Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uzunömürlülük,

yoxsa əməkqabiliyyətli olan insanların sayının azalması...

10.11.2022 12:59
223
A+
A-

Pensiya təminatı sisteminin qiymətləndirilməsində nəzərə alınması zəruri hesab edilən göstəricilərdən biri də yaşlılıq asılılığı əmsalıdır. Bu göstərici iqtisadi cəhətdən qeyri-fəal yaşda (65 yaş və yuxarı) olan insanların sayının əməkqabiliyyətli yaşda (15-64 yaş) olan insanların sayına nisbəti kimi müəyyən edilir.

“2021-ci ilin 01 yanvar tarixinə əmək qabiliyyətli yaşda olan hər 100 nəfərə 10,7  65 yaşdan yuxarı yaşda şəxs düşdüyü halda, 2022-ci ilin müvafiq dövründə bu göstərici 11,3 olmuşdur. Bu dinamika ölkədə əməkqabiliyyətli yaşda olan əhali sayının artımı ilə müqayisədə yaşlanmanın daha sürətlə baş verdiyini əks etdirir”.

 Verilən məlumat  “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Burada ən azı üç düşündürücü amilə  rast gəlirik. İlk növbədə qeyd edək ki, yaşlanmanın artım tempinə sahib olması öz növbəsində yaşa görə əmək pensiyası ilə təmin edilən şəxslərin sayının artması deməkdir. Lakin statistik məlumatların təhlili göstərir ki, 2021-ci ilin 01 yanvar tarixinə yaşa görə pensiyaçı kimi qeydiyyatda olmuş şəxslər 65 yaşdan yuxarı olan əhalinin 94,7%-ni təşkil etdiyi halda, 2022-ci ilin 01 yanvar tarixinə bu göstərici 88,4% olmuşdur.

İkinci məqam isə statistik hesablamalara əsasən, Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib. Rəsmi məlumata görə, vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub. 

Bu statistikaya təsir edəcək digər amil isə ölkədə ilbəil doğulanların sayında azalmanın müşahidə olunmasıdır.  Bunu  bilmək üçün son 3 ilin statistikasına nəzər salmaq kifayət edir. Belə ki, 2019-cu ildə 141179, 2020-ci ildə 126571, 2021-ci ildə isə 101775 nəfər təbii artım olub.

Təqdim olunan bu statistik göstəricilərin  nəticəsində sual yaranır ki, 65 yaş və yuxarı olan insanların sayının əməkqabiliyyətli yaşda (15-64 yaş) olan insanların sayına nisbətən çoxalma səbəbi ölkəmizdə uzunömürlülüyün yaranması, yoxsa əmək qabiliyyətli olan insanların (15-64 yaş) sayının azalmasıdır?

Bəs bu proses davamlı ola bilərmi?  Əməkqabiliyyətli insanların hər 100 nəfərinə düşdüyü pensiyaçı faizində artım tempi davam edərsə, yaxın gələcəkdə əhalinin pensiya təminatında bu özünü necə göstərər? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, Azərbaycan hələ də ümumi vətəndaşları içərisində əməkqabiliyyətli əhalisinin çəkisi yüksək göstəricilərə malik olan ölkələr sırasındadır. Təbii ki, bu sahədə rəqəmlər mütəmadi olaraq dəyişir. Hesab edirəm ki, ölkədə əməkqabiliyyətli yaşda olan əhali sayının artımı ilə müqayisədə yaşlanmanın daha sürətlə baş verdiyini əks etdirən bu statistikaya isə İkinci Qarabağ müharibəsi və pandemiyanın təsiri böyük olub. Belə ki, bu son hadisələr  həm orta yaşlıların, həm də bütövlükdə əməkqabiliyyətlilərin çəkisinin ümümi əhalinin sayı içərisində azalmasına səbəb oldu. Ona görə də statistik hesablamalar zamanı uzunömürlülərin say nisbətində fərq yarandı. Bu hal elə də böyük təşviş yaratmamlıdır. Çünki ölkədə təbii artım müsbətdir.

Eyni zamanda əməkqabiliyyətli əhalinin yaxın dövrlərdə yenə sayının çoxalması istisna deyil.  Bunun üçün yeni çoxsaylı iş yerlərinin yaradılmasına ehtiyac var. Bu istiqamətdə özəl sektorun inkişafı, daha yaxından dəstəklənməsi lazımdır.

Millət vəkili Razi Nurullayev də mövzu ilə bağlı qeyd etdi ki, insanların daha çox hissəsi, 60-70 faizi 65 yaşına çatmadan, yəni pensiya almadan dünyasını dəyişir. Ona görə də pensiya yaşının aşağı salınmasına ehtiyac var. Bunu kontur-arqument kimi bir çox mütəxəssislər, ekspertlər, hətta hökumət nümayəndələri də qeyd edir. Dünyanın bir çox ölkəsində pensiya yaşı ən azı 65, bəzi ölkələrdə 68-70-dir. Amma həmin ölkələrdə insanların həyat səviyyəsi daha yüksəkdir. Onların orta ömürlülük səviyyəsi də Azərbaycandan daha yüksəkdir. Bu, faktdır. Ölkəmizdə isə  insanların sosial rifahı, yaşayışı yaxşılaşsa, insan ömrü 3-4 il uzadıla bilsə, o zaman bunu əsaslandıra, qəbul edə bilərik. Amma indiki halda göstərilən son statistik göstəricilərin səbəbini təhlil etmədən,  uzunömürlülüyün yaranması ilə əlaqələndirib,  dünya ilə yarışa girib insanların pensiya yaşı həddini  aşağı salmaq əvəzinə, yuxarı qaldırmaq düşüncəsi belə yolverilməzdir. Çünki heç indi də düzgün addım atmamışıq. Hazırkı şərtlərlə birmənalı olaraq pensiya yaşı aşağı salınmalıdır. Təəssüflə bildirirəm ki, sadəcə, statistikanı  düzgün təhlil edib, Azərbaycan əhalisinin orta yaş həddini düzgün qiymətləndirə bilmirlər ki, insanlar nə qədər uzunömürlüdür...

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: