Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Büdcədən xərclənən vəsaitin...

təxminən yarısı sosial istiqamətə yönəldiləcək

23.11.2022 12:46
136
A+
A-

Artıq 2022-ci ilin bitməsinə bir aydan bir qədər çox vaxt qalıb. 2023-cü ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün prioritet olaraq hansı məsələlər əsas götürülüb?

Millət vəkili Məşhur Məmmədov dedi ki, 2023-cü ildə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması əsas prioritetlərdəndir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması hökumətin həmişə diqqətində olub. Cənab Prezident İlham Əliyevin sərəncam və qərarları, həmçinin onun göstərişi ilə yerlərdə həyata keçirilən tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır.

Qeyd edim ki, 2023-cü ilin dövlət büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2%, 2021-ci illə müqayisədə isə 16,4% çoxdur. Dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 5,9 milyard manat çoxdur.

- Məşhur müəllim, mətbuatda gedən məlumatlara görə, növbəti ilin ilk ayından pensiyalarda, əməkhaqlarında artımlar gözlənilir. Bu artımların faizlə ifadəsində müxtəlif rəqəmlər səsləndirilir...

- Gələn il pensiyaların nə qədər artacağı da bu ilin yekununda əməkhaqlarının artım göstəricisindən asılıdır. DSK-nın məlumatına görə, bu ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,3 % artıb. İlin sonuna qədər bu göstəricidə ciddi dəyişikliyin olmayacağını nəzərə alsaq, 2022-ci il üzrə əməkhaqlarının 14 % səviyyəsində artacağını ehtimal etmək olar. Belə olan halda gələn il pensiyaların 14 % səviyyəsində artacağını demək mümkündür. Nəticədə cari ildə aylıq 250 manat pensiya və hər rüb 50 manat (illik 200 manat) maddi yardım alan şəxsin pensiyası gələn il 37,3 manat artaraq 304 manat təşkil edəcək.

- Əməkhaqlarında artım hansı səviyyədə olacaq?

- Növbəti ildə orta aylıq əməkhaqqının artımla, eyni zamanda iqtisadiyyatda fəaliyyət göstərən subyektlərin gəlirliliyinə mənfi təsir edəcək amillərin aşağı səviyyəli risklərlə proqnozlaşdırılması qeyri-büdcə sektoru üzrə daxilolmalarda potensialın tam nəzərə alınmadığı qənaətini formalaşdırır. Qanun layihəsində Fondun daxilolmalarında 2023-cü ildə qeyri-büdcə sektorunun payı daha böyük göstərici ilə, yeni gəlirlərin 53,9 faizi həcmində və ya 114,7 mln. manat və ya 8,4%, 2022-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 12,6 mln. manat və ya 1,3% azdır.

Qeyd edək ki, qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta haqqının artımını təmin edən əsas amillərdən biri orta aylıq əməkhaqqının artım tempidir. Təqdim edilmiş makroiqtisadi göstəricilərə əsasən, ölkədə orta aylıq əməkhaqqının ilin sonuna 838,3 manat, 2023-cü il üzrə isə 7,1 % artıq olmaqla, 897,9 manat olacağı gözlənilir.

Millət vəkili Vüqar Bayramov isə büdcə gəlirlərinin 46,5 faizinin sosial istiqamətə yönəldiləcəyini vurğuladı. Əlavə etdi ki, bu, təxminən büdcədən xərclənən vəsaitin 50 faizinin sosial istiqamətə yönəldilməsi anlamına gəlir. Bu baxımdan sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar var. Növbəti ildə, xüsusən də sosial proqramlara daha çox vəsaitin ayrılması reallaşdırılacaq. Təbii ki, sosial müdafiə sisteminin gücləndirilməsi fərqli proqramların, o cümlədən ünvanlı sosial yardım, ictimai iş yerlərinin yaradılmasının, həmçinin məşğulluq proqramının genişlənməsinə imkan verəcək. Bu baxımdan 2023-cü il büdcəsi üçün əsas prioritetlərdən biri məhz sosial təminatın gücləndirilməsi olaraq qalacaq.

Pensiyaların 2023-cü ilin ilk ayında indeksasiya olunacağını nəzərə alsaq, onda ilkin gözlənti ondan ibarət olacaq ki, əmək pensiyasında təxminən 14 faizlik indeksasiya həyata keçiriləcək. Bu, əmək pensiyalarının, məbləğindən asılı olmayaraq, 14 faiz artması anlamına gələcək.

Orta aylıq əməkhaqqı məbləğində artımlar proqnozlaşdırılır. Bu da  dövlət sektorunda, o cümlədən özəl sektorda əməkhaqqı səviyyələrinin yüksəlməsinə imkan verəcək. Büdcə ilə bağlı konkret fərqli proqramlar var. O cümlədən əməkhaqqı artımları, eləcə də sosial təminatın gücləndirilməsi ilə bağlı işlər davam etdirilir. Xüsusən ehtiyac meyarı ilə yaşayış xərclərinin bərabərləşdirilməsi ünvanlı sosial yardım alan vətəndaşlarımızın dövlət büdcəsindən aldıqları vəsaitin həcminin artmasına imkan verəcək. İlkin gözlənti ondan ibarətdir ki, ünvanlı sosial yardım proqramı içərisində orta hesab ilə 500 manat ödəniş olunacaq ki, bu da məhz məbləğin artmasına xüsusi baza yaradır. Bütövlükdə 2023-cü ildə sosial təminatın gücləndirilməsi ilə bağlı işlərin davam etdirilməsi və bu istiqamətdə maliyyələşmənin genişləndirilməsi nəzərdə tutulur.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: