Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Biznesin vergi yükü və sosial sığorta haqqı azaldılacaq

.

02.11.2022 12:41
17
A+
A-

Dünya Bankı (DB) Azərbaycanda aparılan islahatlara dəstək məqsədilə hökumət qarşısında yeni iqtisadi təşəbbüslərlə çıxış edib. Bank tərəfindən Azərbaycan hökumətinə təqdim edilən “Əlverişli biznes mühiti” layihəsində 10 indikator müəyyən edilib ki, onların hər biri birbaşa biznes sektorunda çoxşaxəli islahatların aparılmasını və yeni meyarların hazırlanmasını nəzərdə tutur. Həmin indikatorların sırasında “biznesə başlama” və “vergilərin ödənişi” birbaşa vergi məsələlərinə aiddir. DB azad biznesin inkişafında xüsusi rol oynayan vergi mühitinin daha da optimallaşdırılması və vergi yükünün azaldılmasını təşviq edən stimulların verilməsi məqsədilə hər iki indikatorun təkmilləşdirilməsini tövsiyə edir. Bank bildirir ki, qarşıdakı illərdə islahatlar çərçivəsində vergi qanunvericiliyində bəzi əlavə dəyişikliklər etməklə biznesin vergi yükünün azaldılması, eləcə də sosial vergi dərəcələrinin aşağı salınması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır.

Dövlət Vergi Xidməti DB-nin tövsiyələrini nəzərə alaraq layihədən irəli gələn indikatorlarla bağlı Yol Xəritəsi hazırlayıb. “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaları və təcrübələri təhlil etməklə onların təkmilləşdirilməsi, biznesin cəlbediciliyinin artırılmasına nail olmaq üçün ortamüddətli dövrdə həyata keçiriləcək təşəbbüsləri dəstəkləmək və sahibkarlarla sıx işbirliyi mühitində gələcəkdə görüləcək işləri müzakirə etməkdir. Başlıca əsas məqsəd vergitutma sahəsinin təkmilləşdirilməsi sayəsində biznesə başlamaq üçün tələb olunan prosedurların asanlaşdırılması, eləcə də vergitutma indikatorlarının sadələşdirilməsidir.
Hazırda Vergi Xidmətinin İşçi qrupu biznes icması ilə birlikdə Yol Xəritəsində nəzərdə tutulan vergi yükü və vergi sistemlərinin səmərəliliyinə dair məsləhətləşmələri davam etdirir.
Vergi islahatları çərçivəsində hansı dəyişikliklərin edilməsi nəzərdə tutulur?
Birinci dəyişiklik biznes fəaliyyətinə başlamaq üçün vergi qaydalarına əməletmə və sərf edilən vaxt göstəricilərinin azaldılmasını nəzərdə tutur. Belə ki, sahibkarın biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcminin daha da sadələşdirilməsi gözlənilir. Söhbət bütün biznes subyektlərinin, o cümlədən də kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayının, qeydiyyat üçün elektron imzanın alınması üzrə günün azaldılmasından gedir. Bu indikator üzrə həm də xarici hüquqi şəxslərin ölkəmizdə qeydiyyatdan keçmə proseslərinin səmərəliliyi və asanlığına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə layihə üzrə İşçi qruplarının tərkibinə özəl sektorun, o cümlədən Azərbaycanda fəaliyyət göstərən xarici biznes icmasının nümayəndələri cəlb olunacaq.
Təhlillərə əsasən, xarici sərmayəçilər biznesin qeydiyyatı və vaxt amilinə mühüm önəm verirlər, bu sahədə təkmilləşdirmələrin aparılması Azərbaycanda əlverişli sərmayə mühitinin daha da yaxşılaşmasında, xarici biznesin marağının artmasında təkanverici faktoru sayıla bilər.
İkinci dəyişiklik isə birbaşa vergi yükü ilə bağlıdır. “Vergitutma” indeksi üzrə metodologiyaya əsasən, şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil, yol vergiləri və sair aiddir. Yeni islahatlar çərçivəsində vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi, o cümlədən sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılmasının təkmilləşdirilməsi sahəsində yeniliklər nəzərdə tutulur.
Burada gözlənilən əsas dəyişiklik sosial vergi ödəmələri ilə bağlıdır. Xüsusilə kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin azaldılması gözlənilir. Xatırladaq ki, Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında müvafiq qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti hesab olunur. Hazırda özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafını stimullaşdırmaq üçün müxtəlif stimullar və vergi optimallaşdırılması mexanizmləri tətbiq edilsə də, əlavə optimallaşdırmaların tətbiqi zəruri hesab edilir. Bu baxımdan mikrobiznes icmasının təklif və müraciətləri əsasında onların fəaliyyətinə daha çox təsir göstərən sosial vergi dərəcələrinin (məcburi dövlət sosial sığorta haqqı) azaldılması aktuallaşıb.
Məsələ ondadır ki, sosial vergi dərəcələrinin azaldılması mikro biznes sahiblərinin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi aylıq məcburi sosial sığorta haqlarının azalması fonunda onların fərdi uçot hesabındakı pensiya kapitalının məbləğinə də təsir edəcək. Belə ki, sosial vergilərin azaldılması  gələcəkdə mikrosahibkarların pensiya kapitalının digər sahibkarlarla müqayisədə azalmasına səbəb olacaq. Bu isə bəzi sahibkarların mənafeyinə uyğun deyil. Ona görə də bu istiqamətdə kiçik sahibkarların özlərinin arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bu məqsədlə vergi optimallaşması ilə bağlı müzakirələrdə biznes icmasının fikirləri və rəyi nəzərə alındıqdan sonra yekun qərar veriləcək.
Vergi səmərəliliyi ilə bağlı islahatlar çərçivəsində üçüncü dəyişiklik sahibkarların ödədiyi artıq vergilərin daha tez və operativ mexanizm əsasında geri qaytarılmasının təmin olunmasıdır. Bu məsələ ilə əlaqədar artıq vergi ödəmələrinin çevik qaytarılmasını nəzərdə tutan meyarların hazırlanması üçün işlər görülür. Həmin meyarlara əsasən, qarşıdakı ildən etibarən artıq ödənilən vergilərin geri qaytarılması mexanizminə sosial ödənişlər də əlavə olunacaq. Yəni artıq ödənilən vergilərin geri qaytarlma sistemi olan “Vahid elektron lövhə”yə sosial sığorta haqları üzrə artıq ödənişlər də əlavə olunacaq.

 

Elbruc Cəfərov

ETİKETLƏR: