Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Apteklərdə bəzi dərmanlar tapılmır

mütəxəssislərin bir qismi bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirir

23.11.2022 14:02
24
A+
A-

Son zamanlar apteklərdə bəzi növ dərmanlar çatışmır və bu da vətəndaşlarımızın narazılığına səbəb olur.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqlədi. Bildirdi ki,  “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Rusiya və Ukraynadan gəlməyən dərmanların bir ay içərisində Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu problemin qarşısı qısa zamanda alınmalıdır”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva isə Azərbaycanda hazırda cüzi miqdara dərman istehsal olunduğunu vurğuladı. Əlavə etdi ki, hazırda xarici dövlətlərdən dərman gətirilməsi ilə bağlı müəyyən problemlər var. Lakin, vətəndaşlarımızın narahat olmasına ehtiyac yoxdur. Məsələnin tezliklə həlli üçün tədbirlər görülür.

- Kamilə xanım, dərman çatışmazlığının səbəbini izah etdiniz. Bəs qiymət artımı nədən qaynaqlanır? Sizə konkret fakt deyim, apteklərdə əvvəllər 40 qəpik olan yod hazırda 1 manat 20 qəpiyə satılır.

- Yodu adətən Rusiya və Ukraynadan alırdıq. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar həmin ölkələrdən aldığımız dərmanların, həmçinin yodun idxal prosesində problemlər, gecikmələr müşahidə olunur. Düşünürəm ki, apteklərdə yodun qiymətinin birdən-birə bu qədər qalxmasının səbəbi də məhz bu problemlər, gecikmələrlə bağlıdır.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Fikrimcə, həkimlər dərmanın adını yox, tərkibini yazmalıdırlar. Çünki bəzən eyni tərkibli dərmanı hər ölkə bir adda istehsal edir. Dərmanlar müxtəlif adda olsalar da, eyni  təsir gücündə olurlar. Reseptlərə belə yanaşma olarsa, xəstələr hansısa adda dərmanı axtarmaq məcburiyyətindən xilas olar.

- Hazırda ölkəmizdə yerli dərman istehsalı planlaşdırılırmı?

- Bəli.  Pirallahıda da dərman zavodu açılıb və orada maska, şpris və sair  istehsal olunur. Yəni hazırda bu yöndə respublikada iş gedir və  dərman istehsalının miqdarının artırılması ilə əlaqədar işlər davam edəcək.

Dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini, artıq bu məsələnin  nizamlandığını da vurğulamaq istəyirəm.  Hazırda bütün apteklərdə qiymətlər eynidir.

- Kamilə xanım, bəs alman apteklərində qiymətlər digər apteklərdən tamamilə fərqlidir və daha bahadır.

- Bəli, bunu mən özüm də müşahidə etmişəm. Belə qənaətə gəldim ki, orada dərmanın qiyməti maya dəyərinə görə hesablanır. Oradaki dərmanlar yalnız Avropa ölkələrindən  idxal olunur ki, bu da daha baha başa gəlir.  Lakin ölkəmizdə dərman istehsalını artıra bilsək, həm qiymətlər münasib, həm də daha əlçatan olacaq.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: