Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşğaldan azad edilmiş ərazilərdə 10 illik vergi güzəştləri tətbiq ediləcək

.

10.11.2022 13:17
49
A+
A-

Məlum olduğu kimi, Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunmaqdadır. Büdcə sənədinə daxil olan ən mühüm layihələrdən biri Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə bağlıdır. Məcəlləyə dəyişikliklər layihəsində əsas prioritetlər sırasında vergi güzəşt və azadolmalarının əhatəsinin artırılmasıdır. Vergi güzəştləri prinsip etibarilə bir neçə sahəni nəzərdə tutsa da, başlıca fundamental güzəşt paketi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə uzunmüddətli vergi tətilləri ilə əhatə olunması və həssas sosial qrupların vergilərinin aşağı salınması və sosial sığorta təşviqlərinin verilməsi ilə bağlıdır.

İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri bir neçə vergi növü üzrə azadolmanı nəzərdə tutur. Belə ki, dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən, azad edilən ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, zəruri  infrastrukturların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə azad olunan ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaq.

Həmçinin Vergi Xidmətinin müvafiq  siyahısı əsasında təsdiq ediləcək istehsal fəaliyyəti sahələrində çalışan biznes icmasının xammal və materialların idxalına görə, ƏDV-dən azad edilməsi  nəzərdə tutulur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan, yəni qeyri-neft sektorunun təmsilçilərinin maliyyə yükünün azaldılması məqsədilə onların ödədiyi sosial sığorta haqlarının dərəcələri (15 faiz dərəcə) tədricən hər il azaldılacaq. Yəni sığortaedən sahibkarlıq subyektinin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sığorta haqqı 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək 15 faiz, 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək baza məbləğin (15%-in) 80%-lik nisbəti həddində olan 12% hesablanmaqla tutulacaq. 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək sosial sığorta haqqı baza məbləğinin 60%-i nisbətində, yəni 9% faiz tutulacaq. 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək olan dövrdə isə sahibkarlıq subyektlərinin aylıq sosial sığorta ödənişlərinin məbləği 40% həcmində, yəni 6 % olmaqla hesablanacaq. Beləliklə, hər 3 ildən bir sahibkarların sosial sığorta ödənişləri 3 faiz, hər il 1% azalacaqdır. Sahibkarlara verilən bu güzəşt sayəsində Dövlət Sosial Müdafiə Fondunun itirdiyi məbləğləri isə dövlət büdcəsindən subsidiya şəklində kompensasiya edilməsi nəzərdə tutulubdur. Həmçinin azad edilmiş ərazilərdə çalışan fərdi sahibkarların və özünü sığortaedən fiziki şəxslərin minimum əməkhaqqı əsas götürülməklə ödəniləcək sığorta haqları 100 % nisbətində dövlət büdcəsindən kompensasiya edilməklə subsidiyalaşdırılacaq.

Azad edilmiş ərazilərdə işləyən peşəkar kadrların da sosial vergilərlə əhatə edilməsi Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər sırasındadır. Belə ki, bu bölgədə işləmək üçün müraciət edən ali təhsilli mütəxəssislər və eləcə də müxtəlif peşə sahiblərinə 2023-cü il yanvarın 1-dən 2028-ci yanvarın 1-dək həm sosial güzəştlər olunacaq, həm də əməkhaqlarına xüsusi əmsallar üzrə artımlar tətbiq olunacaq.

Onu da xatırlatmaq lazımdır ki, vergi tətil və güzəştləri azad edilmiş ərazilərdə maliyyə sahəsində çalışan, eləcə də avtonəqliyyat vasitələri üzrə yükdaşımada fəaliyyət göstərən şəxslərə, eləcə də dövlət büdcəsinin vəsaitləri hesabına iş və xidmətləri təqdim edən podratçı şirkətlərə şamil olunmayacaq.

2023-cü ildən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara digər əlavə vergi-gömrük güzəştlərinin verilməsi, investisiyaların vergi yolu ilə təşviq edilməsi, eləcə də ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorlara da güzəştlərin verilməsi nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi və turistlərin axınının stimullaşdırılması məqsədilə vergi stimulları da nəzərdə tutulub. Belə ki, həmin ərazilərə səyahət edəcək turistlərin nağdsız ödənişlərə marağının artırılması məqsədilə hotel, istirahət mərkəzləri və digər bu tipli turizm obyektlərinin müştərisi olan turistlər nağdsız qaydada ödədikləri pulun ƏDV-sinin 30 faizini geri alacaqlar. Bu, kifayət qədər böyük ƏDV güzəşti deməkdir. Turistlərə həmin ödəniş dərhal “Cash back”  formasında kartlarına geri ödəniləcəkdir.

2023-cü ildə Vergi Məcəlləsində sosial xarakterli güzəştlər isə həssas əhali qrupunun vergi yükünün azaldılmasını nəzərdə tutur. Hazırda həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları əldə etdikləri əməkhaqqı gəlirinin 400 manat məbləğində vergi güzəşti ilə əhatə olunub. Eyni zamanda hazırda şəhid ailələrinə ödənilən məbləğin 800 manat hissəsi, ümumiyyətlə, sosial vergilərdən azad olunacaqdır. Növbəti ildən isə həmin kateqoriyadan olan şəxslərin 1000 manatadək olan gəlirləri vergiyə cəlb edilməyəcəkdir. Bu güzəştlər 20 Yanvar şəhidlərinin valideynləri və arvadlarının (ərləri) əldə etdikləri əməkhaqqı gəlirlərinə da aiddir. Həmçinin güzəşt siyahısına 20 Yanvar şəhidlərinin övladlarının da əlavə edilməsi nəzərdə tutulur.

Beləliklə, 2023-cü ildə vergi güzəşt və azadolmalarının tətbiqi sayəsində dövlət büdcəsi kifayət qədər vergi məbləğini “itirmiş olacaq”. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” vasitəsilə aparılan qiymətləndirməyə əsasən, 2023-cü ildə 7,8 milyard manat və ya 2022-ci ilin gözlənilən vəsaiti ilə müqayisədə 545 milyon manat çox vergi güzəşti məbləği proqnozlaşdırılır. Həmin məbləğin 79,5 faizi və ya 6,2  milyard manatı ölkədaxili əməliyyatlara, 20,5 faizi və ya 1,6 milyard manatı isə idxal əməliyyatlarına görə dövlət büdcəsinə hesablanmayan güzəşt və azadolmalar təşkil edəcəkdir.

Elbrus CƏFƏROV

ETİKETLƏR: