Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dollar sürətlə bahalaşır, manat üçün hansı təhlükə gözlənilir?

Manat ucuzlaşa bilərmi?

20.10.2022 22:55
41
A+
A-

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini yenidən artıraraq 4,5 %-ə çatdırmaq niyyətindədir. Amerika Mərkəzi Bankı bəyan edib ki, inflyasiyanın artmaqda davam edəcəyi təqdirdə monetar siyasətin sərtləşdirilməsi planlaşdırılır. Həmçinin OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə qərarından sonra enerji qiyməti ilə bağlı yaranan narahatlıqlar, ABŞ əmək bazarında seyr olunan nikbin məlumatlar fonunda belə bir addımın atılması gözlənilir.

Qeyd edək ki, ABŞ hökuməti bir ay əvvəl, sentyabrın sonlarında uçot dərəcəsini 2,50 %-dən 3,25%-ə yüksəldib. Bu artım Amerikanın pul siyasəti ilə bağlı son 30 illik tarixində ən yüksək faiz dərəcəsi artımı deməkdir.

Qərar dünya maliyyə bazarlarında əhəmiyyətli dəyişikliklərə səbəb olub, əksər ölkələrin milli valyutaları ucuzlaşıb. Avropa Birliyinin vahid valyutası olan avro son 20 ildə ilk dəfə dollar qarşısında 10 faiz ucuzlaşıb. İngilis funtu da 5 faiz ucuzlaşıb ki, bu da Böyük Britaniya valyutasının 1985-ci ildən sonra bu qədər kəskin dəyər itirməsi deməkdir. Türkiyə lirəsi də 4 faiz ucuzlaşıb. Rus rublu son bir həftədə 8 faiz dəyər itirib.

Dolların dünya miqyasında bahalaşması Azərbaycana necə təsir edəcək?

Manat ucuzlaşa bilərmi?

Manatın məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği və digər amillər müəyyən edir. Hazırda ölkəmizə daxil olan xarici valyutanın həcmini təmin edən dayanıqlı resurslar mövcuddur. Həmçinin Azərbaycanın tədiyə balansı və xarici ticarəti ilə bağlı göstəricilər kifayət qədər yaxşıdır, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 39,8 milyard dollar təşkil edib ki, onun 29,5  milyard dolları ixracın payına düşür. İdxal 10,2 milyard dollar olub. Xarici ticarətin müsbət saldosu 19, 2 milyard dolları ötüb. Yəni ölkəyə daxil olan xarici valyuta ölkədən çıxan valyutadan 3 dəfəyə yaxın çoxdur. Bu, onu göstərir ki, Azərbaycanın dollarla formalaşmış xarici valyuta gəlirləri artır, nəticədə kifayət qədər dollar ehtiyatlarının yaranması həm daxili istehlak üçün valyuta təminatını tamamilə ödəməyə imkan yaradır, həm də manata olan təzyiqləri azaldır. Həmçinin ölkəmizdə daxili bazarda dollara olan tələbatı təmin etmək üçün Neft Fondunun kifayət qədər ehtiyatları vardır.

Valyuta bazarında dayanıqlı sabitliyin digər mühüm göstəricisi xarici amillərdir, tədiyə balansının cari vəziyyətidir. MB-nin cari ilin yanvar-sentyabr aylarına dair “Pul siyasəti icmalı”ndan da görmək mümkündür ki, ötən 9 ay ərzində bazar və xarici ticarət iştirakçıları üçün xarici valyuta tələbatı artıqlaması ilə ödənilib. Hətta valyuta satışı hərraclarında təklif  edilən dollar və digər xarici tədavül vasitələrinə ehtiyac azaldığından əhəmiyyətli həcmlərdə valyuta bolluğu müşahidə edilib. Mərkəzi Bankın və bankların dollar ehtiyatları artıbdır. Beləliklə, mövcud bazar əməliyyatları sabitliyinin başlıca sütunu olan məzənnə sabitliyini tam dəstəkləyib. Mərkəzi Bank hesab edir ki, dolların bahalaşması ölkə iqtisadiyyatı üçün müəyyən risklər yarada bilər, əsasən də idxal olunan  malların və xidmətlərin bahalaşması mümkündür. MB-nin Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirib ki, nominal effektiv məzənnə Azərbaycanda inflyasiyaya təsir göstərən başlıca amillərdən biridir. Ancaq manatın effektiv məzənnəsinin da yüksələcəyi istisna deyil. 2022-ci ilin 8 ayında manatın nominal effektiv məzənnəsi 6.1 faiz möhkəmlənib. ABŞ hökumətinin faiz qərarı nominal effektiv məzənnənin artım tempinin bir qədər yüksələcəyinə şərait yaradır.

A. Ələsgərov onu da bildirib ki, bir çox ölkələrin mərkəzi bankları öz pul siyasətində davamlı dəyişikliklər edərək uçot və faiz dərəcələrini artırsalar da, manata təzyiq imkanları müşahidə edilməyib. Əhalinin milli valyutaya olan inamı sabitdir, üstəlik, Azərbaycanda xarici valyutalara nisbətən, manatla yığım əmanətlərinin həcmi artır. 2022-ci ilin yanvar-avqust aylarında fiziki şəxslər tərəfindən banklara manatla qoyulmuş əmanətlərin həcmi 60 faiz artıb.

Strateji valyuta ehtiyatlarının həcmi də milli valyutanın dayanıqlılığı və möhkəm məzənnə sabitliyi üçün başlıca faktorlardandır. Azərbaycanın 56 milyard dollar həcmində təhlükəsizlik yastığı mövcuddur ki, bu faktor devalvasiya təhdidlərini minimallaşdıran ən möhkəm iqtisadi təminatdır.

Onu da nəzərə almaq lazımdır ki, manatın 2023-cü ildəki məzənnəsi də hökumətin konservativ proqnozlar ssenarisi üzrə təsdiqlənib. İqtisadi-maliyyə orqanlarının proqnozlarına əsasən, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini dəstəkləyəcəkdir. Bu əsasda 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülübdür. Yəni manatın kursu cari ildəki məzənnədə qalacaqdır.

2023-cü ilin büdcə zərfində neftin orta qiyməti 50 dollar götürülüb. Yəni “Brend və “WTI” markalı xam neftin 1 barrelinin qiymətləri 50-55 dollar ətrafında qalacağı və hətta 50-yə qədər enəcəyi təqdirdə belə, Azərbaycan hökumətinin büdcə və maliyyə öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaratmayacaq.

“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyinin bu günlərdə açıqlanan proqnoz sənədində qeyd olunub ki, Azərbaycanda manatın sabitliyi uzun müddət davam edəcək. Ssenarilərə əsasən, 2026-cı ilə qədər ABŞ dollarının məzənnəsi 1,7 manat olacaq.

Dolların bahalaşması Azərbaycanın xarici ticarət mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına və ixracatçıların gəlirlərinin artmasına, xüsusilə də qeyri-neft məhsullarının satışından əldə edilən valyuta gəlirlərinin çoxalmasına səbəb olacaq. Bu faktor qeyri-neft gəlirlərinin artmasına da təsir göstərəcək. Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-in həcminin 2023-cü ildə 73,1milyard manat olacağı gözlənilir. Bu amil də neftdənkənar sahələrin artım dinamikasının yüksələcəyini təsdiqləyir. Nəticədə büdcədə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları da artmış olacaq. 2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmalarının ÜDM-ə nisbəti 12,7 faiz olmaqla, dövlət büdcəsi gəlirlərinin 43,6 faizini və ya 13,4 milyard manatını təşkil edəcək. Bu, 2022-ci illə müqayisədə 1,7 milyard manata yaxın əlavə gəlir deməkdir. Həmin əlavə gəlirlərin 900 milyon manatdan çoxunu qeyri-neft vergiləri təşkil edəcək. Yəni əlverişli xarici mühit, dolların münasib məzənnəsi qeyri-neft ixracatçılarının gəlirlərinin artması müqabilində vergi ödənişlərinin də çoxalmasına imkan verəcək.

Elbrus CƏFƏROV

ETİKETLƏR: