Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2023-cü ildə büdcəyə hesablanmayan vergi-gömrük güzəşt və azadolmaların məbləği daha da artacaq

.

26.10.2022 11:35
7
A+
A-

“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Büdcə layihəsi yaxın günlərdə parlamentin müvafiq komitələrində müzakirə olunacaq, noyabr ayında isə plenar iclasın gündəliyinə daxil ediləcək. Gələn ilin dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat, xərcləri 33,3 milyard manat proqnozlaşdırılır. Büdcədə ən mühüm gəlir mənbəyi kimi qeyri-neft gəlirləri xüsusi üstünlük təşkil edəcək. Belə ki, gələn il dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 6 faizə yaxın çox vəsait deməkdir.

Büdcədə qeyri-neft gəlirlərinin artmasında əsas mənbə, fiskal yük vergilərin üzərinə düşəcək. Belə ki, Dövlət Vergi Xidməti 2023-cü ildə 13,4 milyard manat vergi toplayacaq. Bu, 2022-ci ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 662 milyon manat və ya 14,2 faiz çoxdur. Vergi orqanının büdcəyə ödəyəcəyi vergilərin 5 milyard manatı neft sektorunun, təxminən 8,4 milyard manatı qeyri-neft sektorunun payına düşür. Yəni vergi orqanı növbəti ildə qeyri-neft sektorundan 765 milyon manat çox vergi toplayacaq. Həmin əlavə vergilərin 195 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalardır. Bu isə o deməkdir ki, gələn il biznes və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı nəzərdə tutulur. Əməkhaqqı artımı nəticəsində fiziki şəxlərin maaşından tutulan gəlir vergisinin həcmi də artmış olacaq ki, bu da büdcədə gəlir vergisinin böyüməsinə səbəb olacaq. Həmçinin hüquqi şəxslər tərəfindən qeyri-neft sektoru üzrə mənfəət vergisinin artımı da gözlənilir. Bu da həmin biznes sektorunda gəlirlərin artımını şərtləndirən əsas amillərdən biridir. 

2023-cü ildə vergi gəlirlərində əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar yenə də əsas mənbələrdən birini təşkil edəcək. ƏDV üzrə daxilolmalar 2,8 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 180 milyon manat çoxdur. Ancaq ümumi götürdükdə ƏDV-nin ümumi artım faizi digər vergilərə nisbətən aşağı olacaq. Belə ki, 2022-ci ildə qiymətlərin bahalaşması nəticəsində marketlərin və digər ticarət sahələrinin dövriyyəsinin böyüməsi ƏDV-nin əhəmiyyətli dərəcədə artımına gətirib çıxarıb. Doğrudur, növbəti ildə də istehlak qiymətləri indeksinin artımı sayəsində əlavə ƏDV daxilolmaları qeydə alınacaq, ancaq bu həcm cari ilə nisbətən o qədər də yüksək olmayacaq. ƏDV artımına iqtisadi artım templəri, eləcə də “ƏDV geri al” mexanizminin əhatə dairəsinin genişlənməsi səbəbindən dövriyyələrin şəffaflaşması və digər iqtisadi amillərin təsir edəcəyi gözlənilir. Gələn il digər vergi növləri üzrə də daxilolmaların artması nəzərdə tutulur.

Ancaq bununla yanaşı, növbəti ildə vergi güzəştlərinin əhatəsinin genişlənməsi nəticəsində kifayət qədər vergi məbləğinin biznesin və vətəndaşların sərəncamında qalması da nəzərdə tutulur. Belə ki, iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi və gömrük sahəsində təşviq alətlərindən effektiv istifadə, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinin artması, habelə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan xammal və aralıq malların idxalına tətbiq olunan vergi və gömrük rüsumlarının optimallaşdırılması nəticəsində vətəndaşlara kifayət qədər vergi məbləğinə güzəşt ediləcək.

Hökumətin “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” vasitəsilə apardığı qiymətləndirməyə əsasən, 2023-cü ildə vergi və gömrük rüsumları üzrə dövlət büdcəsinə hesablanmayan güzəşt və azadolmaların məbləği 7.823,2 milyon manat və ya 2022-ci ilin gözləniləni ilə müqayisədə 545,5 milyon manat çox olacaqdır. Belə ki, dövlət büdcəsinə hesablanmayan məbləğdən 1.995 milyon manatı muzdlu işlə əlaqədar gəlir vergisi, 185,5 milyon manatı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisi, 598,5 milyon manatı hüquqi şəxslərin mənfəət vergisi, 84,6 milyon manatı ödəmə mənbəyindən vergi,  2.989 milyon manatı əlavə dəyər vergisi, 293 milyon manatı hüquqi şəxslərin əmlak vergisi, 5,0 milyon manatı torpaq vergisi, 65 milyon manatı sadələşdirilmiş vergi, 783,8 milyon manatı idxalda əlavə dəyər vergisi, 818 milyon manatı idxal gömrük rüsumu, 4,6 milyon manatı idxalda aksiz vergisi üzrə təşkil edəcəkdir.

Növbəti ildə ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması və bank hesabının açılması mexanizminin sadələşdirilməsi,  xarici ölkələrin vergi orqanları ilə qarşılıqlı inzibati yardımın göstərilməsi, maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi üzrə müəyyən edilmiş standartların yerinə yetirilməsi, bir sıra aksizli malların istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin xüsusi proqram təminatı ilə təmin edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin tətbiqi nəzərdə tutulur. Sistemin tətbiqi bu sahədə vergi daxilolmalarının artımına əlverişli şərait yaratmaqla yanaşı, səmərəli vergi nəzarətinin təşkilinə, kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərmələrinə, habelə qanunsuz sahibkarlıqla mübarizə tədbirlərinin davamlı və ardıcıl olaraq həyata keçirilməsinə şərait yaradacaqdır.

Vergi orqanı 2023-cü ildə şəffaflığın təmin edilməsini daha da artırmaq məqsədilə rəqəmsal üsullara geniş yer verəcək. Bu məqsədlə rəqəmsal vergi siyasətinin yürüdülməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bununla yanaşı, dövlət orqanlarında elektron vergi sisteminin genişləndirilməsidir. Bu siyasətə uyğun olaraq dövlət orqanları tərəfindən dövlət büdcəsinə və ya həmin orqanların büdcələrinə hesablanan və daxil olan vergi və rüsum olmayan ödənişlər üzrə vahid elektron sistemin yaradılması və aidiyyəti dövlət orqanının informasiya bazalarına inteqrasiyası təmin ediləcəkdir. Bu isə o deməkdir ki, ölkənin ən ucqar bölgəsində belə dövlət təşkilatları öz internet və İT resurslarını tam elektronlaşdırmalıdır. 

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: