Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta ilə bağlı neçə cür sığorta ödənişi var?

.

11.01.2023 17:41
57
A+
A-

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta ilə bağlı neçə cür sığorta ödənişi var?

 

Sahib QULİYEV, Daşkəsən rayonu.

 

-“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 16-cı maddəsinə əsasən, 3 cür sığorta ödənişi mövcuddur:

Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir:

- aylıq sığorta ödənişi;

- birdəfəlik sığorta ödənişi;

- əlavə sığorta ödənişi.

- Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əməkhaqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.

- Birdəfəlik sığorta ödənişi adıçəkilən qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:

- sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə;

- sığorta hadisəsi nəticəsində sığortaolunanın öldüyü halda;

- sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığortaolunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.

- Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.

- Sığortaçı sığorta ödənişini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

 

İş vaxtından artıq işə yol verilirmi?

 

Fəqan İLYASOV, Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə, bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla, işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.

Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.

ETİKETLƏR: