Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İstəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıtsınlar”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

11.01.2023 11:46
2
A+
A-

Dövlətimizin başçısı müsahibəsində bir sıra vacib məqamlara toxunub. Prezident İlham Əliyev çıxışında 2022-ci ilin yekunları, əhalinin maddi rifah halının gücləndirilməsi, nəqliyyat, tranzit və logistika potensialının yüksəldilməsi, xarici siyasət, Azərbaycanın enerji potensialına tələbatın artması və Avropanın, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə kömək göstərilməsi yolunda atılan addımlar, 2022-ci il ərzində Azərbaycan-Ermənistan şərti sərhədində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı insidentlər və buna cavab olaraq keçirilən uğurlu hərbi əməliyyatlar, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi,  azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda etiraz aksiyası  və sair məsələlər barəsində danışıb.

Prezident İlham Əliyev ermənilərin Qarabağda törətdikləri cinayətlərə etirazlarını bildirən gənclərə də təşəkkürünü bildirib,  bu etirazların əsas səbəb və məqsədlərinə bir daha aydınlıq gətirib.

Ölkəmizin başçısı Ermənistana, ermənilərə və onların havadarlarına  növbəti dəfə xəbərdarlıq edərək, ötən dövrdə baş verənlərdən ciddi nəticə çıxarmalarını deyib: “Regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm. Bizim hamımızı ruhlandıran hisslər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər - heç lazım da deyil. Delimitasiyanı istəmirlər - heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var - tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar”.

Prezident Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri barəsində də məlumat verib. Həmin ərazilərə sürətli qayıdışın təmin olunması istiqamətində tədbirlərin uğurla icra olunduğunu xüsusi qeyd edib: “Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər, dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.

Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq”.

ETİKETLƏR: