Haqsızlar haqqın səsini boğmağa çalışır
İstəkləri bəllidir, tarix boyu etdikləri kimi, dünya ictimaiyyətinin həssaslığından, humanist duyğularından istifadə edərək “yazıq” roluna girmək və onları Azərbaycan dövləti tərəfindən guya ermənilərə qarşı “soyqırımı” siyasəti yürüdülür fikrinə inandırmaq.

Vətən müharibəsi təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yadda qalmadı, həm də birliyimizin qüdrətinin parlaq nümunəsi oldu. Bu müharibə həm güc, həm də ağıl, zəka və informasiya qarşıdurması idi. Həmin dönəmdə güclü təhlükəsizlik sistemi quruldu, dezinformasiyalara vaxtında reaksiya verildi. Gerçəklərin dünyaya çatdırılmasında öhdəmizə düşəni layiqincə yerinə yetirdik. Zəfərdən artıq 2 il ötüb. 30 illik işğalı dövründə torpaqlarımızı viran qoyan, təbiətimizə, mədəniyyətimizə, insanlarımızın qəbir evlərinə kimi zərər verən, bir sözlə, yeraltı və yerüstü sərvətlərimizi talamaqla kifayətlənməyən düşmən indi də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına davam edir. Ekoloqlarımızın öz torpaqlarımızda monitorinq aparmasına həyasızcasına maneçilik törədir. Xalqımız ermənilərin törətdikləri maneçilikləri dinc yolla aradan qaldırmaq məqsədilə bir aya yaxındır ki, Laçın-Xankəndi yolunda aksiya keçirir. Aksiyada iştirak edən ekoloqlar, ictimai fəallar çağırışlar edir, məlumatlar verir. Erməni lobbisi isə beynəlxalq arenada məsələyə başqa don geydirməyə çalışır. Guya Xankəndi sakinləri humanitar fəlakət yaşayır.
İstəkləri bəllidir, tarix boyu etdikləri kimi, dünya ictimaiyyətinin həssaslığından, humanist duyğularından istifadə edərək “yazıq” roluna girmək və onları Azərbaycan dövləti tərəfindən guya ermənilərə qarşı “soyqırımı” siyasəti yürüdülür fikrinə inandırmaq.
Bir neçə gün öncə bu barədə “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko da qeyd edib ki, beynəlxalq erməni diasporları Qərb mətbuatında mövcud mövqelərdən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək Bakını Qarabağ ermənilərini “blokada” və “soyqırımı”nda ittiham edib, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətindədir: “Ekspertlərin hesablamalarına görə, ilk mərhələdə planlaşdırılan anti-Azərbaycan informasiya kampaniyasının büdcəsi 50 milyon dollar təşkil edəcək”.
Eyni ideyanı qardaş ölkə Türkiyəyə qarşı uzun illər irəli sürdülər, düzdür, fakt, sübut olmayandan sonra absurd yalanlarla heç kimi inandıra bilmədilər, bilməzlər də! Amma tarix bizə öyrətdi ki, düşmənin apardığı yalançı təbliğatı, beynəlxalq arenada yaydıqları dezinformasiyanı vaxtında boğmağa çalışmalıyıq. Bəs bunun üçün nə etməliyik? Harda, nədə səhv edirik, yaxud da düşmənin informasiya müharibəsini önəmsəmirik deyə bilərikmi?
Siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, həm müharibə, həm də postmüharibə dövründə ordumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. İnformasiya müharibəsində isə bu istiqamətdə, təəssüf ki, diplomatiyamız lazımi addımlar ata bilmir. Məsələn, Ermənistanın müxtəlif ölkələrdəki səfirləri ölkəmizə qarşı geninə-boluna dezinformasiyalardan ibarət məqalələr yayır, fəallıq, həmrəylik göstərir, jurnalistlərlə daim əlaqədə olurlar. Bunun qarşısının alınması üçün bizim səfirlər də fəal olmalıdırlar. Müsahibələr verməli, məqalələr yaymalı, brifinqlər təşkil etməlidirlər. Çünki ermənilər Azərbaycana qarşı artıq psixoloji savaşa başlayıblar. Diplomatik zəmində, diaspora səviyyəsində fəaliyyətimizi genişləndirməyə çox ehtiyac var. Məsələn, dünyada güclü yəhudi lobbisi var. İsrail ilə sıx əməkdaşlığımız imkan verir ki, biz həqiqətlərimizi dünyaya onların dəstəyi ilə çatdıraq və ermənilərin yalanlarına adekvat cavab verək. Bu da bir diplomatik fəaliyyətdir. Lakin bizim informasiya müharibəsində qalib gəlməyimiz və ya düşmənin bu yöndəki həmlələrinə yetərli cavab verməyimiz üçün xaricdə yaşayıb fəaliyyət göstərən hər bir azərbaycanlını bu prosesə cəlb etməyimiz mütləq məsələdir. Onlarla tez-tez seminarlar təşkil edilməli, bu sahədə maarifləndirilməlidirlər. Boşluq yaratmamalıyıq ki, o boşluğu dezinformasiya doldurmasın. Azərbaycanlılar bir yerə “Hesabat” vermək xətrinə yığılmamalıdılar. Keyfiyyətə fikir verilməlidir. Dəyirmi masalar təşkil etməliyik, Qarabağ icması var, onların fəallığı artmalıdır. Bu sahəyə ayrılan maliyyədən məqsədyönlü şəkildə istifadə edilməlidir. Maraqlı layihələr təşkil edilməlidir. Bu, kütləvi xarakter daşımalıdır ki, biz yeni informativ məkanda daim öz həqiqətlərimizi çatdıra bilək. Fəallıq, düzgün informasiya kanallarının müəyyən edilməsi, müxtəlif istifadəçilərin kateqoriyalarına uyğun olan informasiya həcminin ötürülməsi vacibdir. Dövlət orqanları da bu sahədə fəal olmalıdır. İşçiləri bu mövzuda daim ayıq-sayıq olmağa, beynəlxalq sosial platformalarda fəal olmağa çağırmalıdırlar.
Əsli TELMANQIZI