Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Telefonla danışıq etikası

biz ona necə riayət edirik?

23.11.2022 14:05
720
A+
A-

Müasir dünyamızda telefonların rolu danılmazdır. Texnoloji inkişaf dövründə bütün şəxsi və iş problemlərinin, demək olar ki, 60 faizi telefonla həll olunur. Ona görə də artıq “telefonla danışıq  etikası, mədəniyyəti” deyilən bir anlayış da leksikonumuza daxil olub. Ancaq, təəssüflər olsun ki, bu gün küçədə, ictimai nəqliyyatda və digər yerlərdə telefonla yüksək səslə, etik normalardan kənar danışan insanlara tez-tez rast gəlirik. Bu insanlara irad bildirmək istəsək də, nə ilə “qarşılaşacağımızı” təxmin etmədiyimiz üçün reaksiyasız olmaq məcburiyyətində qalırıq.

Bəs yaxşı, telefon danışıq etikasını, telefon danışıq mədəniyyətini cəmiyyət arasında formalaşdırmaq üçün nə etmək lazımdır?

Məsələyə aydınlıq gətirmək üçün Filologiya ürə fəlsəfə doktoru, dosent, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü və sosioloq Əhməd Qəşəmoğlu ilə əlaqə saxladıq.

Təranə xanım öncə işgüzar ünsiyyətdə telefon danışıqlarının əhəmiyyətindən və telefonla danışıq qaydalarından söz açdı. Dedi ki, telefonla ünsiyyət zamanı səs xoş və məlahətli gəlməlidir. Çünki hər bir insanın səsi, danışığı onun təhsili, səviyyəsi, məşğul olduğu işin xarakteri barədə məlumat vermiş olur: “Siz də qeyd etdiyiniz kimi, bu gün ictimai nəqliyyatda telefonla ucadan danışan şəxslər diqqətimizi çəkir. Telefon danışığı zamanı həmsöhbət haqqında ilkin təəssürat çox mühümdür. Buna görə də danışıq  zamanı telefon danışıq etikası gözlənilməlidir. Danışan şəxs nə danışacağını fikirləşməli, ətrafa mane törətməməsi üçün səsinin tonunu müəyyənləşdirməlidir. Əgər insan telefonla danışıq mədəniyyətinə yiyələnməyibsə, danışıq aparmanın elementar qaydalarını bilmirsə, bu, onun nüfuzunu aşağı salır. Misal üçün, telefonla danışarkən iş adamları mövzudan kənara çıxmamalıdır”.

Təranə xanım dedi ki, mütəxəssislərə görə, insanın gündəlik həyatında iş vaxtının 27%-ni telefon danışıqları təşkil edir. Ancaq, təbii ki, telefon danışıqlarının yığcamlılıq, təkrarların və ya uzun-uzadı izahların olmaması, dostcasına intonasiya, nitqin orta sürəti və səsin adi yüksəkliyi kimi əsas tələbləri var. İşgüzar adamlar mütləq telefon danışığının hamı tərəfindən qəbul edilmiş qaydalarına yiyələnməlidirlər: “Bu gün bütün ali məktəblərdə  “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni tədris olunur. Həmin fənnin proqramında telefon danışıqları işgüzar danışıqların bir növü kimi tədris edilir. Telefon etikası, estetikası, danışıq mədəniyyəti barədə tələbələrimiz geniş məlumatlar əldə edirlər”.

“Hər bir davranışın formalaşmasında 4 mühüm amil rol oynayır: insanın psixoloji xüsusiyyətləri, mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər”. Bunu Əhməd müəllim mövzu ilə bağlı söhbət apararkən bildirdi. Dedi ki, hər bir etik davranış insanın daxilindən gələn mədəniyyətdən formalaşır: “Bu o demək deyil ki, sən başqa yerdə istədiyin kimi hərəkət et, düzgün olmayan davranışlar sərgilə, ancaq telefonla danışarkən maksimum dərəcədə özünü “mədəni insan” kimi qələmə ver. Bir insanın telefonla danışıq mədəniyyətinin olması üçün nəinki telefon, bütün mədəni davranışlarının olması üçün, yuxarıda da qeyd etdiyim kimi, özünün fitrətində mədəniyyət olmalıdır. Bu mədəniyyət isə ana bətnindən formlaşır. Ona görə də uşaqlarımızda davranış formalarını 6 yaşına qədər mütləq şəkildə formalaşdırmalıyıq. Bu zaman sual yaranır: bəs valideynlərin özləri bu istiqamətdə formalaşıblarmı? Təbii ki, elə ilk növbədə valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır. “Uşaqlarınızı düzgün formalaşdırın, düzgün tərbiyə edin” deməklə nəyəsə nail olmaq mümkün deyil. Ancaq, təbii ki, iş təkcə valideynlərlə bitmir. Məktəblərdə də mədəni davranış formaları - telefon danışıq mədəniyyəti, sosial şəbəkələrdən istifadə mədəniyyəti və sairə ilə bağlı xüsusi işlər görülməli, xüsusi tədbirlər keçirilməlidir. Mən 20 ildir haray salıram ki, cəmiyyətdəki insanların davranış formalarına təsir etmək üçün elmi metodlar lazımdır və bu sahədə işlər aparılmalıdır. Bunu elə konkret misalla da izah edə bilərəm. Baxın, Qori müəllimlər seminariyasında tədris cəmi 7 il olub. Orada əsas fənlərlə yanaşı, musiqiyə də meyil edənlər az olmayıb. Bəlkə də onlar seminariyaya müraciət edərkən musiqiçi olacaqları ağıllarından belə keçməyib. Ancaq mühit o qədər gözəl və əlverişli olub ki, bu gün də adları və musiqiləri dillər əzbəri olan Üzeyir Hacıbəyli kimi musiqiçilərimiz həmin seminariyanın yetirmələri olub. Yəni demək istədiyim odur ki, lazımi istiqamətləndirmə, doğru addımlar olan yerdə gözəl nəticələr də əldə edə bilərik”.

Müsahibim dedi ki, istənilən bir xalqın mədəniyyətini, mədəniyyət sistemini inkişaf etdirməklə o xalqın böyük problemlərini də həll etmək olar. Ya da əksinə, mədəniyyət sistemini dağıtmaqla bir xalqı çox pis vəziyyətə də salmaq olar: “Çox vaxt telefonla danışıq formasına dırnaqarası yanaşılır. Deyirlər ki, “əşşi, bununla mədəniyyətmi ölçülər?”. Təbii ki, ölçülər. Baxın, mən tez-tez xarici səfərlərdə oluram. O səfərlər zamanı mən insanların davranış qaydalarına, xüsusən də telefonla danışıq etikasına xüsusi fikir verirəm. Və məndə həmin ölkə haqqında fikir formalaşır. Deməli, nə nəticəyə gəlirik? Telefonla danışıq etikası tək yerli sakinlərin, necə deyərlər, rahatlığı üçün deyil, həm də ölkənin hörmətini, imicini qaldırmaq, qonaqların gözündə əhali haqqında xoş fikir yaratmaq üçün də lazımdır. Deyək ki, əcnəbi bir qonağa ölkəmizin mədəniyyəti, musiqisi haqqında, xalq olaraq insanlarımızın müsbət keyfiyyətlərindən bol-bol danışırıq. Bu əcnəbi də sabah şəhərə çıxanda insanların telefonla danışarkən qışqıra-qışqıra, qeyri-etik söhbətinə şahid olub nə fikirləşəcək? Sizcə, o, ölkəmizi bizim təriflərimizlə qiymətləndirəcək, ya şahidi olduqları ilə? Təbii ki, özünün şahidi olduqları ilə. Ona görə də biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Ölkədə bu sahədə nə qədər çox maarifləndirmə işi aparılsa və yaxud da sosial şəbəkələrdə bununla bağlı maarifləndirici çarxlar çəkilib paylaşılsa, düşünürəm ki, istədiyimiz nəticəni əldə edə bilərik”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: