Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Küçə ticarəti:

 hələ də həllini tapmayan problemlər

23.11.2022 12:22
166
A+
A-

Noyabrın 14-də “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası (HİF) tərəfindən “Streetnet İnternational” Beynəlxalq Alyansın 20 illiyi ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Federasiyanın vitse-prezidenti, eyni zamanda sözügedən Alyansın katibi Cəmaləddin İsmayılov əvvəlcə vətəndaş cəmiyyətinin ən böyük aparıcı qüvvəsi olan həmkarlar ittifaqlarının fəaliyyətindən, ittifaq üzvlərinin yorulmaz əzmi nəticəsində əldə olunmuş nailiyyətlərdən və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq müstəvidə nüfuzundan danışdı.

Sonra qeyd etdi ki, “Xidmət-İş” HİF artıq 10 ildir “Street İnternational” Beynəlxalq Alyansın üzvüdür: “Hazırda sıralarında 52 ölkənin həmkarlar ittifaqı təşkilatını birləşdirən Alyans 2002-ci ildən fəaliyyətə başlayıb. Bu qurum formalaşma prosesini 3 regionun (Afrika, Asiya və Amerikanın) iştirakı ilə demokratiyaya və qadın liderliyinə sadiqliyini nümayiş etdirməklə həyata keçirib. Əsas məqsədi üzv olan ölkələrdə qeyri-formal ticarətlə bağlı problemləri aradan qaldırmaq, bu sahədə çalışanların hüquqlarının müdafiəsi, maliyyə cəhətdən özünü dayanıqlı etmək və s. kimi məsələlərin həlli istiqamətində addımların atılmasıdır.

C. İsmayılov dedi ki, qlobal statistikaya görə, qeyri-formal iqtisadiyyatın 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Bu ölkələrdə, kənd təsərrüfatı istisna olmaqla, məşğulluğun 73 faizi qeyri-formal sektora aiddir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 17 faizdir: “Biz bilirik ki, küçə ticarəti ilə məşğul olanların çörəyi gündəlik satışlarından asılıdır. Ölkəmizdə də bu sahə ilə məşğul olanların sayı az deyil, yüzminlərlə insan küçə ticarətindən qazanc əldə edir. Onların bu fəaliyyətlə normal məşğul olmaları üçün bir sıra problemlərinin həlli istiqamətində işlər görülməlidir. Məsələn, sözügedən ticarətçilərin səhiyyə sisteminə əlçatanlığı, sosial müdafiələri, təhlükəsizlikləri, o cümlədən böyük marketlər şəbəkəsi ilə bərabər, topdansatış bazarlarının da fəaliyyəti təmin olunmalıdır. Onların öz məhsullarını becərib, yığıb satmaqlarına normal şərait yaratmalıyıq. Bu zaman həm təbii, qatqısız qidaların, məhsulların bolluğu müşahidə olunacaq, həm də ölkədə özünəməşğulluq fəaliyyəti ilə məşğul olanların sayı artacaq, onların rifah halı yüksələcək. Bu, eyni zamanda turizmin də inkişafına dəstək rolunu oynayar. Məlumdur ki, ölkəyə gələn turistlərin sayı ilbəil artmaqdadır. Qonaqpərvərliyimizin, səfalı guşələrimizin, tarixi muzeylərimizin, dadlı təamlarımızın və sair mükəmməlliyi danılmazdır. Bunlarla bərabər, bölgələrimizə üz tutan turistlərin yol kənarlarında fəaliyyət göstərən marketlərdən əlavə, işıqlı, gigiyenik cəhətdən təmiz, səliqəli küçə ticarəti obyektlərində də alış-veriş etmələrinə maraq göstərmələrini də təmin etməliyik.

C.İsmayılov qeyd etdi ki, bütün bu sadaladıqlarımla bərabər, küçə və bazar ticarətçiləri qeydiyyatdan keçib işçi kimi leqallaşmalıdırlar. Çünki bu, onların gələcəyi üçün sosial paketin təmini deməkdir. Bu sahədə yerlərdəki bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Onlar bu problemin həlli istiqamətində müəyyən layihələr hazırlamalı, təkliflər irəli sürməlidirlər. Biz də, Federasiya olaraq, bələdiyyələrlə birgə əməkdaşlıq edərək bu istiqamətdə görülən işlərə öz dəstəyimizi əsirgəmərik.

Daha sonra Bələdiyyə İşçiləri HİRK-in Təşkilat şöbəsinin nümayəndəsi Emil Verdiyev çıxış edərək bu sahə ilə məşğul olan işçilərin əmək və sosial müdafiəsinin iş prinsiplərini iştirakçıların nəzərinə çatdırdı.

 Sonda tədbirdə iştirak edən sahibkarların və media nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırıldı.

Əsli TELMANQIZI

ETİKETLƏR: