Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ezamiyyət pulu hesablanarkən nəqliyyat xərcləri hansı sənədlər əsasında ödənilir?

.

22.09.2022 13:07
4
A+
A-

 

Ezamiyyət pulu hesablanarkən nəqliyyat xərcləri hansı sənədlər əsasında ödənilir?

 

Səmayə ZÜLFÜQAROVA, Bakı şəhəri.

 

-”İşçilərin ezamiyyə Qaydaları”na əsasən, nəqliyyat xərclərinə-ezamolunma yerlərinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri daxildir. Bu, taksidən istifadə istisna olunmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək deməkdir. Nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir.

Qeyd edilən xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir.

Qaydalara əsasən, nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi halda bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.

 

Tibbi sığorta neçə cür olur, mən özümü könüllü sığorta etdirə bilərəmmi?

 

Adil Əsgərov, Şirvan şəhəri.

 

-

Mövcud qanunvericiliyə əsasən, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə ölkə əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta iki cür olur: icbari və könüllü. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Könüllü tibbi sığorta isə icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə olaraq könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir. Hər bir şəxsin könüllü tibbi sığorta müqaviləsi ilə özünü könüllü sığorta etdirmək hüququ vardır.

 

Doğum haqqında məlumatın verilməməsi hər hansı bir məsuliyyət yaradırmı? Məlumat kim tərəfindən verilməlidir və bu məlumatda nələr qeyd olunur?

Sevda NƏZƏROVA, Bakı şəhəri.

- “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda göstərilir ki, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal  Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və həmin qurumlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Doğum haqqında məlumatda bir qayda olaraq uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, verilmə yeri qeyd olunur.

Qeyd etdiyimiz Qaydaların 2.2. bəndində doğum haqqında məlumatın Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxslərinin, həmin məlumatın EHİS vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsi və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxslərinin inzibati məsuliyyət daşıması göstərilmişdir.

Ailə Məcəlləsinin 167-ci maddəsinə (Doğum haqqında məlumatın verilməli olduğu müddət) və Qaydaların 2.3. bəndinə əsasən, doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim olunur. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur.

Vəzifəli şəxslər və uşağın valideynlərinin  inzibati məsuliyyətə cəlb olunmasının əsasları İnzibati Xətalar Məcəlləsinin 562-ci maddəsində (Doğumun qeydə alınması qaydasının pozulması) aşağıdakı kimi qeyd olunub:

-tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. (562.1. maddə)

-doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq informasiya sisteminə (Ədliyyə Nazirliyinin informasiya sisteminə) ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə olunur.

 (562.2. maddə)

- üzrlü səbəb olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.

(562.3. maddə)

ETİKETLƏR: