Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması...

 onun daimi inkişafının təmin edilməsi vacib amildir

05.10.2022 12:05
78
A+
A-

Bir neçə gün əvvəl Milli Məclisə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi daxil olub. Yeni qanun layihəsi haqda suallarımızı  Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədova ünvanladıq.

-Məşhur müəllim, mikro, kiçik və orta sahibkarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri hansılardır?

- Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı daim hökumətin diqqət mərkəzindədir. Bu, məşğulluğun və büdcə gəlirlərinin təmin olunmasına birbaşa təsir edən amillərdəndir. Ona görə də bu hər zaman prioritet olub. Təsadüfi deyil ki, pandemiya dövründə mikro və kiçik sahibkarlıq subyektlərinə xüsusi diqqət yetirildi. Onların kreditlərinin subsidiyalaşdırılması, işçilərin əməkhaqlarının kompensasiya edilməsi ilə bağlı qərar verildi. Bu yanaşmalar davam edir. Mikro, kiçik və orta sahibkarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini belə sadalamaq olar. Birincisi, mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması və onun daimi inkişafının təmin edilməsi vacib amildir. Daha sonra həmin sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edəcək vergi siyasətinin həyata keçirilməsi, eləcə də onların işçilərinin hazırlığı sahəsində dəstək göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi kimi istiqamətlər prioritet təşkil edir. Mikro, kiçik və orta sahibkarlara dövlət-biznes xidmətlərin təşkili sahəsində imkanların yaradılması, bizneslərarası xidmətlərin təşkilində dəstəyin göstərilməsi də daim diqqətdə saxlanılır.

Digər tərəfdən, həmin biznes  subyektlərinə geniş vergi güzəştləri tətbiq olunur. Onlar  qanunvericiliklə bəzi hallarda  7 il müddətinə bir çox vergilərdən azad ediliblər. Bütün bunlar kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına, xidmət keyfiyyətinin artırılmasına xidmət edir.

-Bu sahənin inkişafı haqqında qanun layihəsinin əsas mahiyyəti nədən ibarətdir?

- Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında yeni qanuna böyük ehtiyac var. Çünki əvvəlki illərlə müqayisədə son illərdə kiçik və orta biznesin potensialı artır, bu sahənin həm ümumi daxili məhsul istehsalında, həm məşğulluğun təmin edilməsində, həm də investisiya qoyuluşu və qeyri-neft sektoru üzrə ixracın artmasında rolu genişlənir. Ümumiyyətlə, dünyanın inkişaf etməkdə olan və inkişaf etmiş bütün ölkələrində kiçik və orta biznes iqtisadiyyatda ən böyük paya malikdir. Bu sahibkarlar qrupunun iqtisadiyyatda rolunun artmasında onların dövlət tərəfindən dəstəklənməsinin, onlar üçün daha münasib, əlverişli şəraitin yaradılmasının da əhəmiyyəti böyükdür. Bunu nəzərə alaraq Azərbaycanda da kiçik və orta bizneslə bağlı qanunvericilik bazası təkmilləşdirilir, gücləndirilir. Yeni qanun layihəsi də bu məqsədə çatmağımıza xidmət edəcək.

Azərbaycanda kiçik biznesin imkanlarını nəzərə alsaq bu imkanlardan istifadə vacibdir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta sahibkarlığın payının artırılması üçün tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. Əsas tədbirlərdən biri də kiçik sahibkarlara dəstəyin ümumi şəkildə yox, xüsusi, ünvanlı formada olmasıdır. Çünki bütün sahələrə, orada fəaliyyət göstərən sahibkarlara eyni şəkildə yanaşmaq olmaz. Yeni qanun layihəsi kiçik və orta sahibkar sinfi ilə bağlı hüquqi tənzimlənməni asanlaşdıracaq, onlar üçün əlavə imkanlar yaradacaq.

Burada kiçik sahibkarlara dövlət dəstəyinin müxtəlif formalarının tətbiqi, maliyyə mənbələrinə əlçatanlığın  və dövlət dəstəyinin bir qədər də artırılması və s. məsələlər var. Bunlardan başqa, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr də öz əksini tapıb.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: