Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhidlərin yas mərasiminin təşkili üçün müvafiq orqanlar tərəfindən maliyyə yardımı göstərilməsi qanunvericiliklə müəyyən olunubmu?

.

05.10.2022 13:06
2
A+
A-

Şəhidlərin yas mərasiminin təşkili üçün müvafiq orqanlar tərəfindən maliyyə yardımı göstərilməsi qanunvericiliklə müəyyən olunubmu?

 

Rasim VƏLİZADƏ,

Gəncə şəhəri.

- “Dəfn mə

rasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın hohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilir.

Həmin Nizamnamənin 333-cü maddəsinə əsasən hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) tərəfindən yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə aşağıdakılar təqdim edilməlidir:

- həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlilərin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmri;

- ehtiyatda və istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ödənilməsini təmin edir.

 

3 uşağım var, iş yerimizdə ixtisar gedir. Müdiriyyət məni işdə saxlaya bilərmi?

 

Səidə SƏLİMOVA,

Balakən rayonu.

 

- Əmək Məcəlləsinin 78-ci maddəsində işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin kateqoriyası müəyyən edilib. Belə ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

- şəhid ailəsinin üzvlərinə;

- müharibə iştirakçılarına;

- əsgər və zabitlərin arvadına (ərinə);

- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

- həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;

- xüsusi məcburi köçkün, onlara bəra

bər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;

- kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Uşaqlarınızın ikisinin yaşı 16 olmamışsa, onda siz ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kateqoriyasına aidsiniz.

 

Əlilliyimə görə mənə qısaldılmış iş vaxtı müəyyən edilə bilərmi? Mən neçə saat işləməliyəm?

 

Səməd ƏŞRƏFOV,

Daşkəsən rayonu.

- Qısaldılmış iş vaxtı və onun müddətləri Əmək Məcəlləsinin 91-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ, hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Nəzərinizə çatdırırıq ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

ETİKETLƏR: