Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideynlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”

Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb.

05.11.2022 20:01
3
A+
A-

Noyabrın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bu humanitar missiya 8 Noyabr - Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarına əsasən  həyata keçirilib.

Yolasalma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində bildirib ki, qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması  hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar təqdim edirlər. Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunublar. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.

Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağırışlarına adekvat cavab verilir, tərəfimizdən bir sıra xeyirxah addımlar atılır.

S.Möhbalıyev deyib ki, AHİK İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3900, 2021-ci il martın 17-də 3900, həmin il mayın 8-də 4000, bu il martın 16-da 4065 şəhid ailəsi və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 20 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb.

İndiki tədbirimiz də bu nəcib missiyanın davamıdır. Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikamızın müxtəlif bölgələrinə ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərir.

Milli Məclisin deputatı Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, düşmənin işğalçı ordusunu məhv edən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan da söz açıb. Deyib ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. İkinci Qarabağ müharibəsi zamanı xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşdi. Milli həmrəylik nümayiş olundu. Dövlət başçısının gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Cəsur igidlərimiz döyüş əməliyyatlarında qəhrəmanlıqlar göstərdilər. Düşmən mövqelərini darmadağın edərək yalnız irəli getdilər. Onların döyüş taktikası və qəhrəmanlığı bu gün dünyanın aparıcı hərb məktəblərində böyük maraqla öyrənilir. Bu Zəfəri bizə yaşadan igidlərimizi, qazilərimizi, şəhidlərimizi, onların qəhrəmanlığını Azərbaycan xalqı heç vaxt unutmayacaq.

S. Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları müharibə dövründə Ordumuza, döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrə, o cümlədən əsgər və zabitlərimizə maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirib. Vətən müharibəsi dövründə İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına  1 milyon manatdan çox ianə edilib. Qarabağ Dirçəliş Fonduna 1 milyon 300 min manatdan çox vəsait köçürülüb, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 milyon manatdan çox, “YAŞAT” Fonduna təxmini olaraq 700 min manat ianə edilib. Ümumilikdə şəhid və qazi ailələrinə 4 milyon manatdan çox birdəfəlik yardım göstərilib.

 

Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat köçürülüb.

Və bu missiya müharibədən sonrakı dövrlərdə də davam etdirilir. AHİK şəhid ailələrinin qayğıları ilə maraqlanır, üzləşdikləri problemlərin həllində yardımçı olur, hüquqlarını müdafiə edir, eyni zamanda davamlı olaraq onlara maddi və mənəvi dəstək göstərir. İndiyə qədər AHİK tərəfindən 201 şəhidin 346 övladı himayəyə götürülüb. Onların hər birinə 18 yaşına çatanadək hər ay 150 manat ödəniləcək.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 min manat vəsait ayrılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Ümumilikdə postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvlərinin, qazilərin məşğulluğuna dəstək göstərilib. 

Həmçinin mütəmadi olaraq təşkil olunan şəhid ailələri ilə görüşdə onların qaldırdığı problemləri dinləyir, çalışırıq ki, imkan daxilində səsləndirilən məsələlərin həllinə nail olaq. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maraqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur.

AHİK sədri  deyib ki, Azərbaycan həmkarlar ittifaqları 20 Yanvar şəhidlərinin, Birinci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri və eləcə də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini hər zaman diqqətdə saxlayır.

Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir. Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideynlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq.

ETİKETLƏR: