Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Özünüməşğulluq proqramı - kiçik biznesə çıxış imkanı

.

22.09.2022 11:39
25
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır. Bu gün ölkəmizdə özünüməşğulluq proqramı çərçivəsində nə kimi işlər görülüb? Yəni bu proqram həqiqətən də özünü doğrulda bilirmi? Bu proqrama kimlər müraciət edə bilər?

Mövzu ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayevə və iqtisadçı-ekspert    Eldəniz Əmirova müraciət etdik.

Mayis müəllim öncə özünüməşğulluq proqramının mahiyyətindən bəhs etdi: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır. Özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Özünüməşğulluq  proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa mal və materiallar formasında aktivlər verilir”.

M.Musayev bildirdi ki, özünüməşğulluq proqramına, işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla, işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər: “Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq), istehsal və xidmət istiqamətləri üzrə natura şəklində aktivlər təqdim edilir. Proqramın icrası zamanı şəhid ailələrinin üzvləri, ünvanlı dövlət sosial yardım alan, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 1 ildən artıq işsiz kimi qeydiyyatda olan, pensiya yaşına 2 ildən az qalmış və cəzaçəkmə müəssisəsindən azad edilmiş işsiz şəxlər üstün hüquqa malikdirlər”.

Mayis müəllim dedi ki, proqramın əhatə dairəsinin genişləndirilməsi və yeni özünüməşğulluq istiqamətlərinin yaradılması məqsədilə beynəlxalq və yerli qurumlarla əməkdaşlıqlar həyata keçirilir. Bu əməkdaşlıqlardan biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilədir. Belə ki, ƏƏSMN və AHİK arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb: “Ötən il də həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi işlərinə Konfederasiya tərəfindən dəstək göstərilib. Bu dəstək çərçivəsində həssas qruplardan olan 27 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Həmin şəxslərdən 14-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır.

Bundan başqa, ƏƏSMN tərəfindən ötən ilin iyun ayından başladılan “Məşğulluq marafonu”na bu günədək, 352 dövlət, 309 özəl təşkilat olmaqla, 661 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona ümumilikdə 4648 vakansiya təqdim edilib”.

Eldəniz Əmirov Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 65 min 500 işsiz və işaxtaran şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu dedi: “Onlardan 20 min 700 şəxs münasib işlə təmin olunub, 9 min 694 şəxs özünüməşğulluq proqramına cəlb olunub, 32 min 357 şəxs peşəyönümlü xidmətlərdən yararlanıb, 2 min 786 şəxs isə peşə hazırlığına cəlb edilib.

Eyni zamanda məşğulluğun təmin olunması istiqamətində digər qurumlardan biri olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində müəyyən addımlar da atılır ki, bu da mikrosahibkarların yaradılmasıdır. Çünki bilirik ki, işsiz fiziki şəxslərin sonradan mikrosahibkara çevrilməsi eyni zamanda onların məşğulluğunun təmin olunması deməkdir.

Bundan başqa, Dövlət Məşğulluq Agentliyi ilə KOBİA arasında müxtəlif layihələr icra olunur və bu iki qurum birlikdə də məşğulluğun təmin olunmasında öz töhfəsini verir. Belə ki, artıq tamamlanmaq üzrə olan bir layihə haqqında demək istəyirəm. Ötən il Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə layihə başlanıldı.  “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” adlanan layihə çərçivəsində bu üç qurum birlikdə gənclərin peşə məktəblərini bitirdikdən sonra işlə təmin olunması, eyni zamanda mikrosahibkara çevrilməsi üçün icra edilən, həyata keçirilən bir layihədir. Respublikamızın müxəlif rayonlarından olan sonuncu kurs tələbələri bu layihəyə cəlb edilmiş, onlar öz peşə istiqamətlərinə uyğun olaraq təlimlər keçdikdən sonra KOBİA tərəfindən də təlimlərə cəlb olunmuşdur. Bu, onlara müvafiq istiqamətlər üzrə, lazım olanda biznes planının hazırlanması, fəaliyyət göstərmələri üçün yerlərlə təmin olunma məsələsində dəstəyin göstərilməsidir. Eyni zamanda bu məsələdə Dövlət Məşğulluq Agentliyi də həmin şəxsləri lazımi avadanlıqlarla təmin edir. Bir sözlə, bu layihə çərçivəsində peşə məktəbini bitirmiş 150-dən artıq gəncin məhz biznes fəaliyyətinə başlaması nəzərdə tutulur. Artıq layihə yekunlaşmaq üzrədir. Bu, çox gözəl bir addımdır. Sadəcə olaraq, bir sual yaranır: məşğulluqla təmin olunanlar sonradan fəaliyyətlərini davam etdirirlərmi, yoxsa Agentlik tərəfindən aldıqları avadanlıqları satırlarmı? Bax, bu, artıq fəaliyyətin izlənilməsi üçün geniş və böyük monitorinq məsələsini gündəmə gətirir.

Aliyə ARİFQIZI

ETİKETLƏR: