Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İpotekaya verilən kirayə mənzillər ƏDV-dən azad olunur, kirayə vergisi isə qüvvədə qalır

.

28.12.2022 12:28
100
A+
A-

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatının ƏDV-dən azad edilməsi ilə bağlıdır. Bu o deməkdir ki, ipotekada olan kirayə mənzillər vergitutma obyekti hesab olunmayacaq. Qeyd edək ki, kirayə mənzillərin ipotekaya verilməsinə 2020-ci ildən etibarən başlanılıb. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə və kredit şərtlərinə edilmiş dəyişikliklərə əsasən, vətəndaşlar kirayədə qaldıqları mənzilləri ev sahibi ilə razılıq müqaviləsi əsasında ipotekaya cəlb etməklə həmin mənzilin sahibi olmaq hüququ qazanıblar. Bu proses çərçivəsində 3 il ərzində minlərlə kirayə mənzil ipoteka predmetinə çevrilib. Bu sistemin səmərəliliyi sayəsində ipoteka bazarına maraq artıb. Bu sistemin əsas mahiyyəti odur ki, kirayədə olan mənzillərin ipotekaya cəlb olunması zamanı ilkin ödəniş tələb olunmur, sadəcə, İpoteka və Kredit Zəmanət Fondu, mənzil sahibi, evi kirayə götürən şəxs arasında bağlanmış kirayə müqaviləsi və bank sənədləri əsasında mənzilin sahibi olmaq mümkündür.

Ancaq bu mexanizmdə əsas şərtlərdən biri vergi öhdəlikləri ilə bağlıdır. Vergi Məcəlləsinin mövcud tələblərinə əsasən, mənzil sahibləri ipoteka yükündə olan mənzilin ümumi dəyərinin 18 faizlik ƏDV məbləğini ödəməlidir ki, bu da onlar üçün əlavə xərclər yaradırdı. Xüsusilə də ipoteka bazarında əhalinin mənzilə əlçatanlığının aşağı düşməsinə, habelə ipoteka mexanizminin səmərəliliyinin azalmasına gətirib çıxarırdı. 2023-cü ildən isə vergi güzəştlərinin tətbiqinə əsasən, İpoteka Fondu tərəfindən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatları 18 faiz ƏDV-dən azad olunması isə mövcud çətinlikləri aradan qaldıracaq. Beləliklə, hökumət kirayə mənzilləri vergidən azad etməklə aylıq ipoteka ödənişləri edən vətəndaşların sosial vəziyyətinə dəstək verəcək. Nəticədə ipotekada olan kirayə mənzillərin aylıq bank ödənişlərinin yükü aşağı düşəcək. Vergidən azadolma isə artıq vətəndaşların aylıq borcunu tam şəkildə ödəməsinə imkan verəcək ki, nəticədə ipoteka bazarında dayanıqlılığı təmin edəcək. Vergi güzəştləri eyni zamanda ipoteka mexanizminin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.

Məsələ ondadır ki, ipotekada olan kirayə mənzillərin vergidən azad olunması mənzilin aylıq kirayə vergisindən azad olunması demək deyil. Vətəndaşlar elə hesab edə bilərlər ki, onlar ipoteka yolu ilə əldə etdikləri kirayə mənzillərin ƏDV-dən azad olunmasından sonra mənzilin kirayəsi üzrə aylıq gəlir vergisini də ödəməyəcəklər. Bu, belə deyil, vergi güzəşti yalnız ipotekada olan mənzillərin ƏDV öhdəliklərinə aiddir. İpotekada olan mənzillər kirayəyə verilirsə, onun gəlir vergisi üzrə öhdəlikləri də qüvvədə qalacaq. Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, kirayəyə verilən mənzil ödəmə mənbəyindən 14 faiz dərəcə ilə vergi hesablanmaqla vergiyə cəlb olunur və bu mexanizm 2023-cü ildə də eyni qaydada davam edəcək. Məsələn, mənzilin kirayə məbləği 500 manatdırsa, ev sahibi 70 manat vergi ödəyəcək. Mənzil sahibi kirayəyə verdiyi mənzilin vergisini ödəmədiyi halda, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və cərimə olunur. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, vergi orqanı onun barəsində ilk dəfə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edir. İkinci halda bu məbləğ 80, 120 və artan cərimələrlə daha da sərtləşdirilir. Hətta ev sahibi ödəyəcəyi verginin məbləğini hesabatda düzgün göstərmədiyi və azaltdığı halda, kirayə haqqının 50 faizi miqdarında maliyyə sanksiyasına məruz qalır. Ona görə də ipotekada olan mənzillərin kirayəsinin vergidən azad olunması vətəndaşları çaşdırmamalı, onlar əvvəlki qaydada vergilərini ödəməlidirlər.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: