Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kimlər şəhid ailə üzvləri sayılır?

.

02.11.2022 11:47
277
A+
A-

Kimlər şəhid ailə üzvləri sayılır?

 

Sabiq RƏSULOV, Quba rayonu.

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci maddəsinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

- arvadı (əri);

- valideynləri;

- 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar;

- babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa.

18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar) əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Mirasın qəbul edilməsi haqqında məlumat verməyinizi xahiş edirəm.

Tahir ƏLİYEV, Biləsuvar rayonu.

 

- Mirasın qəbul edilməsi üçün vaxtın uzadılması və sair məlumatlar Mülki Məcəllə ilə tənzimlənir. Məcəllənin müvafiq maddələrində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.

Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.

Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Bu halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

ETİKETLƏR: