşa və digər xarici ölkələrin həmkarlar ittifaqları ilə mehriban əməkdaşlıq və faydalı dostluq münasibətləri qurmuş, bu təşkilatlarla uzun sürən yazışmalar aparmış, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, dünya həmkarlar ittifaqlarında gedən proseslər barəsində informasiya mübadiləsini təşkil etmişdir. Eyni zamanda üzv təşkilatlarımızın da əksəriyyəti müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqlarının üzvüdürlər. Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqı fəallarının maarifləndirilməsi sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları və Ümum Həmkarlar İttifaqları konfederasiyalarının mütəxəssislərinin iştirakı ilə mütəmadi olaraq seminarlar və konfranslar keçirməklə, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bizim üçün xoşdur ki, ev sahibliyi etdiyimiz tədbirlərdə sizin də nümayəndələriniz daim fəal iştirak ediblər. Bütün bunlarla yanaşı, AHİK Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası və onun bəzi üzv təşkilatları, Ukrayna, Tacikistan, Albaniya, Moldova, Gürcüstan, Türkmənistan və təbii ki, Türkiyə həmkarlar ittifaqları birlikləri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında memorandumlar imzalamışdır.

 

Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikamızda fəaliyyət göstərən ən böyük qeyri-hökumət təşkilatıdır və çox geniş struktura malikdir. Bu gün AHİK öz ətrafında 3 həmkarlar ittifaqı federasiyasını, 23 sahə həmkarlar ittifaqlarını, bir vilayət həmkarlar ittifaqları şurasını (Naxçıvan) birləşdirir.

Konfederasiyanın tabeliyində AHİK - in orqanı olan “Ülfət” qəzeti, “Kurort” Qapalı Səhmdar Cəmiyyəti, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Turizm və Ekskursiyalar Şurası, “Azərkolxozlararasısağlamlıq”  Respublika Birliyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası fəaliyyət göstərir.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində altı müalicə sanatoriyası üzvlərimizin xidmətindədir. Bununla yanaşı, AHİK-in üzv təşkilatlarından Rabitə, Dəmiryolu, Dövlət, Təhsil, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı öz vəsaitləri hesabına istirahət mərkəzləri tikərək sahə həmkarlar ittifaqı üzvlərinin istifadəsinə vermişdir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının inşa etdirdiyi istirahət mərkəzinin isə yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. “Kurort” QSC-nin, sahə həmkarlar ittifaqı birliklərinin istirahət mərkəzlərində və AHİK-in maliyyə vəsaiti ilə özəl istirahət və müalicə müəssisələrindən alınan digər yollayışların hesabına hər il 100 mindən çox həmkarlar ittifaqı üzvünün istirahət və müalicələri təmin edilir.

Son illərdə AHİK-in təşəbbüsü ilə Azərbaycan Respublikasının “Həmkarlar ittifaqları haqqında” və digər qanunlarında işçilərin mənafelərinin qorunması ilə bağlı bir sıra dəyişikliklər edilmişdir. Bu gün Azərbaycanda heç bir işçi, mülkiyyət formasından asılı olmayaraq, həmkarlar ittifaqı təşkilatlarının razılığı olmadan işəgötürənin istəyi ilə işdən çıxarıla bilməz. Bundan başqa, üzvlük haqlarının dörd gün içində həmkarlar ittifaqının hesabına yatırılması ilə əlaqədar Azərbaycan Respublikası “Həmkarlar ittifaqları haqqında” Qanununa müvafiq dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan Baş Kollektiv Sazişin layihəsinin hazırlanması da AHİK-in işçi qrupu tərəfindən həyata keçirilir.

Əziz dostlar!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizdə həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq proqramlarına qoşulur, dövlət başçısının sosial sahədəki siyasətinə və çağırışlarına daim dəstək olur.

AHİK dünyanı bürüyən pandemiya, Vətən müharibəsi və sonrakı dövrdə ölkəmizdə həyata keçirilən bütün sosial layihələrdə yaxından iştirak edir. Respublikanın bayramlarında və əlamətdar günlərdə şəhid ailələrinə, qazilərə və digər həssas qruplardan olan vətəndaşlarımıza tərəfimizdən hədiyyələr, sovqatlar, yardımlar paylanılır. Vətən müharibəsində yaralanan qazilərin və şəhid ailələrinin sosial problemlərinin həllinə yardımçı olmaq və ölkə başçısının müvafiq qərarlarına dəstək məqsədi üçün yaradılan xeyriyyə fondlarına (Yaşat, Dirçəliş, Silahlı Qüvvələrə Yardım) AHİK-in qəbul etdiyi müvafiq qərarlar əsasında, 2020-ci ildən bu günə kimi ümumilikdə 30 milyon manata yaxın vəsait xərclənmişdir.

Bunlar işimizin bəzi nümunələridir. Bu qəbildən olan nümunələrin sayı olduqca çoxdur. Vaxtınızı bu məsələlərlə almaq istəmirəm.

S.Möhbalıyev çıxışının sonunda türkiyəli həmkarlarına  Bakı şəhərində keçirəcəkləri İdarə Heyətinin yığıncağına uğurlar arzulayıb. İnandığını bildirib  ki, yığıncağın qəbul edəcəyi qərarlar beynəlxalq miqyasda həmkarlar ittifaqları hərəkatının aktual məsələləri ilə uzlaşacaq, həmkarlar ittifaqlarının inkişafı ilə əlaqədar aparılan təcrübə mübadiləsinin daha da genişlənməsi üçün imkanlar yaradacaqdır.

Türkiyə KAMU-SEN Genel Başkanı Önder Kahveci çıxışına səmimi qonaqpərvərliyə görə təşəkkür bildirməklə başladı. Dedi ki, Azərbaycanı özümüzə doğma bilirik. Qarabağ problemi sizə nə qədər ağrı-acı yaşadırdısa,  bir o qədər də bizdə dərin kədər doğururdu. Şükürlər olsun ki, Qarabağın və digər işğal olunmuş ərazilərin azadlığa qovuşmasında hünər göstərən Azərbaycan Ordusu bir qəhrəmanlıq dastanı yazdı. Bu mənada Azərbaycan xalqını və hörmətli Prezident İlham Əliyevi alqışlayırıq.

44 günlük Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik.

O, sentyabr ayının 12-14-də Ermənistanın Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribatlar nəticəsində şəhid olanların yaxınlarına, o cümlədən Səttar Möhbalıyevə yaxın qohumunun şəhid olması ilə bağlı dərin hüznlə başsağlığı verdi. Yaralananların tezliklə şəfa tapmasını arzuladı.

Azərbaycan həmkarlar ittifaqlarının istər müharibə dövründə, istərsə də ondan sonrakı dönəmdə göstərdiyi böyük fəaliyyəti təqdir etdi.

Önder Kahveci genel başkanı olduğu qurum barədə də məlumat verdi. Dedi ki, Türkiyə Kamu-Sen ölkəmizdə ən böyük həmkarlar ittifaqı təşkilatlarından biridir. Beynəlxalq arenada nüfuz sahibinə çevrilmiş Azərbaycan həmkarlar ittifaqı ilə qarşılıqlı əlaqələrimizin daha da möhkəmlənməsində israrlıyıq.

Dünyada Azərbaycanın haqq səsinin tanınması üçün, Türkiyə olaraq, əlimizdən gələni əsirgəməyəcəyik. Necə ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib: “Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərini qurmaq istiqamətində apardıqları mücadilədə daim onların yanında olmağa davam edəcəyik”.

Bir şeyi də qeyd etmək istərdim ki, Anadoluda belə bir deyim var: “Türkün türkdən başqa dostu yoxdur”. Bu fikir bizim hər zaman fəaliyyətimizin əsasını təşkil etməlidir.

Azərbaycan və Türkiyənin bir millət, iki dövlət şüarı ilə hər sahədə əməkdaşlıq etdiyini vurğulayan Önder Kahveci həmkarlar ittifaqı sahəsində də hər zaman birgə çalışdıqlarını vurğulayıb. Əlaqələrimiz çərçivəsində sahə işçilərinin əmək hüququ, həmkarlar ittifaqlarının fəaliyyətləri, işçilərin iqtisadi-sosial maraqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsələ haqqında fikir mübadiləsi aparılaraq daha da təkmilləşdirilməsidir.

Önder Kahveci dövlətlərimiz arasında əlaqələrin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğunu və daim inkişaf etdiyini vurğulayıb.

Türk Tarım Orman-Sen Genel Başkanı Ahmet Demirci bildirib ki, bir neçə il bundan qabaq Bakıda AHİK-in nümayəndələri ilə görüşdə biz Qarabağın işğalı ilə bağlı məsələləri, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı fəaliyyətimizi müzakirə etmişdik. Biz məqsədli iş aparırdıq. Lakin dünya susurdu. Amma Azərbaycan Prezidenti İlham Əliyev nə etdi. Mahir siyasi düşüncəsi və qabiliyyəti sayəsində tarixi məqamı düzgün qiymətləndirdi. İllər boyu formalaşdırılan peşəkar Azərbaycan Ordusunun  hərbi qüdrəti ilə işğala son qoydu. Biz bunu yüksək qiymətləndiririk.

Əsas istəyimiz AHİK ilə olan əlaqələrimizin digər üzv təşkilatlarımız tərəfindən də möhkəmlənməsi, əməkdaşlıq münasibətlərimizin beynəlxalq həmkarlar ittifaqları sıralarında uğurla davam etdirilməsidir. 

Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Sonra hər iki təşkilatın rəhbəri jurnalistlərə müsahibə veriblər.

Sentyabrın 25-dək davam edəcək səfər müddətində türkiyəli qonaqlar paytaxtımızın tarixi və görməli yerləri ilə tanış olacaqlar.

 

Azər MUSTAFAYEV,

“ÜLFƏT” qəzeti

ETİKETLƏR: