Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də  28 May - Respublika Günü münasibətilə  onlayn formatda tədbir keçirilib

AHİK-də  28 May - Respublika Günü münasibətilə  onlayn formatda tədbir keçirilib

27.05.2021 08:01
28
A+
A-

Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)            28 May - Respublika Günü münasibətilə  onlayn formatda yığıncaq keçirilib. Yığıncaqda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev geniş mətnlə çıxış edib. O, əvvəlcə tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Deyib ki, hər bir xalqın tarixinin zənginliyi onun qurub yaratdığı dövlətlərin qüdrəti ilə ölçülür.
Dövlət qurub yaratmaq, inkişaf etdirmək, yaşatmaq, onun ətrafında birləşmək mədəniyyəti bizim xalqa ta qədimdən xas olan xüsusiyyətlərdəndir. Ən qədim dövrdən bu günə kimi Azərbaycan ərazisində mövcud olmuş böyük imperiyalardan tutmuş kiçik dövlətlərə qədər bizim dövlətçilik ənənələrimizdən xəbər verir.
Sahib olduğumuz Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular kimi dövlətlərimiz, həmçinin Səfəvilər imperiyası Yaxın və Orta Şərqin ictimai-siyası həyatında mühüm rol oynamış, dərin iz qoymuş və xalqımızın şanlı tarixinə çevrilmişdir. 
Bununla yanaşı, keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışıq. Amma buna baxmayaraq, nə qədər zaman keçməsindən asılı olmayaraq, dövlətçilik ənənələrimizi unutmamışıq. Məhz bu ənənələrə söykənən xalqımız 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoydu.
S.Möhbalıyev bildirib ki, Cümhuriyyətin yaranmasına aparan yol heç də rahat olmayıb. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi düzəninin yenidən qurulduğu bir vaxtda Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxdı.
XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyaları xalqımızda milli hisslərin oyanmasında, milli özünüdərkdə, milli şüurun inkişafında və milli hərəkatın yaranmasında mühüm rol oynadı. Yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlandı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin inkişafına mühüm təsir göstərirdilər. İstiqlal məsələsində Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları müstəsna rol oynayırdılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürməklə xalqın gələcəyini düşünən ziyalıları bir araya gətirir və təzyiqlərə baxmayaraq, istiqlal yolunda mübarizə aparırdılar. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər. Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
Bu birliyə siyasi təzyiqlə yanaşı, qanlı hadisələr törətməklə mane olmağa çalışırdılar. Qeyd edək ki, 1918-ci ilin martında erməni daşnak və Bakı Soveti qüvvələrinin Bakıda və Bakı quberniyasında azərbaycanlılara qarşı törədikləri soyqırımı xalqımızın mübarizə əzmini qıra bilmədi. Onların məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək idi. Lakin bütün bu təzyiqlərə baxmayaraq, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi.
Bəyannamə ilə demokratiyanın əsas prinsipi kimi ölkə ərazisində xalqın hakimiyyəti bərqərar oldu. Görünən odur ki, bu gün demokratiyadan uzun-uzadı söz açan, ölkəsini nümunə çəkən, digər dövlətləri bu məsələdə ittiham edən ölkələrdə istibdadın tüğyan etdiyi bir vaxtda biz demokratik prinsiplər əsasında respublika qurmuşuq.
Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri oldu. Bütün bunlar Azərbaycanın sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir.
AHİK sədri deyib ki, Cümhuriyyət dönəmindəki şərəfli addımlardan biri də Şərqdə qadınlara ilk dəfə səsvermə hüququnun verilməsidir. Bu, ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti idi.
Məlumat üçün qeyd edim ki, dünyada qadına  seçki hüququnu verən ilk dövlət  1893-cü ildə Yeni Zelandiya olub. Hazırda hələ də  bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrum edilmiş durumdadırlar.
Müqayisə üçün bildirim ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınlara səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə verilib.
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifələri ləyaqətlə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. Həmin dövrdə Azərbaycanın ərazisi 113,9 min kv. km, əhalisi isə 4 mln. 617 min 671 nəfər idi. Bu da Cənubi Qafqazın əhalisinin yarısından çox idi.
Azərbaycan Xalq Cümhuriyyəti özünün əsas atributlarını - bayrağını, himnini və gerbini yaratdı. Həmçinin ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı.
Bir məsələnin xüsusi əhəmiyyətini vurğulamaq istərdim. Əvvəl Gəncəni özünə paytaxt edən hökumətin başlıca məqsədi ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi. Köməyə gələn türk hərbçilərindən və azərbaycanlılardan ibarət qurulan Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi, təbii paytaxtına köçdü. Bakının azad edilməsi Cümhuriyyətin elan edilməsindən sonra tarixi əhəmiyyətinə görə ikinci böyük hadisə idi.
Həmçinin milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universitetinin - Bakı Dövlət Universitetinin təsis olunmasının xüsusi əhəmiyyəti var idi. Təbii ki, yenicə müstəqilliyə qovuşmuş ölkədə peşəkar kadrlar təbəqəsinin yaradılmasına böyük ehtiyac var idi. Bu ehtiyacı ödəməsi işində BDU əvəzsiz xidmətlər göstərdi. 
Bundan başqa, həmin dövrdə təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mühüm işlərdən biri də 1918-ci il noyabrın 20-də 120 nəfərdən ibarət parlamentin formalaşdırılması oldu. 11 fraksiyadan ibarət parlament fəaliyyəti dövründə 155 iclas keçirdi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Qəbul edilmiş qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan parlamenti milli və dini tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi mənsub olduğu dövləti beynəlxalq miqyasda tanıtmaq idi. Buna görə də yarandığı vaxtdan fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə Avropa ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsi bağladı, İstanbul konfransına Məhəmməd Əmin Rəsulzadə və Aslan bəy Səfikürdskidən ibarət heyət göndərildi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Əlimərdan bəy Topçubaşov 1919-cu il mayın 28-də ABŞ prezidenti Vudro Vilsonla görüşdü, onu ABŞ-ın Azərbaycanla əməkdaşlıq etməsinin faydalı olacağını inandırmağa çalışdı. 1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən de-fakto olaraq tanındı. Bu tanınma Cümhuriyyətin elan edilməsindən sonra əhəmiyyətinə görə üçüncü böyük tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinin təntənəsi idi.
Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi.
Cümhuriyyətin yaradılması və fəaliyyəti müsəlman dünyasına Respublika məfhumunu gətirdi. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı olmaqdan ötrü İrkutskdakı Azərbaycan konsulluğuna müraciət etmişdilər.
S.Möhbalıyev qeyd edib ki, Cümhuriyyətin süqutundan sonra siyasət və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur qaldı. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. Milli ruhlu ziyalılar 70-80-ci illərdə Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, Cümhuriyyət artibutları ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda Heydər Əliyevin liderliyi sayəsində qəbul edildi. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin təməli oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.
Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Artıq 1998-ci ildə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə Cümhuriyyət tarixinə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilib. Xarici ölkələrdəki məzarları təmir edilib. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il (Cümhuriyyətin 100-cü ildönümü münasibətilə) Azərbaycanda Xalq Cümhuriyyəti ili elan edildi və bu məqsədlə ölkəmizdə geniş tədbirlər həyata keçirildi.
Azərbaycanda müstəqilliyin qorunub saxlanılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər keçən əsrin 90-cı illərində Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi dövrdə onun rəhbərliyi ilə nəinki Naxçıvan üçün, bütöv Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan MSSR- in adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırıldı. Bir qədər əvvəl dediyim kimi, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi. Azərbaycanın Ali Məclisinin qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanılması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.  
1991-ci il oktyabrın 18-də ovaxtkı Ali Sovetdə Müstəqillik Aktı qəbul olundu. Beləliklə, Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. Yeni elan olunmuş müstəqillik təhlükə altında idi. Sosial-iqtisadi, siyasi problemlər, vətəndaş müharibəsi şəraiti ölkədə ictimai-siyasi gərginliyi dərinləşdirir, anarxiyaya meydan açırdı. Xalq çıxış yolunu H.Əliyevin ölkə liderliyinə dəvət edilməsində gördü.  
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldi. Onun müdrik siyasəti nəticəsində ölkəmizdə xaotik proseslərin qarşısı alındı, ictimai siyasi sabitlik təmin edildi. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu. Ən əsası 1994-cü il mayın 18-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi  olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan dünya xəritəsində mövqeyini möhkəmləndirdi. 
Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə  müstəqil dövlətimiz tərəfindən qəbul edilən Konstitusiya, respublikada qəbul edilmiş hüquqi və siyasi aktların hamısı dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, demokratiyanın inkişafına xidmət etməyə başladı. 
Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab olunur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ulu Öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizimdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.
“Biz xalqın xidmətçisiyik”, - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 17 ildə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib. Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xalqımız yüksək qiymətləndirir. Bu gün dövlət başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü  strategiya nəticəsində respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.
Müasir dövrdə hər bir dövlətin gücü və qüdrəti “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, hər bir fərdin özünü cəmiyyətdə təsdiqetmə imkanı - “insan meyarının” bu və digər elementləri onu dövlətin inkişafının qiymətləndirilməsinin əsas meyarlarına çevirir. 
 AHİK sədri nəzərə çatdırıb ki, Azərbaycanın müstəqilliyi dövründə keçdiyi tarixi yol hamımız üçün əziz olmalı, görülən işlərin əhəmiyyəti, onların xalqımızın maraqlarına  tam cavab verməsi layiqincə  qiymətləndirilməlidir. Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti çox möhkəmlənmiş, dünya miqyasında onun imici daha da artmış və bu gün ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 
İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparıldı. Milli ideologiyamız yaradılmış, dövlətçiliyin əsasları qoyulmuş, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanmışdır. 

Azərbaycanın nefti və qazı dünya bazarına çıxarılmış, ölkəmizin regional layihələrdə iştirakı daha da genişləndirilmişdir. Bu yolda atılan addımlar Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın ictimai və siyasi palitrasında baş verən bu dəyişikliklər ulu öndər H.Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını inamla və dönmədən davam etdirən möhtərəm Prezidentimiz  İ.Əliyevin adı ilə bağlıdır. 
Bu inkişaf respublikamızın milli maraqlarına tam cavab verir. Artıq Azərbaycan dünya birliyi ailəsində özünəməxsus yer tutur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə malik olmaqla, ATƏT, BMT, İƏT, GUAM, Avropa Şurası kimi nüfuzlu beynəlxalq  və regional  təşkilatların üzvüdür. Azərbaycanın beynəlxalq arenada oynadığı rol dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama hərəkatında ölkəmizin mövqeləri möhkəmdir.
Millət vəkili deyib ki, bütün bunlar, nəhayət, öz bəhrəsini verdi. Ölkə başçısının, Ali Baş Komandanın qətiyyəti nəticəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinə və beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etməyə başladı. 
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev haqlı olaraq müharibənin başlanmasının məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etmişdir. Ermənistan işğalçılıq siyasətini uzun illər ərzində davam etdirərək beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymamış, işğalçılıq niyyətindən əl çəkməmişdir.
Ərazisi işğala məruz qalmış Azərbaycanın 30 ilə yaxın müddətdə diplomatik təmkin nümayiş etdirməsi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşması, lakin bunun müqabilində işğalçı Ermənistana ciddi beynəlxalq təzyiqin göstərilməməsi son illərdə vəziyyəti daha da gərginləşdirmişdi. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamə və bəyanatlarına məhəl qoymayan İrəvan aşkar şəkildə ərazi ilhaqı siyasəti yürüdürdü. Ermənistan rəhbərliyinin son 2 ildə danışıqlardan faktiki olaraq imtina edərək Azərbaycana qarşı qəbuledilməz və əsassız şərtlər irəli sürməsi, terrorçu qruplaşmaları, muzdlu döyüşçüləri işğal etdiyi ərazilərimizdə yerləşdirməsi, cəbhə bölgəsində və qoşunların təmas xəttində açıq təxribatlar törətməsi hərbi əməliyyatların bərpası ehtimalını zamanla daha da artırırdı. Bu azmış kimi Şuşa şəhərində qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri”nin “andiçmə mərasimi”nin təşkili, “Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarın qəbulu düşmənin növbəti təxribatları idi.
Beləliklə, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti üzündən 30 il müddətində həllini tapmayan münaqişənin qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanmaqla, siyasi meydanda da istəyinə nail olub. 44 günlük müharibədə 5 min kvadratmetrədək ərazisini, 5 rayonunu, 2 şəhər tipli qəsəbəsini, 300-dək kəndini işğaldan azad edən Azərbaycan Ermənistanı hərbi kapitulyasiya barədə sənədi imzalamağa məcbur etdi.  Üçtərəfli 10 noyabr sazişinin imzalanması ilə faktiki olaraq Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə çevrilib.
İşğalçı siyasət yürüdən Ermənistan faktiki olaraq Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən bütün strateji əhəmiyyətli neft-qaz, nəqliyyat-kommunikasiya, logistika layihələrindən məhrum olmaqla özünütəcrid vəziyyətinə düşüb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir. 
Militarist siyasət yürüdən, yaxın və uzaq perspektivə hesablanan bütün planlarını işğalçılıq marağı üzərində kökləyən, hər 4 nəfərindən biri yoxsulluq içində yaşayan Ermənistan ciddi sosial-iqtisadi, infrastruktur layihələrinin icrasından məhrum olub, strateji əhəmiyyətli müəssisələrini Rusiya və digər ölkələrə satmağa məcbur qalıb. Hazırda Ermənistanın dəmir yolları 100 faiz Rusiyaya məxsusdur. İşğal faktına son qoyulması ilə Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasəti puç olub.
2021-ci ildə ərazilərimizin bərpası və yenidən qurulması tədbirləri üçün 2,2 milyard manat vəsaitin nəzərdə tutulması gələn ilin “Böyük qayıdış” planının reallaşdırılması baxımından mühüm mərhələ olacağını, işğalçılardan təmizlənmiş rayon və şəhərlərin yol-nəqliyyat infrastrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, mavi yanacaq və s. təminatı istiqamətində mühüm layihələrin reallaşdırılacağını deməyə ciddi əsaslar yaradır. Ayrılmış vəsaitin müəyyən qismi, eyni zamanda qeyd olunan ərazilərdə müasir inzibati infrastrukturun yaradılmasına, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulmasına yönəldiləcək.
İşğaldan azad edilmiş bəzi ərazilərin qısa müddətdə elektrik enerjisi ilə təchiz edilməsi, eyni zamanda “Azərenerji” və “Azərişıq” ASC-yə bölgənin enerji infrastrukturunun bərpası istiqamətində verilən tapşırıqlar qlobal böhran şəraitində ölkəmizin güclü iqtisadi-maliyyə potensialının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərin bol sulu çayları, eyni zamanda Xudafərin, Sərsəng, Suqovuşan və digər su anbarları təkcə su elektrik stansiyaların yaradılmasına, yeni enerji güclərinin alınmasına deyil, eyni zamanda suvarma infrastrukturunun bərpasına imkan yaradır.
Azərbaycanın mədəni paytaxtı elan olunmuş Şuşada “Xarı bülbül” musiqi festivalının Azərbaycanda yaşayan bütün millətlərin nümayədələrinin iştirakı ilə keçirilməsi ölkə ictimaiyyəti tərəfindən sevinclə qarşılanmışdır.
Ermənistan ərazisindən keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək yeni avtomobil və dəmir yollarının çəkilişi daha sərfəli, alternativ nəqliyyat-kommunikasiya marşrutu yaratmaqla, təkcə respublikamızın deyil, ümumən region dövlətlərinin (Türkiyə, Rusiya, Ermənistan, habelə Orta Asiya və Şərq ölkələri) geoiqtisadi maraqlarına uyğundur. Yeni nəqliyyat-kommunikasiya xətləri nəticəsində Azərbaycan Naxçıvan MR-ə və Türkiyənin şərq hissəsinə daha əlverişli çıxış əldə edəcək. Bu yollar eyni zamanda Rusiya Federasiyasının Türkiyəyə Gürcüstandan kənar yeni avtomobil və dəmir yolu marşrutu əldə etməsinə imkan yaradacaq.
Azərbaycan dövlətinin son 25 ildə apardığı sosial siyasətin prioritet istiqamətlərindən birini ölkəmizin Silahlı Qüvvələrinin şəxsi heyətinin, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətdə layiqli statusunun təmini məsələləri təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə ölkədə reallaşdırılan hərbi vətənpərvərlik təbliğatı və sosial müdafiə tədbirləri cəmiyyətdə orduya və hərbi qulluqçulara yüksək etimad və rəğbətin təmin olunmasına, hərbçilərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərinin adekvat dəyərləndirilməsinə hesablanıb.
Heydər Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə ötən 15 ildə veteran hərbçi və şəhid ailələri üçün Bakının rayonlarında və regionlarda çoxsaylı fərdi ev və yaşayış binaları inşa olunub, onlara müxtəlif sosial yardımlar edilib. Prezident İlham Əliyev xalqa çoxsaylı müraciətləri və xarici KİV-ə müsahibələrində Azərbaycan Ordusunun yüksək döyüş ruhunu, peşəkarlıq səviyyəsini, hərbçilərimizin yüksək şücaət və rəşadətini xüsusi vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bəyan edib.
 S. Möhbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da Prezident cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu növ sosial təşəbbüslərə qoşularaq bütün tədbirlərdə yaxından iştirak edir. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  ictimai nəzarətin həyata keçirilməsində, vətəndaş müraciətlərinin təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində Heydər Əliyev Fondunun sosial layihələrində iştirak etmək barədə qərar qəbul edib.
Prezident İ.Əliyev varislik ənənələrinə sadiq qalmaqla Azərbaycanın müstəqil ölkə kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə  hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılması isə bu siyasətin əsas qayəsini təşkil edir. Ümumilikdə həyata keçirilən siyasət Azərbaycanın bölgədə tam müstəqil respublika kimi mövcudluğunun əbədi təminatıdır.  
Müstəqil Azərbaycanın müstəqil həmkarlar ittifaqı qurumu olaraq, biz işçilərin sosial-iqtisadi hüquqlarının qorunması sahəsində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, möhtərəm Prezidentimizin ölkənin iqtisadi və siyasi inkişafını təmin edən qətiyyətli addımlarını dəstəkləyir və bu sahədə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışırıq.
Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz daha da sürətli inkişafa nail olacaq, dövlətçiliyimizin qorunmasına etibarlı təminat yaradılacaqdır. Çünki Azərbaycan cəmiyyəti H.Əliyevin zəngin dövlətçilik irsini ölkənin iqtisadi maraqlarının və siyasi sisteminin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. 
İcazə verin, bu böyük bayram - Respublika Günü münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən, hörmətli həmkarlar, sizi ürəkdən təbrik edim, hamıya firavan həyat və xoş gələcək arzulayım.
Daha sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, idarəçilikdə demokratik dəyərlərin bərqərar olmasından, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

ETİKETLƏR: