Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan dövləti xarici siyasətində milli maraqları üstün tutur

.

22.09.2022 12:12
74
A+
A-

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti Azərbaycan Prezidenti İlham Əliyevin qaldırdığı region əhəmiyyətli problemlərlə də diqqət çəkdi. Bu problemlərdən biri də Şərq və Qərbdən ötrü həyati əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan dövlətlərin, siyasi dairələrin törətdikləri əngəllər idi. Sammitdə səsləndirilən bu problemə münasibət necə oldu?

Bu sualla millət vəkili Fatma Yıldırıma müraciət etdik. Fatma xanım dedi ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə region ölkələri deyil, dünya ölkələri də, o cümlədən beynəlxalq təşkilatlar da qalib Azərbaycanla əlaqələri gücləndirməyə çalışırlar. Çünki bu amil ölkəmizin dünyada çəkisini daha da artırıb. Eləcə də Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərini özündə ehtiva edir. Zəngəzur dəhlizi layihəsi də yeni dönəmdə, Azərbaycanın yaratdığı reallıqlar fonunda gündəmə gəlib. Zəngəzur dəhlizi bütövlükdə Avropa və Asiya ölkələrinin iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsi baxımından olduqca vacib layihədir. Beynəlxalq ekspertlər də bu dəhlizin önəmindən dəfələrlə bəhs ediblər. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlığın genişlənməsi üçün təqdim etdiyi imkanlar daha da genişlənəcək. ŞƏT-in sammitində çıxışı zamanı Prezident İlham Əliyev “2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”, - deyə vurğulayıb. Artıq dünyanın bir çox ölkəsi, xüsusilə region dövlətləri Zəngəzur dəhlizinin əhəmiyyətini qəbul edirlər. Bu baxımdan ŞƏT-in üzvü olan ölkələr dəhlizin açılmasından sonra daha çox iqtisadi fayda götürəcək, öz aralarında ticari əlaqələri gücləndirə biləcəklər.

- Bu görüşün Azərbaycan iqtisadiyyatına töhfələri nə olacaq?

- Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət çərçivəsində dünya ölkələri ilə yanaşı,  beynəlxalq təşkilatlarla fəal əlaqələr qurulur. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-16-da ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyevin sammitə dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Sıraları getdikcə genişlənən ŞƏT-in fəaliyyətində nəqliyyat və əlaqə, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya, “yaşıl iqtisadiyyat” kimi çağırışlar mühüm yer tutur. Bu çağırışlar Azərbaycanın da gündəliyinin prioritetləri ilə uyğunluq təşkil edir. Məsələn, nəqliyyat sektorunda ŞƏT-lə əməkdaşlığı genişləndirmək üçün respublikamızın geniş imkanları var. Sammitdəki çıxışında dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Respublikamız 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Yaradılan güclü infrastrukturun nəticəsidir ki, bu ilin ilk 7 ayında ölkəmizin  ərazisindən keçən tranzit yüklərin həcmi 50 faizə yaxın artıb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Düşünürəm ki, ŞƏT platforması ölkəmizin bu potensialından faydalanmaqla qarşılıqlı olaraq iqtisadi əlaqələrimizin artmasına töhfələr verə bilər.

- Nikol Paşinyanın ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməməsi elə Ermənistanın özündə birmənalı qarşılanmadı. Bəziləri buna görə Paşinyana haqq qazandırsa da, digərləri 13 sentyabr hadisələrini Ermənistanın mövqeyindən izah etmək fürsətini əldən verdiyi üçün narazılıqlarını bildirir. Bu ziddiyətli fikirlər erməni siyasətçilərinin yanaşmalarıdır. Əslində, sizcə, Nikol Paşinyanın tədbirə qatılmamasının əsasında nə dayanır?

- Ermənistan forpost ölkədir. Dünyada heç bir nüfuzu yoxdur. Dərin sosial-iqtisadi böhran məngənəsində olan bu ölkənin hansısa beynəlxalq platformada oynayacağı rol sıfıra bərabərdir.   

- Azərbaycanın gələcəkdə ŞƏT-ə üzv olması onun Avropa ölkələri ilə münasibətlərinə necə təsir göstərə bilər?

- Azərbaycan müstəqil dövlətdir və xarici siyasət kursunu müstəqil olaraq müəyyənləşdirir. Bildiyiniz kimi, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bunun nəticəsində də dünya ölkələri ilə normal, bərabərhüquqlu münasibətləri davam etdirir. Eləcə də ölkəmiz bir çox beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütün bunların nəticəsində də Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu baxımdan Avropa ölkələri ilə də çox yaxşı, fəal əlaqələrimiz mövcuddur. 

Ən əsası odur ki, Azərbaycan dövləti xarici siyasətində milli maraqları üstün tutur. Bu, dövlətimizin dəyişməz mövqeyidir. Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi hansısa ölkələrə və beynəlxalq təşkilatlara qarşı yönəlməyib.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: