Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının V Ümumdünya Qurultayı keçirilib

Səttar Möhbalıyev yenidən BHİK-in vitse-prezidenti vəzifəsinə seçilib

23.11.2022 11:42
29
A+
A-

 Noyabrın 17-22-də Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Ümumdünya Qurultayı keçirilib.

 Qurultayda BHİK-ə üzv ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

 Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 Qurultayda müzakirələr yeni sosial müqavilənin əsasını təşkil edən iqlimə uyğun iş, işçilərin hüquqları, ədalətli əməkhaqqı, sosial müdafiə, bərabərlik və inklüzivlik və s. mövzular ətrafında aparılmışdır. Tədbirdə BHİK-in prezidenti Ayuba Vabba (NLC Nigeriya), Avstraliya Həmkarlar İttifaqları Şurasının  prezidenti Mişel O’Neil və Avstraliya Həmkarlar Ittifaqlari Şurasının katibi Sally Mak Manus və digərləri çıxıs ediblər.

 BHİK-in Baş katibi xanım Şaran  Barrou son 4 ildə rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeniliklər barədə hesabat verib. O bildirib ki, həmkarlar ittifaqlarının sülh, ədalət və demokratiya naminə fəaliyyətinə dair çoxlu nümunə var. Biz bu nailiyyətlərlə fəxr edirik və onlardan aldığımız ilham hər yerdə həmkarlar ittifaqlarına əsas azadlıqlar, demokratiya və sülh üçün plan və kampaniya aparmağa kömək edəcək. Bizə tam məşğulluğa, layiqli işə və ortaq rifaha əsaslanan yeni biznes modelləri ilə yeni iqtisadi model lazımdır. Bu, icmaların və iqtisadiyyatların sabitləşməsinə səbəb olacaq, yoxsulluq və təcridlə mübarizə apararkən dinc birgə yaşayışın ümumi təhlükəsizliyini yaratmağa kömək edəcək. Qayğı iqtisadiyyatına yüksək keyfiyyətli iş yerləri yaratmaq üçün sərmayə imkanı yaradan, ümumi rifah və ədalətli keçidlərlə yeni sosial müqavilə deməkdir.

 Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş açılış mərasiminə onlayn qaydada qoşulub.

 Sonra Plenar iclasda milli həmkarlar ittifaqlarının məruzələri dinlənilib.

 Qurultayın ikinci günü seçki hesablama komissiyasının tərkibi  müəyyənləşib.

 Qurultayın üçüncü günündə ABŞ Prezidenti Cozef Bayden videomüraciətlə çıxış edib, qurultayın işinə uğurlar arzulayıb.

 Daha sonra çıxış edənlər bildiriblər ki, robotlaşma və ya avtomatlaşma dünyada hər il 10 faiz artmaqdadır. İşçilərin iş yerlərini itirməməsi üçün bu inkişafı nəzərə almaqla həmkarlar ittifaqları kollektiv danışıqlarda işçilərin xeyrinə texnoloji inkişafın gətirdiyi problemləri nəzərə çatdırmalı, bu kimi problemlərin aradan qaldırılmasında işəgötürənin üzərinə öhdəliklər qoyulmalıdır. Süni intellektlər təbii intellektin, insan beyninin məhsulu olsa da, milyonlarla insanın işsiz qalmasına səbəb olur. Qeyd olunub ki, Britaniya, Fransa, ABŞ kimi ölkələrdə xidmət sahələrində növbəti 10 ildə vəziyyətin xeyli kəskinləşəcəyi gözlənilir.

 AHİK sədri Səttar Möhbalıyev çıxış edərək bildirib ki, bugünkü qurultayın mövzusu müasir dünya üçün xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, regionumuz və respublikamız üçün də aktualdır. Əvvəla, sülh bəşəriyyət üçün gərəkli dəyərdir, sakit və dinc həyata çağırışdır.

 Otuz ilə yaxındır ki, torpaqlarının işğal olunmasının və müharibənin ağır nəticələrini yaşayan, qaçqın problemi ilə üzləşən Azərbaycan hazırda regionda sülhün, əmin-amanlığın təmin olunması üçün bütün imkanlardan istifadə edir. Mən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq, hər kəsi, eləcə də dünyanın bütün dövlətlərini sülhə sadiq olmağa çağırıram.

Qeyd etmək istərdim ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Dayanıqlı İnkişaf Məqsədləri prioritet təşkil edir. Azərbaycan Cənubi Qafqaz və MDB məkanında BMT-yə üç Könüllü Milli Hesabat təqdim edən ilk ölkədir. Təşkilatımız Beynəlxalq Əmək Təşkilatı tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri sahəsində görülən işlərə görə iki prioritet ölkədən biri seçilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da öz növbəsində 28 iyun 2019-cu il tarixində həmkarlar ittifaqlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı könüllü hesabatını təqdim etmişdir.

S.Möhbalıyev deyib ki, bu gün Azərbaycan müharibədən və pandemiyadan sonrakı yeni dövrə qədəm qoyur. Azərbaycan tərəfindən düşünülmüş və balanslaşdırılmış qərarlar qəbul olunaraq qlobal böhranlardan, o cümlədən pandemiyadan minimal itkilərlə çıxmaq üçün konkret proqramlar və sosial-iqtisadi layihələr müəyyən edilib.

Təəssüflə demək istəyirəm ki, bu gün bəzi ölkələrdə hökumətlər və işəgötürənlər böhrandan çıxmaq bəhanəsi ilə əmək münasibətlərinin formasını dəyişməyə, həmkarlar ittifaqlarının işçilərin müdafiəsinin təşkilində son illər əldə etdiyi uğurları minimuma endirməyə çalışırlar. Bütün bunlar məqsədlərin həyata keçirilməsində öz izini qoya bilər.

Biz BHİK-in dünya iqtisadiyyatının əsas məsələlərinə diqqətini və üçtərəfli münasibətlərdə bərabərhüquqlu tərəfdaşlar kimi həmkarlar ittifaqlarının mövqeyinə daimi dəstəyini yüksək qiymətləndiririk. Biz, həmkarlar ittifaqları olaraq, sosial tərəfdaşlarla fəaliyyətimizi təkmilləşdirməli və dünya təcrübəsindən istifadə etməliyik. Ümid edirik ki, BHİK bu istiqamətdə bizə köməklik göstərəcək və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bütün səyləri əsirgəməyəcəkdir.

V Ümumdünya Qurultayında keçirilən səsvermə nəticəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçiliblər.

Təşkilatın Baş katibi vəzifəsinə seçilən Luka Visentini bütün dünyada zəhmətkeş insanların səsini təmsil etmək imkanına malik olduğu üçün inanılmaz dərəcədə qürur duyduğunu və ona göstərilən etimada görə təşəkkürünü bildirib.

L.Visentini dünyanın iqtisadi tənəzzülün astanasında olduğunu və bunun bütün ağırlığını işçilərin daşıdığını qeyd edib: “Sülh və demokratiya təhdid altındadır və yaranan ifrat sağ hərəkatlar insanların, işçilərin və həmkarlar ittifaqlarının hüquqlarını yüksək risk altına qoyur. BHİK yeni sosial müqavilə əsasında yeni iqtisadi model çağırışına rəhbərlik edəcək. Biz iqlimə uyğun iş, işçilərin hüquqları, ədalətli əməkhaqqı, sosial müdafiə, bərabərlik və inklüzivlik istəyirik. Bu, bütün hökumətlərin planlarının mərkəzində olmalıdır”.

Xatırladaq ki, V Ümumdünya Qurultayında AHİK sədri, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-in vitse-prezidenti vəzifəsinə seçilib. 161 ölkənin daxil olduğu və 3 regional təşkilatı olan  BHİK-in Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqı təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla  yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.

Yeni seçilən Baş katib Luka Visentini ilə görüşən S.Möhbalıyev onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.  L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir.

L.Visentini təbrikə görə S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.

AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaq.

Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.

BHİK-in əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.

Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.

BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Ümumdünya Qurultayı tərəfindən idarə olunur.

Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.

Təşkilat  Qlobal Həmkarlar İttifaqları Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq edir.

ETİKETLƏR:

Foto