Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qanunun müddəti yenidən uzadılmasa...

gələn ildən vətəndaşların banklardakı pulundan vergi tutulacaq

07.12.2022 12:19
19
A+
A-

2023-cü ildə vətəndaşların banklara yerləşdirdiyi əmanətlərə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır. Xatırladaq ki, ilk dəfə vergi güzəştləri 1999-cu ildən başlayaraq tətbiq edilib və həmin dövrdən etibarən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən azad edilib. Həmin güzəştin qüvvədə olma müddəti 2014-cü ilin 31 dekabr tarixində başa çatıb. Sonradan hökumət bu qanunun qüvvəsini bir il azaldıb. 2016-cı ildə isə “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsinin qüvvəsi yenidən uzadılıb və 2016-cı il fevralın 1-dən etibarən əhalinin bank və kredit təşkilatlarındakı əmanətləri gəlir vergisindən azad edilib. Bununla da banklarda əmanətləri olan vətəndaşların depozitlərinin vergiyə cəlb olunması prosesi daha 7 il uzadılıb.

Bank sektoruna vergi güzəştləri sayəsində son illərdə bankların kapitallaşması genişlənib, əhalinin banklara yerləşdirdiyi depozitlərin həcmi əhəmiyyətli həcmdə yüksəlib. Təhlillərə əsasən, il ərzində banklara əmanət qoyuluşlarının həcmi 500 milyon manatdan çox artır. Ümumiyyətlə, dövlətin bu siyasətinin nəticəsidir ki, əhalinin banklardakı əmanətlərinin məbləği təxminən hər il 20 % civarında yüksəlir. Onu da nəzərə almaq lazımdır ki, manatın məzənnəsinin dəyər qazanması və dolların kursunun sabit qalması vətəndaşların yenidən banklara yerləşdirdiyi manat depozitlərinə üstünlük verməsinə səbəb olub. Təkcə son 2 ildə iqtisadiyyatda yenidən aktivliyin bərpa olunması və valyuta bazarındakı sabitlik nəticəsində vətəndaşların banklardakı  əmanətlərinin həcmi 1,1 milyard manatdan çox artıbdır. Əhalinin banklardakı əmanətləri 2022-ci il noyabrın 1-nə olan tarixə əsasən, 11 milyard 500 milyon manata çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardakı depozitlərinin 29,4% artımı deməkdir.

Bank depozitlərinə vergi güzəştləri vətəndaşların da sosial rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Hesablamalara görə, əhalinin banklardakı əmanətlərindən illik əldə olunan dividendlərin ümumi həcmi təxminən 200-250 milyon manat təşkil edir. Bu, minlərlə ailənin az da olsa müəyyən probleminin həllinə müsbət təsir edir.

Ona görə də bank əmanətlərinin artımını təmin etmək üçün, daha doğrusu, vətəndaşları öz pullarını banklara yerləşdirməsinə həvəsləndirmək üçün vergi güzəştlərinin saxlanılmasının xüsusi əhəmiyyəti vardır. Əgər bank depozitlərindən gəlir vergisi hesablanacaqsa, faktiki olaraq bu, minlərlə vətəndaşın öz pulunu banka yatırmasına marağını da azaldacaq. Onsuz da vətəndaşların əmanətlərdən əldə etdiyi illik 9-10 faiz gəlir inflyasiyanın təzyiqi altında dəyərini itirir. Hazırda inflyasiya 14 faizə yaxındır, bank əmanətlərinin faizi isə təxminən 10 faizə bərabərdir. Bu o deməkdir ki, inflyasiya əmanətləri 4 faiz-bənd üstələməklə depozitlərin dəyərini “öldürür”. Belə bir vəziyyətdə depozitlərdən gəlir vergisinin tutulması əlavə 2 faizə yaxın itki deməkdir. Yəni əmanətlərdən vergi tutularsa, vətəndaşların pullarının dəyəri xeyli itirilmiş olacaq. Bu baxımdan banklar da gəlir vergisinin tətbiqində maraqlı deyil, onlar böyük bir müştəri bazasını itirə bilər, ona görə də vergi güzəştinin yenidən uzadılması ilə bağlı bank icması vergi orqanına müraciət etmək niyyətindədir.

Qeyd edək ki, bu mexanizm bir neçə ildir ki, tətbiq edilir və Azərbaycan bank depozitlərinin vergiyə cəlb olunmadığı ölkələrdən biridir. Dünya ölkələrinin vergi və bank qanunvericiliyinə əsasən, kredit, maliyyə, bank, qiymətli kağızlar bazarında dividend məqsədilə yerləşdirilmiş depozit və qiymətli kağızlar vergiyə cəlb olunur. Ancaq Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin banklardakı depozitlərinə vergi tətbiq edilmir. Dövlət ölkədə bank sisteminin maliyyə vəziyyətinin gücləndirilməsi, əhalinin banklara depozit qoyuluşlarını stimullaşdırmaq məqsədilə əmanətlərin vergidən azad olunmasını məqsədəuyğun hesab edir. Ölkə iqtisadiyyatının aparıcı sektorlarından olan bank sektorunun inkişafı naminə edilən güzəştlərlə bərabər, sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədilə həmin qurumların mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad edilib.

“Muds” beynəlxalq reytinq agentliyinin mütəxəssisləri hesab edirlər ki, bank depozitlərinə yüksək vergi tətbiq olunması son dərəcədə bank sektoruna kapital qoyuluşlarına mənfi təsir edir. Bu tendensiya bankların gələcəyi üçün nikbin vəd vermir və əhalinin banklara olan inam və etibarının itməsinə gətirib çıxara bilər. Nəticədə maliyyə öhdəliklərini yaxşı yerinə yetirə bilməyən bank və kredit təşkilatlarının likvidliyini daha pis təhlükə altına salır.

Göründüyü kimi, bank sektorunda müşahidə edilən müsbət dinamikanı stimullaşdıran əsas amillərdən biri əhalinin əmanətləridir. Bank depozitlərinə tətbiq edilən vergi güzəştləri qanunla tənzimləndiyindən qanuna dəyişikliklərin edilməsinə ehtiyac var. 2016-cı ildə qüvvəyə minmiş qanunun müddəti 2023-cü ildə başa çatır və sözügedən qanunun müddəti yenidən uzadılmasa, gələn ildən vətəndaşların banklardakı pulundan vergi tutulacaq. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, fiziki şəxslərin faiz gəlirlərindən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur və büdcəyə ödənilir. Bu maddə bank depozitlərinə də şamil edildiyi halda, vətəndaşların banklardakı əmanətlərindən 10 faiz vergi tutulması reallaşa bilər. Bu o deməkdir ki, banka illik 10 faiz dərəcə ilə 10 min manat depozit qoymuş vətəndaş il ərzində əldə etdiyi 1000 manat dividenddən 10 faiz vergi, yəni 100 manat ödəməlidir. Bu isə faktiki olaraq onun əmanətinin 1 faiz ucuzlaşması deməkdir.  

Məhz bu amilləri nəzərə alan hökumət bankların mənafeyinə xidmət edən əmanətlər üzrə vergi güzəştlərinin müddətini uzada bilər.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: