Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yüksəlişin Naxçıvan nümunəsi

 Naxçıvan şəhərindən ucqar dağ kəndlərinə qədər uzanan inkişaf yolu

20.05.2021 07:29
31
A+
A-

Prezident İlham Əliyevin 15-ci səfəri muxtar respublikanın öz nailiyyətlərini daha da artırmasına təkan verəcək
Minilliklərə söykənən şanlı keçmişə, güclü dövlətçilik ənənələrinə, milli-mənəvi və mədəni dəyərlərə malik olan Azərbaycan dövləti bu gün müasir tarixinin şərəfli dövrünü yaşayır.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti və siyasi müdrikliyi işğal altında olan torpaqlarımızın azad edilməsi dövlətçilik və müstəqillik tariximizə qızıl hərflərlə həkk olundu. Bu qələbə xalqımızın həmrəyliyinin, sıx səfərbərliyinin, Azərbaycanda yaşayan bütün millətlərin həmrəyliyinin təntənəsinə çevrildi. May ayının 12-13-də Qarabağın mirvarisi Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı da xalqımızın döyüş meydanında nümayiş etdirdiyi milli birliyin təcəssümü idi...
 
Naxçıvan igidləri 
qəhrəmanlıq 
nümunələri yaratdılar
 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən parlaq Qələbəsinə çevrildi. Bu savaşda biz bir xalq olaraq birləşdik, igid övladlarımız torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər.
Vətən müharibəsi başlayan kimi qədim Azərbaycan yurdu Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atıldılar. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstərdilər. Bu yolda neçə-neçə naxçıvanlı şəhidlik zirvəsinə ucaldı. Bu, Vətəni sevmək nümunəsi idi. Vətən sevgisi onları torpaqlarımızın işğaldan qurtulması uğrunda səfərbər etdi.
Cənab Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Əlahiddə Ümumqoşun Ordusunun hərbçilərinin Vətən müharibəsində qəhrəmanlıqlarını yüksək qiymətləndirərək deyib: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Cənab Prezidentin Naxçıvan səfəri zamanı ilk getdiyi ünvanlardan biri Naxçıvan şəhər qəbiristanlığı oldu. Dövlət başçısının Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsinə göstərilən ehtiramın böyük nümunəsi idi.

 Naxçıvan şəhərindən ucqar dağ kəndlərinə qədər uzanan 
inkişaf yolu
 
Naxçıvan Muxtar Respublikası həm də qürur doğuran yüksəlişi ilə diqqəti çəkir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişaf Naxçıvanın da nümunəsində aydın görünür. Muxtar respublikada qazlaşdırmanın və elektrik enerjisi ilə təchizatın 100 faizə çatması kimi mühüm göstərici bu yüksəlişi təcəssüm etdirən nailiyyətlərdir.
Naxçıvan bu günlərə çatmaq üçün keşməkeşli yollardan, çətin sınaqlardan keçib. Ermənilərin tarix boyu gözlərini dikdikləri bu qədim diyarımız hücumlara, əhalisi soyqırımına məruz qalsa da, hər zaman düşmənin layiqli cavabını verməyi bacarıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Naxçıvanı da işğal etməyə cəhd göstərdi. O dövrdə muxtar respublika birdən-birə çətin sınaq qarşısında  qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan bir neçə saat əvvəl sovet qoşun birləşmələri və erməni  silahlı dəstələri burada da qan tökdülər. Daha sonra erməni quldur dəstələri Kərki kəndini işğal etdilər. Muxtar respublikanın nəqliyyat-kommunikasiya xətləri ermənilər tərəfindən kəsiləndən, tam iqtisadi blokadaya alınandan sonra burada iqtisadi böhran daha da dərinləşdi.
Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı bu qədim Azərbaycan torpağının xilasının başlanğıcı oldu. Ulu Öndərin qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxdı. Məhz Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində  yeni dövrün əsası qoyuldu.
Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Çünki ilk dəfə olaraq məhz Ulu Öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi, sovet ordusunun Naxçıvandan çıxarılması bu qədim diyarın  müstəqilliyimizə və dövlətçiliyimizə layiqli və tarixi töhfələridir. 1992-ci ildə çətin şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması da Azərbaycanın gələcək taleyində xüsusi yeri olan ümumrespublika səviyyəli siyasi hadisə idi.
Azərbaycanı xilas missiyasına Heydər Əliyev Naxçıvandan başlamışdı. 1993-cü ildə xalqımızın təkidli istəyi ilə siyasi hakimiyyətə gələn Ulu Öndərin Naxçıvandan başlatdığı xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyini əbədi etdi.
Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Naxçıvan davamlı inkişaf və əmin-amanlıq yolu ilə inamla addımladı, problemləri tədricən aradan qaldırıldı. Muxtar respublikanın inkişafının 2003-cü ildən sonrakı dövrü isə Ulu Öndər Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün əyani ifadəsidir. Bu dövrdə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələri kimi Naxçıvan da dinamik inkişaf yolu keçib. Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının yüksək səviyyədə icrası paytaxt Naxçıvan şəhərindən başlanmış, muxtar respublikanın ucqar dağ kəndlərinə qədər dinamik inkişafa yol açıb.
Prezident İlham Əliyevin may ayının 10-da Naxçıvana növbəti səfəri respublikamızın bu bölgəsinin yüksəlişinin dinamik, davamlı və nümunəvi olmasından xəbər verdi.
 
Tarixi və rəmzi məna kəsb edən səfər...
 
Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana sayca 15-ci səfəri idi. İlk səfər 17 il əvvəl, 2004-cü ilin may ayında olmuşdu. Bu müddətdə Prezidentin hər səfəri Naxçıvanın yüksəlişindən xəbər verməklə yanaşı, həm də bu bölgənin inkişafında yeni mərhələnin əsasını qoyub.
15-ci səfərin isə həm də rəmzi mənası vardı. Çünki bu səfər Ulu Öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olduğu günə təsadüf etmişdi. Eyni zamanda bu, Prezident İlham Əliyevin Vətən müharibəsindəki Qələbədən sonra Naxçıvan Muxtar Respublikasına ilk səfəri idi. “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”,- deyə Prezident İlham Əliyev bu barədə bildirib.
Bəli, bu səfər kəsb etdiyi böyük rəmzi mənasına uyğun olaraq Naxçıvanın  sosial-iqtisadi inkişafına xidmət edən müəssisələrin istifadəyə verilməsi, mühüm infrastruktur layihələrin başa çatdırılması ilə əlamətdar oldu.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının və Süni Mayalanma Mərkəzinin açılışı muxtar respublikanın iqtisadi inkişafında, vətəndaşların məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Naxçıvan şəhərində inşa olunan “ASAN xidmət” mərkəzi isə ölkə üzrə göstərilən xidmətləri muxtar respublika sakinləri üçün daha da əlçatan edəcək. 
Müasir yol infrastrukturunun yaradılması da Naxçıvanda həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir. Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Culfa-Ordubad magistral avtomobil yolu dövlət başçısının “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunub.
Son illər yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib. Prezident İlham Əliyevin tanış olduğu Ordubad Su Elektrik Stansiyası isə tikintisi başa çatdırıldıqdan sonra Naxçıvanın energetika sisteminə əlavə güc verəcək.
İndiyədək Naxçıvanın bir neçə şəhəri içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib. Mayın 10-da onların sırasına Ordubad şəhəri də əlavə olundu. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi göstərdi ki, insan amili inkişafın mühüm prioritetidir.
 
Naxçıvanın hərbi 
imkanlarının artırılması bundan sonra da
 prioritet olacaq
 
Prezident İlham Əliyevin Naxçıvanla bağlı qarşıya qoyduğu vəzifələrdən biri muxtar respublikanın etibarlı müdafiəsinin və bölgədə hərbi üstünlüyünün təmin olunması istiqamətində ardıcıl addımların atılmasıdır. Dövlətimizin güclü dəstəyi Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Təsadüfi deyil ki, 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, ümumilikdə 11 min hektara yaxın ərazi Azərbaycanın nəzarəti altına alındı. Təsdiq olundu ki, özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnika ilə tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordusu digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir. Bütövlükdə isə Naxçıvanın hərbi potensialının yüksəldilməsinin respublikamızın müdafiə imkanlarının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.
Prezident İlham Əliyevin Naxçıvana səfərinin bir hissəsi hərbi sahəni əhatə etdi. Dövlət başçısı Əlahiddə Ümumqoşun Ordusunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak etdi. Bütün bunlar göstərdi ki, Naxçıvanın hərbi üstünlüyünün artırılması bundan sonra da prioritet olacaq.
 
Qalib İlham Əliyev muxtar respublikanı blokadadan çıxarır
 
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaratdı. Müharibəyə qədər bölgənin aparıcı dövləti Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra regiondakı lider statusunu daha da möhkəmləndirdi. Eyni zamanda Ermənistanın hərbi-siyasi məğlubiyyətə düçar edilməsi ilə Prezident İlham Əliyev xalqımızın tarixi-milli maraqlarının reallaşmasına da zəmin formalaşdırdı. Bunlardan biri vaxtilə Azərbaycan torpaqları olmuş Zəngəzur bölgəsinin indi bütün türk dünyasını birləşdirən körpüyə çevrilməsi üçün yetişmiş tarixi şəraitin reallaşdırılmasıdır.
Prezident İlham Əliyevin Naxçıvan səfərinin ən mühüm məqamlarından biri Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində verilən mesaj oldu. Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının yaradılması, Culfa-Ordubad magistral avtomobil yolu kimi nəqliyyat layihələri, Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri Naxçıvanın sosial-iqtisadi inkişafına xidmət etməklə yanaşı, muxtar respublikanın blokadadan çıxarılması və Zəngəzur dəhlizinin yaradılması istiqamətində atılan addımların bir hissəsidir.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 15-ci səfəri siyasi və iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıdı. Son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord nəticələr əldə edən, ümumi daxili məhsul istehsalında 10 dəfədən çox artıma nail olan Naxçıvan, hər zaman olduğu kimi, bu səfərdən sonra da nailiyyətlərini daha da artıracaq.
 
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan 
Həmkarlar İttifaqları
 Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti 19.05.2021

ETİKETLƏR: