Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyevin “Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı tövsiyə” mövzusunda dəyirmi masa iştirakçıları ilə görüşdə çıxışı

.

21.10.2022 22:42
15
A+
A-

-Əziz dostlar!

Bakıya xoş gəlmisiniz. İcazə verin, “Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı tövsiyə” mövzusunda dəyirmi masada iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə sizə təşəkkürümü bildirim.

Dəyirmi masa bizim tərəfimizdən bu ilin noyabr ayına nəzərdə tutulmuşdu, lakin tədbirlərin çox olması ilə əlaqədar  oktyabr ayında keçirməli olduq. Tədbirin Şuşa şəhərində keçiriləcəyinə və burada təşkil olunan ilk beynəlxalq tədbirimiz olduğuna görə,  ilk növbədə yaxın dostlarımızı dəvət etmək qərarına gəldik. Qərar qəbul etmək üçün qısa hazırlıq müddətinə baxmayaraq, sorğumuza tez cavab verməyiniz bizi sevindirir.

Seçdiyimiz mövzu bu ilin 29-30 iyun tarixlərində Serqius Qlovaskasın iştirakı ilə BƏT-in texniki dəstəyi ilə müzakirə olunub. Və orada qeyd olundu ki, bu mövzu həmkarlar ittifaqlarının fəaliyyətinin strateji istiqamətlərinin daha dərindən öyrənilməsini və hazırlanmasını, sosial tərəfdaşlarla gələcək qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini və dəqiqləşdirilməsini tələb edir.

Bildiyiniz kimi, müxtəlif ölkələrin müasir inkişaf tarixində sülhün, məşğulluğun, layiqli işin və sosial müdafiənin təşviqinə yönəlmiş beynəlxalq hüquqi standartlar geniş vüsət almışdır. Onlar beynəlxalq əməkdaşlığın müxtəlif səviyyələrində qəbul olunub və qəbul edilir. Beynəlxalq sənədlər sistemində sülh naminə məşğulluq və layiqli əmək haqqında Beynəlxalq Əmək Təşkilatının (BƏT) aktları mühüm yer tutur. Hazırda bu aspekt 2017-ci ildə BƏT-in “Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı tövsiyəsinin qəbul edilməsi ilə əlaqədar xüsusi hüquqi aktuallıq və normativ yenilik qazanmışdır.

Əslində BƏT-in bütün aktları sülh və sosial ədalətin təşviqinə yönəlib. Yeni tövsiyənin qəbulu ilə BƏT-in Nizamnaməsində təcəssüm olunmuş prinsip bir daha təsdiqləndi ki, ümumbəşəri və davamlı sülh yalnız sosial ədalət prinsiplərinə əsaslandıqda əldə edilə bilər.

Yeni tövsiyə bütün insan hüquqlarına və qanunun aliliyinə, o cümlədən iş yerində əsas prinsiplərə və hüquqlara, habelə beynəlxalq əmək standartlarına, xüsusən məşğulluq və layiqli əməklə bağlı hüquq və prinsiplərə hörmətin təmin edilməsinin zəruriliyini qəbul edir.

Böhranın qadınlara və kişilərə fərqli təsir etdiyini qəbul edərək, o, sülhün möhkəmləndirilməsi, böhranların qarşısının alınması, bərpa tədbirlərinin həyata keçirilməsi və davamlılığın artırılması prosesində qadın və qızların səlahiyyətlərinin artırılmasında gender bərabərliyinin kritik əhəmiyyətini önə çəkir.

Bundan başqa, sosial dialoq vasitəsilə münaqişələr və fəlakətlər nəticəsində yaranan böhran vəziyyətlərinə cavab tədbirlərinin işlənib hazırlanmasına, işəgötürənlərin və işçilərin ən nüfuzlu təşkilatları ilə, habelə maraqlı vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr prosesində köməklik göstərir.

BƏT-in 96-cı sessiyasında (2007-ci ildə) fəaliyyət qabiliyyətli müəssisələrin təşviqi ilə bağlı qəbul etdiyi qərar və nəticələr əsasında fəaliyyət qabiliyyətli müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılmasının və ya bərpasının vacibliyi xüsusilə qeyd olunub. Bu, xüsusən də iş yerlərinin yaradılması, iqtisadiyyatın bərpası və inkişafı prosesinin stimullaşdırılması məqsədilə kiçik və orta müəssisələrin yaradılmasını özündə ehtiva edir.

Əziz dostlar!

Bütün dünyada tüğyan edən koronavirus pandemiyası insanların həyat tərzini dəyişmiş, onların sosial-məişət problemlərini tamamilə yeni istiqamətə yönəltmiş, iş və fəaliyyətlərini gözlənilməz dəyişikliklərə məruz qoymuşdur. Qəfil baş verən fəlakət, fəaliyyəti ictimai həyatın bütün sahələrini əhatə edən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını öz işini yeni tələblərə uyğun qurmağa məcbur etdi. Əsas vəzifəsi vətəndaşlarımızın sosial-iqtisadi və hüquqi mənafelərini qorumaq olan bir qurumun çiyninə hansı məsuliyyətin düşdüyünü təsəvvür etmək çətin deyil.

Əhalinin koronavirusdan qorunması istiqamətində, sosial müdafiə tədbirləri çərçivəsində, dövlət tərəfindən işsiz vətəndaşların hər birinə ayda 190 manat məbləğində pul ödənildi.  Bu məqsədlə ilkin olaraq 70 milyon manat vəsait ayrılıb və təxminən  200 min insanı əhatə edib. Qeyd olunan göstəricilər daha sonra 3 dəfə artırılıb. Həmçinin 90 min ödənişli ictimai iş yerinin açılması, əməkhaqqının qorunub saxlanılması, dövlət sektorunda 900 min, neft sektorunda isə 690 min işçinin məşğulluğunun  dəstəklənməsi, elektrik enerjisindən aylıq istifadə limitinin  iki ay müddətində artırılması, 17 min aztəminatlı tələbənin təhsil haqqının dövlət hesabına ödənilməsi, pandemiya zamanı imzalanan əfv fərmanları, vergi güzəştləri və sahibkarlara maddi dəstək göstərilməsi kimi tədbirlər həyata keçirilib. Ümumilikdə bu məqsədlər üçün 3, 5 milyard manat vəsait sərf edilib.

Pandemiya ilə əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda pandemiya dövründə Prezident İlham Əliyevin  ölkə ərazisində COVID-19-un fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi qətiyyətli addımlarına dəstək olmaq barədə qərar qəbul edildi. İcraiyyə Komitəsinin iclasında koronavirusla mübarizə fonduna 250 min manat, həmçinin Naxçıvan Muxtar Respublikasına bu məqsədlə 100 min manat köçürülməsi haqqında və eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması barədə qərarlar qəbul olunub. 

Pandemiya ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da 20 milyon manatdan çox vəsait xərcləyib.

Bu müddətdə bizim vəzifəmiz indiki şəraitdə işəgötürənlər tərəfindən işçilərin sayının və iş yerlərinin əsassız olaraq ixtisarının qarşısını almaqdan ibarət idi. Bununla bağlı İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərə xüsusi açıqlama göndərilib. Açıqlamada bildirilib ki, hökumətimiz milli sahibkarlığın dayanıqlı inkişafı üzrə aktiv siyasət aparır və indiki vəziyyətdə hər bir sahibkarın yanındadır və onları dəstəkləyir. Eləcə də onlara xəbərdarlıq edilib ki, pandemiya zamanı  işçilərin əsassız olaraq işdən çıxarılması və ixtisar edilməsi halları kimi hadisələrə, qanunun bütün imkanları nəzərə alınmaqla, sərt cəza tədbirləri görüləcək.   

AHİK BƏT-in texniki dəstəyi ilə pandemiya dövründə həmkarlar ittifaqlarının fəaliyyətinin müxtəlif istiqamətləri üzrə 10-dan çox analitik material hazırlamışdır. “COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsirinin situasiya təhlili”,” Azərbaycan Respublikasında sosial təminatla bağlı vəziyyətin öyrənilməsi və BƏT-in “minimum sosial təminat normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiyasının sürətləndirilməsi,  “Azərbaycan həmkarlar ittifaqlarının gənclərin məşğulluğuna yardım strategiyasının işlənib hazırlanması üzrə analitik araşdırması”, “Azərbaycan Respublikasının 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədləri üzrə görülmüş işlər haqqında hesabat”, “BMT-nin Davamlı inkişaf və layiqli əmək sahəsində əməkdaşlıq üzrə Gündəliyi” bizim gördüyümüz işlərin bir hissəsidir.

Bu dövrdə respublikamız koronavirusla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  müharibə aparmağa da məcbur oldu.

AHİK mövcud vəziyyəti nəzərə alaraq, zərər çəkmiş işçilərin vəziyyətinin yaxşılaşdırılması üçün təcili tədbirlər görmüşdür.

AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi günlərində və sonrakı dövrdə 10 milyon manatdan artıq vəsait xərclənib, o cümlədən 346 şəhidin övladı həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb və 18 yaşına qədər hər ay onlara 100-150 manat müavinət veriləcək.

Məşğulluq, o cümlədən kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşkilinə köməklik göstərmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 400 min manatdan çox vəsait köçürülüb.

Görülən işlərə baxmayaraq, hesab edirik ki, işçilərin layiqli işlə təmin olunmasında təkcə həmkarlar ittifaqı təşkilatlarının deyil, həm də sosial tərəfdaşların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə münaqişələr və fəlakətlər nəticəsində yaranan böhranlı vəziyyətlər zamanı strateji fəaliyyət planlarının hazırlanması üçün əlaqələndirilmiş qarşılıqlı fəaliyyət lazımdır.

Düşünürəm ki, birgə səylərlə, beynəlxalq təcrübədən və dostlarımızın təcrübəsindən istifadə etməklə biz həmkarlar ittifaqı üzvlərimiz üçün daha yaxşı gələcəyə nail olacağıq.

Diqqətiniz üçün təşəkkür edirəm, bir daha xoş gəlmisiniz.

ETİKETLƏR:

Foto