Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhlükəli qidadan insanlar qəfil,

keyfiyyətsiz qidadan isə tədricən zəhərlənir

23.11.2022 14:00
218
A+
A-

Bütün dünyanı cənginə alan qlobal ərzaq bahalaşması ölkəmizdən də yan ötüşmür. Marketlərdə qiymətlər, demək olar ki, günbəgün yüksəlir. Bu tendensiya ilə bərabər market və bazarlarda ərzaq məhsullarının çeşidlərinin çoxaldığının da şahidi oluruq. Onu da deyək ki, bu qidalar arasında əsasən yağların, un məmulatlarının, içkilərin və sairənin qiymətləri bir qədər ucuzdur. Görünür, market və biznes qurumları alıcılarını məmnun etmək, ərzaq bahalığı nəticəsində onları əliboş yola salmamaq, bəlkə də istehlakçılarını itirməmək üçün dövriyyəyə nisbətən ucuz məhsulların da girişini təmin edirlər. İstehlakçılar isə istənilən qiymətdə aldıqları qidaların keyfiyyətindən, orqanizmə xeyri və ya zərərindən bixəbərdirlər. Kimin büdcəsi nəyə çatır, onu da alır, yeyir, yedizdirir.

Xəstəliklərin yaşı gəncləşib deyən mütəxəssislər isə bunun ən böyük səbəbini qeyri-sağlam qidalanmada görürlər. Qeyd edilir ki, istər diabetlə bağlı ağırlaşmalar, arterial təzyiq, ürək-damar xəstəlikləri, istərsə də yaddaş və görmə zəifliyi kimi bir çox xəstəliklərin bu qədər geniş yayılmasında məhz yediyimiz qidalar böyük rol oynayır. Bəs tükətdiyimiz ərzaq məhsullarının keyfiyyətinə nəzarət hansı ölçüdədir?  Vətəndaşların sağlamlığı hansı qanunlarla qorunur?  Orqanizm üçün təhlükə yaradan, rasiondan tamamilə çıxarılması lazım olan qidalar hansılardır?

Təəssüf ki, piştaxtalara qoyulan ucuz məhsulların keyfiyyəti qənaətbəxş olmur.

Mövzumuzla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, ölkədə qiymətlərin bahalaşması ilə əlaqədar marketlər və biznes qurumları müəyyən işlər aparır ki, ucuzluq olsun. Bu, təqdirəlayiqdir. Biz tərəfdarıyıq ki, qlobal bahalaşmanın getdiyi bir dövrdə qida məhsulları istehlakçılar üçün əlçatan olsun. Artıq marketlərin piştaxtalarında bunu aydın görmək olur.

E.Hüseynov qeyd etdi ki, Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan bir məhsul marketə girə bilməz. Bütün məhsulların təhlükəsizliyinə bu qurum tərəfindən nəzarət edilir. Təhlükəsizlik isə hələ keyfiyyət demək deyil. Agentliyin əsasnaməsinə nəzər salsaq görərik ki, orada bir dəfə də olsun “keyfiyyət” sözünə rast gəlinmir. Onların səlahiyyət dairəsində ancaq məhsulların təhlükəsizliyidir. Ölkədə məhsulların keyfiyyəti ilə məşğul olan qurum, demək olar ki, yoxdur. Ona görə, Azad İstehlakçılar Birliyi olaraq, biz bu sahəyə nəzarətin olması üçün hökumətə çağırış edirik ki, keyfiyyət məsələsi də agentliyin səlahiyyətinə verilsin.  Çünki təhlükəli maldan insanlar qəfil zəhərlənir, keyfiyyətsiz maldan isə tədricən. Yəni nəticə eynidir.

E.Hüseynov bazarda kifayət qədər keyfiyyətsiz malın olduğunu vurğuladı: “Son zamanlar içki sektorunda  çox ciddi problem müşahidə olunur. Bu sahədə ancaq analiz edən, müəyyən iş görən isə Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidir. İdarə əməkdaşları araşdırma aparır, saxta içkilər dövriyyəyə buraxanları həbs edirlər. İki il öncə də, bu yaxınlarda da məlumat verildi ki, marketlərdə ən bahalı, brend adı altında satılan saxta içkilər var. Restoranlarda, kafelərdə də saxta bahalı içkilər satılır. Ona görə bu sahədə ciddi işlər aparılmalıdır. Çünki nəinki içkilər, un məmulatlarından tutmuş, yağlara kimi keyfiyyət yoxlanılmalıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu da bu sahədə heç bir iş görmür.  Onun da səbəbi odur ki, 19 may 2021-ci ildə təhlükəsizliyi təmin olunan məhsulların sertifikatlaşdırılmasına aid Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv olundu. Yəni bununla da təhlükəsizliyə Qida Təhlükəsizliyi Agentliyi nəzarət etdi. Amma keyfiyyət məsələsi ortada qaldı”.

Dietoloq, Terapevt, Leman Med Klinikasının baş həkimi Ləman Süleymanova dedi ki, xəstəliklər çoxalıb, çünki əvvəllər bu qədər keyfiyyətsiz qida məhsullarından istifadə etmirdik. Zəhərli tərkibə malik qidaların çeşidləri çox deyildi. İndi bu qidalar sayəsində xəstəlik kodları erkən açılır. Ən böyük nəzarət, qayğı və yük isə alıcıların öz üzərinə düşür. Belə ki, hər bir insan özünün həkimi, qoruyucusu olmalıdır. Bazar iqtisadiyyatında ərzaqların keyfiyyəti barədə heç kim məlumatlandırılmır. Məhsulların keyfiyyətinə alıcılar özləri nəzarət etməlidir. Piştaxtaları bəzəyən qida məhsullarının, xüsusilə un məmulatlarının, yağların, çayların, suların nə dərəcədə ziyanlı olduğunu bilməlidirlər. Onların uzun müddət saxlanılması üçün tərkibinə elə maddələr vurulur ki, orqanizmə çox mənfi təsir göstərir. Məsələn, kimyəvi qatqılı, tez dəmlənən çaylar orqanizmi tədricən zəhərləyir. Ölkədə son vaxtlar öd kisəsindən əməliyyat olunan insanların sayı olduqca artmaqdadır. Araşdırırıq ki, onların əksəriyyəti çay sevən insanlardır. İstər yaşıl, istərsə də qara çay təbii olmadıqda ödü sıradan çıxarır. İriyarpaqlı, gec dəm alan çaylardan istifadə olunmalıdır.  Bir həkim, dietoloq, qida mütəxəssisi kimi dəfələrlə qeyd edirəm ki, ərzaq məhsullarının, meyvə-tərəvəzlərin çalışın təbiisi ilə qidalanın. Yerli məhsullara üstünlük verin, xaricdən gətirilmiş, geni modifikasiya olunmuş meyvə-tərəvəzləri, qidaları rasionunuzdan tamamilə kənarlaşdırın. Əsl meyvədən ətir gəlir, qabığında ləkələr olur.  Böyük, ətirsiz çiyələklər almayın. Hər il ölkədə bu çiyələklərdən nə qədər insan, xüsusən də uşaqlar zəhərlənir. Xaricdən gətirilən qüsursüz, böyük, şüşə kimi parlaq görünən meyvələrin yetişdirilməsində hətta əqrəb geninə kimi istifadə olunur.

Həkim bildirdi ki, son zamanlar bəzi mütəxəssislər tərəfindən xörəklərin bişirilməsində  bitki yağlarından istifadə etmək tövsiyə olunur. Amma bu yağlar soyuq halda, daha çox salatlarda istifadə edilsə yaxşı olar: “Çünki bitki yağları istiyə məruz qaldıqda tərkibi  dəyişir, çoxsaylı maddələr əmələ gəlir ki, onlar insan orqanizmində toksinləşir. Təmiz zeytun yağından istifadə olunan qidaların həzmi isə çox rahat olur. Amma zeytun yağı da, tərkibində qatqı varsa, problem yaradır. Bu yağları ayırd etmək  istehlakçılar üçün çətindir. Ona görə ərzaq məhsullarının keyfiyyətinə nəzarət mexanizmi tətbiq olunsa, yaxşı olardı.

 Trans yağlar, yəni marqarin orqanizm üçün çox təhlükəlidir. Bu cür keyfiyyətsiz yağlardan əsasən cipsi, kreker, şirniyyatların hazırlanmasında  istifadə olunur. Mono yağlar-avakado, badam, kətan toxumu, püstə, yerfındığı yağları keyfiyyətli hesab olunur”.

Ləman həkim sağlamlığımız üçün ən çox hansı qidalardan istifadə etməliyik sualına isə, cavab verdi ki, müntəzəm və sağlam qidalanmaqla bir çox xəstəliklərin qarşısını almaq olar. Qeyri-sağlam qidalanma hətta beyindəki hüceyrələrin sayını azaldır və sinir hüceyrələrinin inkişafını ləngidir. Çalışıb təbii və vitamini bol qidalar qəbul etməliyik. Məsələn,  lobya, noxud, ispanaq, limon və portağal kimi fol turşusu ilə zəngin qidalar istehlak edilməlidir.

Dəmir anbarı olan yağsız qırmızı ət, süd, pendir, hinduşka, toyuq kimi qidalar da istehlak edilməlidir. Əsasən paketlənmiş qidaları, rəngli içkiləri, broyler toyuqlarını, trans yağları, xaricdən gətirilən meyvə-tərəvəzləri rasiondan, ümumiyyətlə, çıxartmalıyıq.

Əsli TELMANQIZI

 

ETİKETLƏR: