Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İntizam tənbehi hansı müddətdən sonra götürülür?

Səlimə VEYSƏLOVA, Şirvan şəhəri.

10.11.2022 13:40
33
A+
A-

İntizam tənbehi hansı müddətdən sonra götürülür?

 

Səlimə VEYSƏLOVA, Şirvan şəhəri.

- Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

 

Şəhid adı necə əbədiləşdirilir?

 

Səma HACIYEVA, Bakı şəhəri.

-“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Bu əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

- qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;

- şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:

- ailə başçısını itirməyə görə əmək pensiyası təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir

- işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;

- həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;

- dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;

- tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər;

- sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.

ETİKETLƏR: