Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bölgələrdən bizə yazırlar...

Şanlı Zəfər gününü körpə fidanlarımızla birlikdə qeyd etdik.

23.11.2022 13:58
8
A+
A-

Tovuz

2020-ci il sentyabrın 27-də işğal altında topaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük müharibə noyabrın 8-i Azərbaycanın zəfəri ilə başa çatdı. Bir neçə gün əvvəl 8 Noyabr - Zəfər Gününün - dövlətimizin ən şərəfli gününün ikinci ilini qeyd etdik. Bu Şanlı Zəfər Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırdı. Bu sevinci, bu təntənəni bizə yaşadan şəhid və qazilərimiz oldu.

Şanlı Zəfər gününü körpə fidanlarımızla birlikdə qeyd etdik. Balaca fidanların vətənpərvərlik ruhunda söylədikləri şeirlər, oxuduqları mahnılar, rəqslər qəlblərdə fərəh hissi yaratdı. Tədbirə şəhid ailələrinin valideynləri də dəvət olunmuşdu. Şəhid analarının “təki Vətən sağ olsun, balalarımızı itirdiksə də, torpaqlarımızın azad olunması bizə təsəllidir” demələri onları bir daha gözümüzdə ucaltdı. Bu sözləri ancaq canını Vətən uğrunda şəhid verən oğulların anaları deyə bilər. Çıxışlardan, bayram şənliyindən sonra tədbir süfrə arxasında davam etdirildi.

Flora PƏNAHOVA,

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin sədri

***

Qazax

Noyabrın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Vətən müharibəsi qaziləri arasında nərd üzrə turnir keçirilib.

Yarış iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin adları həkk olunmuş abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Yarışın yekun nəticəsinə əsasən, “Hərbi xidmətlərə görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qazi Nicat Tağıyev I yeri, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı”,”Kəlbəcərin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şücaətə görə”,”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş qazi Cəfər Cəfərov II yeri, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Mehman Məmmədov isə III yeri tutublar.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə, yarış iştirakçıları isə həvəsləndirici mükafatlarla təltif olunublar.

***

Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2022-ci il - “Şuşa İli”nə həsr olunmuş “Şuşa, Zəfərin mübarək!” adlı ədəbi qiraət müsabiqəsi təşkil olunub.

***

Şəki

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şəki Şəhər Komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birlikdə rayon ərazisində yaşayan 60 şəhid ailəsi ilə süfrə arxasında görüş keçirmişdir.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək Azərbaycan igidlərinin 44 günlük Vətən müharibəsində göstərdikləri hünərdən danışdılar. “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəki Regionu üzrə sədri Gülnarə Mustafayeva Şəki Dövlət Regional Kollecinin müəllimi Rəmziyyə Nadirova, Kiş kənd 1 №-li tam orta məktəbin müəllimi Dursun Cavadova görüş iştirakçıları ilə ürək sözlərini bölüşdülər. Şəhidlik zirvəsinə yüksəlmiş doğmalarının Vətən qarşısında xidmətləri ilə qürur duyduqlarını söylədilər. Hər bir Azərbaycan oğlunun torpaqlarımız uğrunda can əsirgəməməsini, dövlətçiliyimizə sədaqətini yüksək qiymətləndirdilər.

Onlar həmçinin şəhid ailələrinə göstərilən diqqət, qayğıya və 9 şəhid ailəsindən olan işçini təhsil müəssisəsində işlə təmin etmələrinə görə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Görüşdə şəhid ailələrini narahat edən problemlər qeydiyyata götürüldü və gələcəkdə həmin problemlərin həllinin nəzarətdə saxlanılacağı bildirildi.

***

TİAHİ Şəki Şəhər Komitəsi daha bir görüşü “Tədbirlər Planı”na uyğun olaraq, I, II Qarabağ müharibəsi qaziləri, Əfqanıstan döyüşləri iştirakçıları və Çernobıl qəzasının zərər çəkmiş sakinləri ilə keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Giriş sözü söyləyən Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva Zəfər bayramı münasibətilə hamını təbrik etmişdir. Qarabağ müharibəsində şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Vətən oğullarının qəhrəmanlığından, şanlı tarix yazan əsgər və zabitlərimizin misilsiz rəşadətindən danışdı və Prezident - Xalq - Ordu birliyinin sayəsində tarixi Zəfərin əldə olunduğunu vurğuladı. Şagirdlərimiz üçün Vətən müharibəsi iştirakçılarının keçdiyi Zəfər yollarının nümunə olduğunu qeyd etdi.

Görüşdə iştirak edən qazilər döyüş yollarından qürurla danışdılar və onlara göstərilən diqqət və qayğıdan daim razı qaldıqlarını və tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildirdilər.

Görüş süfrə arxasında davam etdirildi.

***

Şəki Şəhər Komitəsinin əməkdaşları ənənəsinə sadiq qalaraq növbəti dəfə şəhid ailələrinə baş çəkmiş və şəhidlərin qəbirlərini ziyarət etmişlər.

Sahəsində 71 nəfər şəhid ailəsindən olan təhsil işçilərinin, Qarabağ müharibəsi qazilərinin, veteranlarının, iştirakçılarının hər birinə maddi və mənəvi dəstək göstərmişlər.

***

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şəki Şəhər Komitəsi  və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü  münasibətilə Rasim Ocaqov adına Uşaq Gənclər İnkişaf Mərkəzinin zalında  rayonun təhsil müəssisələrində çalışan işçilər arasında şahmat yarışı keçirilib.

Öncə Dövlət Himni səslənib. Sonra Qarabağ  müharibəsində şəhid olmuş Vətən oğullarının əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Uşaq Gənclər İdman Şahmat Məktəbinin müdiri Saniyə Babayeva və Uşaq Gənclər İnkişaf  Mərkəzinin direktoru  Xalidə Əliyeva çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışda kişilər arasında I yeri Kiş kənd tam orta məktəbin müəllimi Polad Eyvazov, II yeri şəhər 3 №-li tam orta məktəbin müəllimi Nicat Mütəllibov, III yeri Aşağı Şabalıd kənd ümumi orta məktəbin müəllimi Vaqif Nağıyev tutublar. Qadınlar arasında isə I yerə şəhər 10 №-li tam orta məktəbin müəllimi  Türkan Mehdiyeva, II yerə şəhər 17 №-li tam orta məktəbin müəllimi Mehriban Mustafayeva, III yerə isə şəhər 10 №-li tam orta məktəbin laborantı  Tamella Nəsurullayeva sahib olublar.

Qaliblər TİAHİ Şəki Şəhər Komitəsinin Fəxri fərmanları  və hədiyyələri ilə mükafatlandırılıblar.

ETİKETLƏR: