Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hökumətdən ərzaq istehsalçılarına genişpaketli vergi güzəştləri

.

23.11.2022 14:03
12
A+
A-

Qlobal bazarlarda ərzaq təminatı ilə bağlı yaranmış mürəkkəb vəziyyət, idxal olunan qida mallarının son 2 ildə kəskin qiymət artımları, xüsusilə də ərzaq inflyasiyasının dayanmadan yüksəlməsi ərzaq təhlükəsizliyi problemini ön plana çıxarıb. Hazırda yerli sahibkarların istehsal etdiyi qida məhsullarının strukturunda istehsalçılarının xammal, emal malları və avadanlıqların, digər emal sənayesi materiallarının payı böyükdür. Onların istehsala çəkdikləri kapital xərclərinin böyük bir hissəsi həmin idxal investisiyalarına yönəldilir. Bu isə yerli istehsalın maya dəyərini bahalaşdırır, bazara çıxarılan mal və xidmətlərin qiymətlərinə təsir edir. Ona görə də malların qiymət sabitliyini qorumaq, həmçinin bir sıra sahələrdə qiymətlərin ucuzlaşmasını təşviq etmək məqsədilə istehsal təyinatlı idxal vasitələrinin ƏDV-dən azad olunması aktuallaşıb.

Bir sıra malların idxalından asılı olan Azərbaycan hökuməti mövcud reallıqları nəzərə alaraq ölkədə yerli qida istehsalçılarına müxtəlif iqtisadi stimullar və dəstək vermək niyyətindədir. Birinci istiqamət kənd təsərrüfatı istehsalçılarına və yeyinti sənayesi üzrə ixtisaslaşmış sahibkarlıq subyektlərinin maliyyə təminatının artırılması nəzərdə tutulur. Belə ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi məqəsdilə 2023-cü ildə dövlət büdcəsindən 1 milyard 202 milyon manat vəsait ayrılacaq ki, bu da 2022-ci illə müqayisədə 20 faiz çoxdur. Həmin vəsaitlərlə bərabər, ölkənin ərzaq təhlükəsizliyinə bilavasitə təsir edən iqtisadi proqramların həyata keçirilməsi üçün büdcə resurslarının artırılması nəzərdə tutulur.

İkinci istiqamət ərzaq mallarının və digər zəruri tələbat məhsullarının istehsalı ilə məşğul olan sahibkarların istehsal məqsədilə xaricdən idxal etdikləri xammal və investisiya tutumlu avadanlıqların ƏDV-dən azad olunması ilə bağlıdır. İdxal inflyasiyasının təsirini azaltmaq məqsədilə xaricdən Azərbaycana gətirilən və minimum istehlak səbətinin tərkibində xüsusi yer tutan ərzaq məhsullarının istehsalında istifadə olunan xammal və digər ərzaq komponentlərinin, habelə bir sıra texnika və avadanlıqların gömrük rüsumlarından və əlavə dəyər vergisindən (ƏDV) azad olunması nəzərdə tutulur.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsinə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal və emal malları ilə əvəz edəcək qida məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 7 il müddətinə əmlak vergisini ödəməkdən azad olunacaqlar. Bura bütün növ yeyinti məhsullarının istehsalı üçün xaricdən gətirilən xammal və onların komponentləri daxildir. Qeyd edək ki, hazırda buğda, damazlıq heyvanlar, toxum və tinglər, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələri, mineral gübrələr, heyvandarlıq, quşçuluq və arıçılıq üçün avadanlıqlar, laboratoriya avadanlıqları və baytarlıq preparatları, digər kənd təsərrüfatı təyinatlı suvarma qurğuları və maşınların idxalı ƏDV-dən azaddır. Növbəti ildən etibarən Nazirlər Kabineti həmin siyahıya digər istehsal və emal təyinatlı məhsulları və avadanlıqları da əlavə edəcək ki, bununla da ölkəmizdə yeyinti sənayesi üçün lazım olan bütün xammal və avadanlıqları idxal edən sahibkarlar ƏDV ödəməyəcəklər.

Bundan başqa, növbəti ildən etibarən NK-nın qərarı ilə təsdiq edilən idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən sahibkarlar əldə etdikləri gəlirin 50 faizindən, habelə əmlak və torpaq vergisindən 7 il müddətinə azad ediləcəkdir. Digər bir güzəşt mənfəət vergisi ilə bağlıdır. Yanvarın 1-dən etibarən yerli sahibkarlar yerli istehsal və emal mallarını əvəz edəcək idxal mallarına görə, 7 il müddətinə mənfəət vergisinin 50 faizindən azad olunacaqlar.

Qida istehsalçıları ilə bağlı digər bir güzəşt satışdankənar gəlirlər, subsidiyalar və dividend gəlirləri ilə bağlıdır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, aqrar sektorun digər istehsalçılarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə vergidən azad ediləcək.

Vergi-gömrük təşviqləri çərçivəsində idxal olunan qida təyinatlı malların gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılması, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin azaldılması məqsədilə mümkün mexanizmlərin tətbiqi də başlıca məqsədlərdəndir.

Yerli istehsal müəssisələrinin və sahibkarların idxal olunan əsas vəsaitlər üzrə ƏDV-dən azad olunması onların böyük bir məbləğdə maliyyə xərclərinə qənaət etməsinə səbəb olacaq. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycana xaricdən idxal olunan qida malları və onların istehsalı üçün nəzərdə tutulmuş komponentlərin, xammal və avadanlıqların, maşın, ehtiyat hissələri, digər ərzaq emalı təyinatlı istehsal vasitələrinin ümumi dəyəri 2 milyard dollara yaxındır. Ölkədə fəaliyyət göstərən istehsal və emal sənayesi müəssisələrinin müasir texnologiyalara və yüksək əmək məhsuldarlığına malik olduğunu nəzərə alsaq, onların fəaliyyətini gücləndirməklə, tələb olunan əsas qida mallarının istehsalını yüksəltmək imkanları böyükdür. İqtisadi stimullar, optimallaşma tədbirləri və vergi güzəştləri yerli istehsalın məsrəflərinin azalmasına səbəb olmaqla özünü məhsulların maya dəyərinin aşağı düşməsində göstərə bilər. Çünki sahibkarların ƏDV güzəştindən qazandıqları maliyyə vəsaitləri əlavə investisiyalar qismində istehsal sahələrinin artırılmasına və ya genişlənməsinə yönəldilə bilər ki, bu da yerli emal müəssisələrinin bazardakı payının artması sayəsində idxal məhsullarının asılılığını azalda və ticarət kəsirini aradan qaldırmış olar. Bu isə hökumətin nəzərdə tutduğu başlıca hədəfə - yerli ərzaq malları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə uyğundur. Eyni zamanda vergi-gömrük güzəştləri inflyasiya təzyiqlərinin azaldılmasına, qiymətlərin bahalaşmasının qarşısının alınmasına da fayda verə bilər. Hökumət 2023-cü ildə inflyasiyanın hazırkı rəqəmdən 2 dəfə aşağı olacağını proqnozlaşdırır ki, bu da bahalaşma dalğasının səngiməsi ilə nəticələnə bilər.

 

Elbrus CƏFƏROV

 

 

ETİKETLƏR: