Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaq dünyaya gətirən “uşaqlar”

“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir  qıza təhsil verməklə isə təhsilli bir ailə”. H.Z.Tağıyev

10.11.2022 13:01
94
A+
A-

Ailə kiçik bir dövlətdir, bu dövləti idarə etmək isə çox böyük məsuliyyət tələb edir. Son zamanlar televiziya ekranlarında, sosial mediada hansısa azyaşlı qızın gizlincə evləndirilməsi, yaxud da bu cür erkən yaşda evləndirilməyə məcbur edilən “uşaqların” uşaq dünyaya gətirməsi xəbərlərinə tez-tez rast gəlirik. Uşaq dünyaya gətirərkən, ailədaxili şiddət zəminində dünyadan köçənlər də əsasən elə bu qızcığazlar olur. Qanun o yaşda uşağın evliliyinə qarşı olsa da, bəzi “valideynlər” heç bir qanuna məhəl qoymadan qızlarının əlindən kitabı, dəftəri alıb həyatın ən məsuliyyət tələb edən anına gözlərini qırpmadan atırlar. Yuxarıda da sitat gətirdiyim kimi, bir qadını təhsildən məhrum etmək bir ailəni təhsilsiz qoymaq deməkdir. Ancaq, təəssüf ki, bir zamanlar özləri də kiçik yaşlardan bu məsuliyyətə məhkum edilən qadınların bu gün öz övladlarına ötürə biləcəyi heç nə olmur.

Elə bu yaxınlarda Dövlət Statistika Komitəsi də nikah yaşına çatmayan qızların uşaq dünyaya gətirməsi ilə bağlı statistikanı açıqladı. Statistika əsasən 16-19 yaş qadınlar arasında aparılmışdı. Məlum olub ki, 84 körpəni 16 yaşa qədər qadın, 341-ni 16 yaşda, 1225-ni 17 yaşda, 2972-ni 18 yaşda, 4854-nü isə 19 yaşda olan qadınlar dünyaya gətirib. Rəqəmlər, həqiqətən də, vəziyyətin ciddiliyindən xəbər verir. Bəs, yaxşı, bu məsələyə dövlət səviyyəsində necə baxılır? Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə bu rəqəmlər artan, ya azalan templə gedib?

Suallarımıza cavab tapmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərova müraciət etdik. Elgün müəllim dedi ki, 2012-2020-ci illərə nisbətən yetkinlik yaşına çatmayan şəxslər tərəfindən uşaq dünyaya gətirilməsi halında azalma faktı qeydə alınıb: “Düzdür, rəqəmlərə baxanda kənardan vəziyyətin heç də yaxşı olmadığı görünür. Ancaq bu rəqəmləri öncəki illərlə müqayisə etsək görərik ki, erkən nikahlardan doğulan uşaqların sayı, deyərdim ki, ildən-ilə azalır. Baxın, bu cür nikahlardan 2012-ci ildə 5 min, 2019-2020-ci illərdə isə 2500-3200 civarında uşaq dünyaya gəlmişdisə, 2021-ci il üçün qeyd olunan rəqəm artıq müsbət tendensiya kimi qiymətləndirilə bilər. Bu da, təbii ki, bu istiqamətdə apardığımız mübarizənin nəticəsidir. Hətta bizim təhlillərimizin nəticəsi əsasında qeyd edə bilərəm ki, gələn illərdə statistikada daha çox azalma müşahidə edəcəyik. Bu ilin nəticəsinə gəldikdə isə, ilin sonunda statistika artıq təqdim olunacaq.

Ümumiyyətlə, onu deyə bilərəm ki, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işlərinin aparılması, uşaqları nikaha məcbur etməyə görə Cinayət Məcəlləsində qeyd olunan maddələr tətbiq edildiyi halda, məhkəmə tərəfindən həmin maddələrə əsasən müsbət nəticə əldə edilməsi bu problemlə mübarizədə atılan ən vacib addımlardır”.

Şöbə müdiri dedi ki, bu cür nikahlar əsasən cənub rayonlarımızda və Bakının bəzi kəndlərində müşahidə olunur: “Təbii ki, bununla bağlı tərəfimizdən mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Maarifləndirmə işləri təkcə məktəbdə yox, sosial şəbəkələrdə, televiziyada da aparılır. Bilirsiniz ki, yerli icra hakimiyyətlərinin nəzdində Gender Əsaslı Zorakılıqla Mübarizə Komissiyaları var, hansı ki, bu komissiyalar vasitəsilə birbaşa preventiv, operativ tədbirlər görülür. Faktla bağlı hansısa bir ipucu olduğu halda, avtomatik olaraq mexanizm işə düşür və beləliklə də, müsbət nəticə əldə etmək olur. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, uşaq nikahları yolverilməzdir və uşaqlar tərəfindən doğuşların həyata keçirilməsi məqsədəuyğun hesab edilmir. Bəli, mən də razıyam, doğuş zamanı ya ana, ya da körpə ölümlərinə ən çox yetkinlik yaşına çatmayan qızlarda rast gəlinir. Ona görə də bildirmək istəyirəm ki, bu faktların aradan qaldırılması üçün ölkəmizdə təkcə bir qurum deyil, 11 qurum fəaliyyət göstərir. Onu da qeyd etmək istəyirəm ki, bu ilin uşaq hüquqlarının müdafiə edilməsi çərçivəsində aparılan hesabatda BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə uşaq nikahlarının aradan qaldırılması ilə bağlı tədbirlərin daha da gücləndirilməsi istiqamətində Azərbaycan hökumətinə tövsiyələr edilmişdir.

“Ana olmaq dedikdə, burada təkcə bioloji analıqdan söhbət getmir, qadın mütləq öz şəxsi inkişafını tamamlamalıdır ki, ondan sonra yetişdirəcəyi uşağa tam tərbiyə verə bilsin”. Bunu Amerika Beynəlxalq  Nevrorequlyasiya və Tədqiqatlar  Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova dedi: “Analar çox zaman erkən yaşlarından qız uşaqlarına yemək bişirməyi, evə,  uşağa baxmağı, qarnını doyurmağı öyrədirlər və fikirləşirlər ki,  bir qadın əgər bunları bilirsə, demək, evliliyə hazırdır. Əslində isə bu, belə deyil. Ana olmağa hazırlaşmaq üçün bir qadına təkcə evə baxmaq, təmizlik etmək deyil, bir uşağa doğru tərbiyə verməsi, cəmiyyət üçün faydalı bir insan kimi böyüməsi üçün yetərli savad və dünyagörüşü lazımdır. Savad dedikdə isə, təkcə təhsildən söhbət getmir. Savadlı, dünyagörüşlü olmaq insanın aldığı tərbiyədən və özünü nə qədər inkişaf etdirməsindən asılıdır.

Yeni təsnifatda insanın yeniyetməlik yaşı 21 yaşa qədər qaldırılıb. Yəni insan 21 yaşa qədər öz şəxsi inkişafı üzərində işləyə bilər. Ekən ana olan qadınlar, misal üçün, 30 yaşına çatdıqda, artıq yeniyetməlik yaş böhranını keçirən bir övlad sahibi olur. Təbii olaraq bu böhranı həm özü, həm də övladı yaşayır və  özünü qadın kimi kəşf edən dövrlərdə analıq məsuliyyəti altında əzilir. Ona görə də bir qadının bu yükü qaldırması üçün onun mütləq şəkildə psixo-emosional sferası çox önəmlidir”.

Müsahibim dedi ki, bu mübarizə təkcə dövlət qurumları tərəfindən deyil, cəmiyyət tərəfindən də aparılmaldır: “Məsələn, həmin toylara dəvət olunuruqsa, getməməklə, hüquq-mühafizə orqanlarına məlumat verməklə və ya o adamı ayıblamaqla azyaşlı uşaqların evliliyə zorlanmasına və ya təşviq olunmasına göz yummamalıyıq. Onu da qeyd edim ki, bu cür evliliklər təkcə zorakılıqla olmur. Bəzi ailələr var ki, qızlarını çox erkən yaş üçün evliliyə hazır böyüdürlər. Bir növ o ailədə böyüyən qız artıq 14-15 yaşına çatdıqda evlənməli olduğunu şüuraltına yazır. Amma, şükürlər olsun ki, öncəki zaman ilə müqayisədə indi bu hallar daha azdır”.

Narınc xanım dedi ki, həmin qızlar uşaqla birlikdə özləri də böyüdüyü üçün övladlarının tərbiyələrində də problemlər yaşanır. Uşaqlar daha çox onları dünyaya gətirənləri deyil, evdə olan nənəni və ya yaşlı adamı ana kimi, öz anasını isə yaşıdı kimi görməyə başlayır. Bu da ana ilə övlad arasındakı münasibətlərin doğru qurulmamasına, artıq anasının sözünə əhəmiyyət verməməsinə, anasını özündən gücsüz görməsinə gətirib çıxarır. Çünki hər birimizin həyatında ana-ata modeli hər zaman ideal olur. Ən azından yeniyetməlik dövründə olan uşaqlar üçün bu belədir. Əgər uşaq özünü kəşf edən yaşında, yəni 3-4 yaşında anasını 17-18 yaşında uşaq kimi görürsə, bu zaman anasının qoyduğu qaydalara, izah etdiyi müəyyən şeylərə də əhəmiyyət göstərmir, ananı rəfiqə kimi görür.

Psixoloq onu da qeyd etdi ki, erkən yaşda ana olan qadınların irəli yaşda nevroz olma riski çox böyükdür: “Çünki doğuş ağrısı dünyada ağrılar içərisində ikinci yerdədir. Nəinki psixoloji , həm də fizioloji olaraq hazır olmayan qadının doğuş sancısı çəkməsi və uşağını dünyaya gətirməsi ona nevroloji, psixoloji travma verir və belə qadınlar daha əsəbi, uşağa şiddət göstərən analar olurlar. Belə qadınlar daha tez depressiyaya düşürlər. Ona görə də erkən nikah həm ananın, həm də uşağın psixoloji durumuna böyük, silinməz  zərbədir!”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: