Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azad edilmiş ərazilərdə işləyənlərdən əməkhaqqı vergisi tutulmayacaq, maaşlarına əlavələr olunacaq

.

14.12.2022 11:38
123
A+
A-

Məlum olduğu kimi, növbəti ildən işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələrin və zəruri infrastrukturların qurulması üçün tədbirlərin miqyasının artırılması nəzərdə tutulub. Bu məqsədlə büdcədən 3 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin böyük bir qismi azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunmasına yönələcək. Yeni ildən bu ərazilərdə işləməyə gedəcək işçilərin sayının da artması gözlənilir. Bu məqsədlə hökumət bu bölgədə çalışanların sosial və əmək imkanlarını yaxşılaşdırmaq üçün bir sıra güzəştlər edəcək. Bu bölgədə əmək resurslarının səmərəli idarə olunması məqsədilə sosial vergi güzəştlərinin, əməkhaqlarının artırılması üçün motivasiyaların verilməsi kimi tətbiqlər güzəşt paketində başlıca yer tutur.

Milli Məclisdə təsdiq olunan “Sosial sığorta haqqında” qanuna dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunacaq. Bu, sosial sığorta ödəmələrinin subsidiyalaşdırılması mexanizminin tətbiqi deməkdir. Məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə sığortaedənlərə ödənilən əvəzsiz maliyyə vəsaitidir.

Yeni mexanizmə əsasən, növbəti ildən Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında özəl sektorda çalışan işçilərin əməkhaqqından 10 faiz sosial sığorta haqqı tutulmayacaq. “Sosial sığorta haqqında” qanunun 14-1.1-ci maddəsinə əsasən, sosial sığorta haqqının subsidiyalaşdırılması 4 mexanizm üzrə tətbiq olunacaq. Belə ki, 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək işçilərin gəlirlərinə sosial sığorta güzəşti, yəni subsidiyalaşdırma 100 faiz miqdarında tətbiq ediləcək. Yəni sıfır dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı hesablanacaq. Məsələn, 800 manat maaş alan vətəndaşın aylıq gəlirindən mövcud sosial sığorta tarifi üzrə 10 faiz vergi hesablanaraq 80 manat tutulurdu. Yeni ildən isə sıfır dərəcənin tətbiqi  həmin 80 manat sosial verginin işçilərin maaşından tutulmayacağı deməkdir.

Sosial sığorta subsidiyalaşdırılmasının ikinci düsturu 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək tətbiq ediləcək 80 faizlik sığorta güzəştidir. Bu mexanizmə əsasən, işçilərin əməkhaqqından hesablanan sosial verginin 80 faizinə güzəşt olunacaq. Belə ki, 800 manat maaşdan hesablanan 80 manat verginin cəmi 20 faizi, yəni 16 manatı vergiyə cəlb olunacaq. 64 manat sosial vergi isə hesablanmayacaq.

Subsidiyalaşmanın 3-cü düsturu 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək tətbiq olunacaq 60 faizi miqdarında güzəşti nəzərdə tutur. Bu isə o deməkdir ki, 80 manat sosial verginin 40 faizi (32 manat) vergiyə cəlb olunacaq, 60 faizi (48 manat) isə vergidən azad olunacaq.

Sonuncu, 4-cü subsidiya mexanizmi isə 40 faizlik sosial vergi güzəştini nəzərdə tutur. Bu düstura əsasən, işçilərin maaşının 60 faizi sosial vergiyə cəlb olunacaq, 40 faizi vergidən azad ediləcək. Məsələn, 800 manat maaşdan hesablanmış 80 manat sosial verginin 32 manatına vergi hesablanmayacaq. Bu güzəşt üzrə müddət 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək tətbiq olunacaq.

Beləliklə, azad edilmiş ərazilərdə çalışan sahibkarlar və digər şəxslərin maaşlarına təxminən 20% məbləğində güzəşt olunacaq ki, bu da onların əməkhaqlarına həmin faiz üzrə əlavələrin edilməsi deməkdir. Subsidiyalaşdırma layihəsinə əsasən, sosial vergi güzəşti nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsində yaranacaq itkilər dövlət büdcəsinin dotasiyası hesabına təmin olunacaq.

Güzəştlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən maliyyə, bank, sığorta, qiymətli kağızlar və digər maliyyə qurumlarının əməkdaşlarına şamil edilməyəcək. Eyni zamanda bu bölgədə avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına iş və xidmətlər göstərən podratçı təşkilat və şəxslərə də aid deyil.

İşğaldan azad edilmiş ərazilərdə işləməyə gedən ali və orta təhsilli müxtəlif peşə sahiblərinə 2023-cü ildən həm də birdəfəlik ödənişlər veriləcək. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər (peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan şəxslər) bu güzəşti əldə edəcəklər. Həmçinin bu şəxslərə əlavə məzuniyyət hüququ veriləcək. Əmək Məcəlləsinin 21-1-ci maddəsinə əsasən, bu kateqoriyaya aid olan şəxslər əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyətlə təmin olunacaqlar. Bütün bu güzəştləri əldə etmək üçün həmin işçilərin əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etmələri tələb olunacaqdır. Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq dəyişikliklərə əsasən, azad edilmiş ərazilərdə çalışan bütün işçilərin əmək müqaviləsi olmalıdır, eyni zamanda kontraktla işə cəlb edən şəxslərin hər birinin vergi orqanında uçota alınmış filial və nümayəndəliyinin şərtlərinə riayət etmələri vacibdir.

Digər bir sosial güzəşt bu bölgədə işləməyə gedən işçilərin sayına məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, azad edilmiş ərazilərdə çalışan sahibkarlara kvota tətbiq edilməyəcək və iş icazəsinin məbləğində 50% endirim ediləcək. Güzəştlər xaricdən gələn işçi qüvvəsini də nəzərdə tutur. Bu güzəşt paketi də azad edilmiş ərazilərdə iqtisadi inkişafın stimullaşdırılması baxımından çox önəmlidir.

 Elbrus CƏFƏROV

ETİKETLƏR: