Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Rəqəmsal manat”a keçid başlayır,

yeni pul vergi yığımlarını da artıracaq

05.10.2022 12:34
121
A+
A-

Mərkəzi Bank (MB) cari ilin sonuna qədər “rəqəmsal manat”  (r-manat) konsepsiyasını tamamlamağı planlaşdırır. MB-nin baş direktoru Fərid Osmanov bildirib ki, dünyada geniş yayılmış rəqəmsal valyuta modellərinin ölkəmizdə tətbiqi imkanları nəzərdən keçirilir və Mərkəzi Bank beynəlxalq təşkilatların texniki yardımları çərçivəsində ölkəmizdə də rəqəmsal valyutanın tətbiqini mümkün hesab edir. Qısa zamanda konsepsiyanın yekunlaşdırılaraq hökumətə təqdim edilməsi nəzərdə tutulur.

“Rəqəmsal manat”a keçidi zəruri edən əsas çağırışlar beynəlxalq səviyyədə elektron ödənişlərin sürətli inkişafıdır. Dünyada rəqəmsal texnologiyaların görünməyəcək dərəcədə inkişafı müxtəlif ölkələrdə rəqəmsal valyutaya keçidi labüdləşdirib. COVID-19 pandemiyası isə bu sahədə yeni dalğa yaratdı, dünya ölkələrinin onlayn və təmassız ödənişlərə olan marağını və praktiki olaraq əməliyyatlarını xeyli artırdı. Ötən il Çin hökumətinin pul bazarına “rəqəmsal yuan”ı buraxmasından sonra Asiya regionu ölkələri, xüsusilə də Yaponiya, Malayziya, Sinqapur da elektron pul tədavülündə israrlı olduqlarını bəyan etdi. Avropa Mərkəzi Bankı və bir çox ölkələrin mərkəzi bankları rəqəmsal valyutanın emalı üzərində modelləri test etməkdədir. Avropa Bankı hazırda “rəqəmsal avro” üzrə pilot layihənin tətbiqinə hazırlaşır. Qardaş Türkiyə hökuməti də “rəqəmsal lirə” üzərində praktik addımlar atmaqdadır.

Qeyd edək ki, “Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da elektron pula keçidlə bağlı təkliflərin hazırlanması əks olunub. Bununla bağlı Mərkəzi Bank, Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıqlar verilib.

“Rəqəmsal manat” nədir?

Rəqəmsal valyuta və yaxud e-pul həm dövlət sektorunda, həm də özəl və kommersiya strukturlarında bütün ödənişlərin vahid elektron manat platforması üzərindən həyata keçirilməsi, vergi, gömrük, bank, kredit və digər dövlət ödənişlərini, həmçinin vətəndaşlar arasında adi pul hesablaşmalarının tamamilə elektronlaşmış formada həyata keçirilməsidir. Bu modeldə artıq kağız pullar dövriyyədən çıxmış olur. Bu isə o deməkdir ki, artıq bank kartlarına, ödəniş terminallarına da ehtiyac qalmayacaq, hər bir vətəndaş öz mobil telefonunda elektron pul kisəsi yaradaraq öz hesabından köçürmələri və alış-verişini təmin edəcək. “R-manat” onlayn və oflayn ödənişlərə, həmçinin sürətli pul köçürmələrinə də şərait yaradacaq. Yəni bu platforma ilə xarici ölkələrə də mobil cihazla ödənişləri təmin etmək mümkün olacaq.

Məsələ ondadır ki, “rəqəmsal manat”ın ödəniş sistemində tamamilə tətbiqinə başlamaq üçün hərtərəfli arxitektura olmalıdır. İlk növbədə bölgələrdə smart texnologiyalar, sürətli internet, mobil cihazların dayanıqlılığı olmalıdır. Həmçinin insanların elektron pul proqramını tam mənimsəməsi zəruridir. Çünki rəqəmsal pul həm də hədsiz dərəcədə möhkəm kibertəhlükəsizlik tələb edir. MB isə bəyan edir ki, “r-manat” Azərbaycanda blokçeyn texnologiyalarına əsaslanır və bir neçə ildir ki, dünyanın aparıcı blokçeyn şirkətləri ilə əməkdaşlıq edərək bu arxitekturanı qurmağı mənimsəyib. 

Bununla yanaşı, rəqəmsal valyutaya keçid elektron ödənişlərin dinamikasının stabil olmasını da zəruri edir. İlkin mərhələdə ölkə üzrə aparılan nağdsız dövriyyə ümumi pul dövriyyəsinin ən azı 15-20 faizinə bərabər olmalıdır. MB əmindir ki, artıq Azərbaycanın nağdsız dövriyyəsi bu mərhələ üzrə hədəflərə uyğundur, hazırda nağdsız ödəmələrin həcmi ümumi pul dövriyyəsində 15 faizdən yüksəkdir. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 14,2 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Həmin dövriyyənin 10,7 milyard manatını elektron ticarət, 3,5 milyard manatını POS-terminallarla, 0,02 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib. Beləliklə, e-ödənişlərin hədsiz artım dinamikası və getdikcə artan bu tempi təmin etmək və elektron ödəniş arxitekturasını müasir meyarlara uyğunlaşdırmaq məqsədilə “rəqəmsal manat” ideyasının reallaşmasına üstünlük verilib.

“Rəqəmsal manat” konsepsiyasının tətbiqi vergi münasibətlərində də yeni mexanizmlərin yaranmasına səbəb olacaq. Belə ki, rəqəmsal pul platforması zamanı əməliyyatlar əsas etibarilə elektron pul kisəsinə əsaslanır. Hazırda e-ticarət zamanı istifadə edilən ödəniş kartlarından fərqli olaraq, e-pul kisəsini yaratmaq üçün mütləq qaydada ödəniş əməliyyatlarını təmin edən “PayPal”, “Google Wallet”, “Checkout By Amazon”, “Moneybooks” və s. kimi rəqəmsal şirkətlərin proqramlarda qeydiyyatdan keçmək lazımdır. Eyni zamanda Azərbaycanın özünün “PostPay” adlı elektron pul kisəsi 2019-cu ildən fəaliyyət göstərir. “Postpay” elektron pul kisəsi “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqə əsaslanır. “Rəqəmsal manat”ın tətbiqindən sonra, sözsüz ki, bütün vətəndaşların e-pul kisəsi yaratması mütləqdir. Çünki e-pul kisəsi olmadan onlayn alış-veriş etmək mümkün deyil.

Hazırda Vergi Məcəlləsində   e-ticarət yolu ilə aparılan iş və xidmətlərin təqdim edilməsi ilə bağlı vergitutma məsələləri öz əksini tapıb və e- ticarətə vergi nəzarəti Məcəllənin müddəalarına uyğun qaydada aparılır.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: