Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hərə bir qəhrəman oldu!

.

02.11.2022 10:59
97
A+
A-

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Onların kimisi, himnimizdə də deyildiyi kimi, hüququndan keçərək ən ali zirvə olan Şəhidlik zirvəsinə yüksəlib, kimisi isə sağlamlığını Vətən yolunda sədəqə deyərək qəhrəman oldu...   

Artıq 8 Noyabr - Zəfər Gününün - dövlətimizin ən şərəfli gününün ikinci ilini qeyd edirik. Bu şanlı tarix Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdı. Təbii ki, bu “hərflərin” əsas xəttatı da şəhid və qazilərimizdir. Bu iki il müddətində onların qəhrəmanlıqlarından, keçdiyi döyüş yollarından bəhs edən yazıları qəzetimizdə yetəri qədər yer ayırmışıq. Budəfəki Zəfər Günündə isə o qəhrəmanların döyüşlər zamanı keçirdiyi hisslərindən, duyğularından bəhs etmək istəyirik. Elə bu hiss və duyğuları müharibənin od-alovunun içindən çıxmış, nə qədər çətin, ağır olsa da, bir o qədər də şərəfli günlərin iştirakçılarının - o qəhrəman qazilərimizin dilindən eşitmək istədim.

Anar ƏSƏDOV 5 övlad atasıdır. Hərbçidir, rütbəsi çavuşdur. Anar bəy əslində ermənilərin müharibəyə başlayacağından, genişmiqyaslı hücuma keçəcəklərindən xəbərdar imiş. Ancaq o, böyük faciələrə səbəb olacaq bu xəbəri heç kəslə paylaşmır, hətta ən yaxınları ilə belə. Deyir, əslində mən də, hərbçi yoldaşlarım da, torpaqlarımızın düşməndən azad edilməsini o qədər çox istəyirdik ki, xəbəri alanda belə ağlımızdan qorxuya bənzər nəsə bir hiss keçməmişdi. Yalnız müharibəyə girməyə hazırlaşdığımız gün özümdən asılı olmayaraq övladlarım gözümün qabağına gəldi. Deyəsən, bir az qorxdum. Açığı, özüm üçün yox, onlar üçün qorxdum ölümdən: “Düşündüm ki, beş övladım var. Birdən mənə nəsə olsa, uşaqlarımın aqibəti necə olacaq?”. Ancaq bu narahatlıq uzun çəkməyib. Müharibənin başladığı gündən - artıq döyüşlərə qatıldıqları andan Anar üzərinə düşən məsuliyyətə köklənib: “Açığı, deyim ki, o andan etibarən nə ailəm, nə uşaqlarım ağlımın ucundan belə keçmədi. Elə bil, elə belə də olmalı imiş. Sanki illərdir bir imtahana hazırlaşırıq, bu gün artıq imtahan günümüzdür. Biz ya bu imtahandan keçəcəyik, ya da... “. Bir şeyə fikir verdim, Anar bəy cümləni axıra kimi bitirmədi. O an əmin oldum ki, bizim əsgərlərimiz məğlubiyyəti, ümumiyyətlə, ağıllarından belə keçirməyiblər.

Həsən YAQUBOV isə ordu sıralarına könüllü qatılıb. Həyat yoldaşından ayrılan Həsən 7 yaşlı övladını lap körpəliyindən öz anası ilə böyüdürmüş. Deyir, döyüşlərə qatıldıqda övladımı öncə Allaha, sonra isə anama əmanət etdim. Mən Həsənə sual verəndə ki, “Döyüşlərə qatılan zaman, az da olsa, qorxu hissi keçirdinizmi? Çünki sizə ehtiyacı olan azyaşlı buraxmışdınız arxanızda”, cavabında dedi: “Mən könüllü yollanmışdım müharibəyə. Əgər qorxsaydım, heç özüm öz istəyimlə bu addımı atardım?!... Mən televiziyada, sosial şəbəkələrdə görürdüm ki, əsgərlərimiz quru, buz kimi yerlərdə yatırlar. Özümə sığışdıra bilmirdim ki, onlar o cür şəraitdə yatır, mən isə isti yorğan-döşəkdə. Hər dəfə o görüntüləri izləyəndə vicdanım sızlayırdı”.

Həsən deyir, bizim ən böyük qorxumuz müharibənin dayanması idi. İstəmirdik ki, bu məsələ yenə yarımçıq qalsın: “Düzdür, orda güllə, minomyot atılan zaman insana həyəcan gəlir. Yeri gəlir, qorxursan da. Bu, o şəraitdə təbii hissdir. Mənim yanımda minomyot partladı və mən minomyotun dalğasına düşdüm. O zaman qorxu da, stres də, həyəcan da keçirdim. Daha sonra məni Qubadlıda bir briqadaya gətirdilər. Binanın kənarında dayanmışdıq. O binanı da vurdular. O an ürəyimdə Kəlmeyi-şəhadət gətirdim. Düşündüm ki, binanın daşı üzərimə töküləcək”.

Müharibə o qədər dəhşətli bir şeydir ki, insan öz insani hisslərini də itirir. Həsən deyir, müharibədə mənə xəbər gəldi ki, dayım dünyasını dəyişib. O qədər ölüm görmüşdüm ki, xətri mənə ən əziz olan dayımın itkisini çox adi qarşıladım.

Müsahibim bir xatirəsini də bizimlə bölüşdü. Dedi, övladım məndən velosiped istəmişdi, ancaq ala bilməmişdim. Dostuma zəng etdim, dedim, bilmirəm qayıdacağam, ya yox, övladımın istəyini ürəyində qoymaq istəmirəm. Ona velosiped al, apar ver: “Sağ olsun, dostum aldı. Bir dəfə ailələrimizlə danışmaq şansı yarandı. Evə zəng etdim. Oğlumdan velosipedini soruşdum. Dedi, “Ata, mən indi daha velosiped istəmirəm, mən səni istəyirəm. Özün gəl”. Nə yalan deyim, oğlumun dilindən o cümlələri eşidən zaman ağladım. Onda fərqinə vardım ki, 30 ildir o torpaqlara necə həsrət qalmışıqsa, arxada qoyduğumuz övladlarımızı, onların bizə möhtac olduğunu belə unutmuşuq. Öz övladımın timsalında Şəhid övladlarını artıq çox yaxşı başa düşürəm”.

Növbəti həmsöhbətim Şahin RƏHİMOV da arxada beş övlad qoyub döyüşlərə könüllü qatılanlardan olub. Hətta onu döyüşlərə göndərsinlər deyə, hərbi komissarlıqda çalışanlarla mübahisə də edib, baxmayaraq ki, iki gün imiş 5-ci övladı dünyaya gəlibmiş. Deyir, hərbi komissarlıqda biləndə ki, sonuncu övladım iki gün bundan qabaq dünyaya gəlib və hələ xəstəxanadan çıxmayıb, məni qediyyata salmaq istəmədilər: “4 gün Xızı Rayon Hərbi Komissarlığına ayaq döyəndən, orda dava-qırğın salandan sonra, nəhayət, oktyabrın 1-də məni “N” saylı hərbi hissəyə göndərdilər. Orda da ailə vəziyyətimi biləndə mənə dedilər, döyüşlərə qatıla bilməzsən, geri qayıtmalısan. Mən orda bircə kəlmə dedim: ya burda mənə vətən xaini adı verib öldürün, ya da məni ora göndərin. Bu qədər təkiddən sonra, nəhayət ki, döyüşlərə qatıldım”.

Şahin deyir, döyüşlərə nə qədər cəsarətlə qatılsan da, istər-istəməz insanın ürəyində bir qorxu, narahatlıq hissi yaranır. Orda tək özünü deyil, həm də döyüş yoldaşlarının da taleyini fikirləşirsən: “Mənim içimdəki qisas hissi o qədər böyük idi ki, döyüşlərə ilk qatıldıqda yaranan narahatlıq hissi artıq cəsarət, qorxmazlıq hissinə çevrilmişdi. İnanın, düşünmürdüm ki, mən arxada beş övlad qoyub gəlmişəm. İki alınacaq qisasım var idi, özümü ancaq o qisasa kökləmişdim: birincisi, torpaqlarımızı azad edib həmin torpaqlara qədəm qoymaq, ikincisi, başda generalımız Polad Həşimovun və mənim komandirim olmuş, 2010-cu ildə düşmənə əsir düşərək şəhid olmuş baş leytenant Fərid Əhmədovun qisasını almaq. Torpaqlarımız işğaldan azad olunduqca, hər o xəbərləri aldıqca keçirdiyimiz sevinc hissini kaş sözlə ifadə edə biləydim. O an necə gözəl əhval-ruhiyyədə olurduq. Daha da irəli getmək həvəsi yaranırdı içimizdə, daha çox torpaqlar azad etmək istəyi ilə atılırdıq döyüşlərə. O anlar bizim üçün ən həyəcanlı, ən gözəl anlar idi. Döyüşlərə ilk qatılan zaman keçirdiyimiz narahatlıq hissindən əsər-əlamət belə qalmamışdı. Hamı bilirdi ki, orda ölüm var, biz ölə bilərik. Ancaq bircə məqsədimiz var idi: irəli getməliyik...”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR:

Foto