Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İndi Azərbaycan böyük və  orta güclərin həyata keçirə bilmədiklərini reallaşdırır

Azərbaycan 44 günlük müharibədən sonra əldə etdiyi  Zəfərlə orta güc kimi üzə çıxdı, dünya hərb tarixində, diplomatik gedişlərlə diplomatiya tarixində özünəməxsus yer tutdu

02.11.2022 10:49
422
A+
A-

2020-ci il sentyabrın 27-də  işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük savaş noyabrın 8-i Azərbaycanın zəfəri ilə sona çatdı. Bu tarixi gün ərəfəsində 2 illik postmüharibə dövrünün dünya siyasi arenasında ölkəmizə gətirdiyi üstünlüklərindən bəhs edəcəyik. Mövzumuzla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev danışdı.

Bildirdi ki, 44 günlük müharibədən sonra ölkəmizin istər regionda, istər qlobal səviyyədə yaratdığı yeni reallıq onun regional gücə çevrilməsinə və beləliklə də, öz siyasətini, milli maraqlarını qorunması üçün daha əmin və qətiyyətli addımlar atmasına imkan yaratdı. 

Belə ki, dünya nizamı və intizamı beynəlxalq təhlükəsizlik qurumlarının və onların ən alisi olan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə tənzimlənir. Əgər sülhə, bəşəriyyətə, insanlığa qarşı cinayətlər baş verərsə, bu qətnamələrə, konvensiyalara uyğun tədbirlər görülməlidir. Əks halda bunlar  dünya təhlükəsizlik arxitekturası və beynəlxalq münasibətlər üçün ciddi çağırış, böyük problem olar.  Demək olar ki, biz, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özümüz icra etməklə, dünya nizamına, beynəlxalq nüfuza vurulan zərəri öz gücümüzə aradan qaldırdıq.             1 milyondan çox  məcburi köçkünün hüquqları bərpa olundu, onların öz torpaqlarına geri dönmək, öz mülklərində yaşamaq haqları bərpa edildi.

Millət vəkili qeyd etdi ki,  dünya siyasi arenasında Azərbaycanın qazandığı digər bir üstünlük isə təhlükəsizlik və  regiona gətirdiyi stabilliklə yanaşı, qlobal miqyasda iqtisadi layihələrin həyata keçirilməsi üçün münbit şəraitin yaradılmasına nail olmaq oldu. Bu gün Ukraynada gedən müharibə səbəbindən Çindən Avropaya uzanan Şimal marşrutu artıq fəaliyyətini dayandırıb. Ona görə də orta dəhliz, yəni şərqdən qərbə uzanan yol hazırda ən effektli  marşrut hesab olunur. Azərbaycan işğalda olan torpaqlarını azad etməklə, orta dəhlizin ürəyində yerləşən bir ölkə kimi,  şərqlə qərbi birləşdirici rola çevrilib. Eyni zamanda əvvəllər yalnız enerji layihələri həyata keçirirdisə, indi qida və enerji  böhranı ilə üzləşmiş dünyaya yeni layihələr təklif edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti mövcud idi. Son zamanlar isə TANAP, TAP kimi layihələr cənubi qaz dəhlizinin həyata keçirilməsi baxımından dünya iqtisadiyyatına töhfə oldu. Həmçinin şimal və cənub dəhlizi üzrə ana xətt də Azərbaycan üzərindən keçir. Bir sözlə, ölkəmiz regionun nəqliyyat və enerji qovşağına çevrilib. Yeri gəlmişkən deyim ki, bu layihələrin həyata keçirilməsində qardaş Türkiyə Cümhuriyyətinin bizə böyük dəstəyi də olub.

Növbəti layihə isə Zəngəzur dəhlizinin açılmasıdır. Şərqdən qərbə minlərlə kilometr uzanan dəhlizin yalnız 35 kilometr hissəsi çatışmır. Bu da Ermənistanın konstruktiv olmayan siyasətinin nəticəsidir. Çünki 35 kilometr qısa bir yol minlərlə kilometr uzanan marşrutun həyata keçirilməsinə, funksional olmasına maneçilik törədir.  Bu, qəbuledilməzdir.

T.Gəncəliyev  dedi ki, indi dünya siyasi elmində orta güc “middle power” proeksiya edən ölkələr meydana çıxır. Hərbi, iqtisadi, siyasi cəhətdən yeni güc proeksiya edən, öz milli maraqlarını tanınmış sərhədlərindən kənara çıxarıb onu qoruyan, regional və dünya miqyasında daha konstruktiv layihələr, baxış bucağı təqdim edən ölkələrin bu istiqamətdə atdığı addımlar onları orta güc kimi səciyyələndirir.

Azərbaycan 44 günlük müharibədən sonra əldə etdiyi  Zəfərlə orta güc kimi üzə çıxdı, strateji düşüncə tərzinə sadiq olaraq strateji planlaşdırma apardı və beləliklə də, dünya hərb tarixində, diplomatik gedişlərlə diplomatiya tarixində özünəməxsus yer tutdu. Sözsüz ki, müharibədə qələbə çalmaq üçün təkcə güclü ordu yaratmaq kifayət etmir. Bunun üçün güclü diplomatiya, mükəmməl siyasi hazırlıq da tələb olunur. Azərbaycan dövləti ermənilərin başladıqları qəfil genişmiqyaslı müharibədə əks-hücuma keçənə qədər həm ordu, həm də diplomatiya baxımından  uğurlu nəticələr əldə etmişdi. Çünki yaxşı bilirdi ki, Ermənistanın dünya miqyasında çox sayda himayədarları var. Bu himayədarlar  Cənubi Qafqaz uğrunda mübarizədə Ermənistan amilindən yararlanmağa çalışırdılar.

İndi də diplomatik meydanda baş verən mürəkkəb proseslər kontekstində Azərbaycanın uğurlu siyasət apardığı, milli maraqlarımızı qoruduğu göz önündədir. Çünki orta güc mərkəzləri kimi görünən bəzi ölkələr çoxsaylı əhaliyə, böyük ərazilərə malik olurlar. Lakin onların proeksiya etdiyii güc heç regional çərçivəni əhatə edə bilmir. 86.6 kilometrlik ərazidə yerləşən 10 milyonluq əhalisi olan Azərbaycan böyük və orta güclərin həyata keçirə bilmədiklərini reallaşdırır. Ölkəmizin dünyanın əsas güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə, xüsusilə də İttifaqın icraedici qurumu funksiyasını həyata keçirən Avropa Komissiyası ilə münasibətləri buna bariz nümunədir. Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyimiz töhfə, dünya qida böhranına qarşı atdığımız addımlar, konstruktiv əməkdaşlıq, təkliflərimiz və s. göstərir ki, Avropa kimi güc mərkəzi Azərbaycanı etibarlı tərəfdaş sayır, münasibətləri dərinləşdirməyə çalışır. Məsələn, Avropa İttifaqının enerji komissarı, Avropa Komissiyasının rəhbəri ilə Bakıda enerji üzrə əməkdaşlıq memorandumu imzalandı. Dünyada nə qədər hidrokarbogen enerji yataqları olan ölkələr var. Onlarla böyük resurslara malik olmalarına baxmayaraq, etibarlı tərəfdaş sayılmadıqları üçün əməkdaşlıq edilmir.

Millət vəkili müsahibənin yekununda  bu gün Zəfər bayramını qeyd etməyi bizə bəxş etdiklərinə, bu hissi yaşatdıqlarına görə,  Ali Baş Komandan başda olmaqla, Azərbaycanın Rəşadətli Ordusuna təşəkkürünü bildirdi. Vətənimizin, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto