Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minimum əməkhaqqının artırılması sosialyönümlü addımdır

Millət vəkili qeyd etdi ki, minimum əməkhaqqının artırılmasına sahibkarların öhdəliklərinin artması kimi deyil, onların sosial müdafiəsinin təminatının yaxşılaşması və ölkəmizdə sosial rifahın yaxşılaşması, o cümlədən iqtisadi sektorda əlavə stimulların yaranması kimi yanaşmaq lazımdır.

16.01.2023 10:47
87
A+
A-

Ölkə başçısının sərəncamı ilə minimum əməkhaqqının artırılması avtomatik olaraq fərdi sahibkarlar tərəfindən Dövlət Sosial Sığorta Fonduna məcburi ayırmaların artmasına səbəb olacaq. Bəzi iqtisadçılara görə, qərar iqtisadiyyatın bəzi sahələrinə yük yaradacaq, çünki ölkədə gəlirlərin bölüşdürülməsində qeyri-bərabərlik mövcuddur.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov fərdi sahibkarların sosial sığorta yükünün son 2 ildə xeyli optimallaşdırıldığını bildirdi. Dedi ki, “Minimum əməkhaqqının artırılması dövlətin yürütdüyü uğurlu sosial siyasətin davamıdır, əhalinin rifah və sosial müdafiəsinin təmin olunmasıdır. Bu sosial tədbirlər sayəsində 700 min vətəndaşımızın gəlirlərində artım baş verəcək. Minimum əməkhaqqının artması özəl sektorda 300 mindən çox insanı, o cümlədən böyük bir sahibkarlar qrupunu da əhatə edəcəkdir. Bu, VÖEN-lə çalışan fərdi sahibkarların vergi öhdəliklərində də dəyişikliyə səbəb olacaq. Əsas etibarilə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin həcmində artım baş verəcək. Belə ki, fərdi sahibkarların DSMF-yə köçürmələri artacaq. Məsələn, Bakıda qeydiyyatda olan fərdi sahibkarlar 2023-cü il yanvardan 75 manat əvəzinə 86 manat, Sumqayıtda qeydiyyatda olanlar 67,5 manat əvəzinə 77,6 manat ödəyəcəklər. Bu, aylıq 8-9 manat əlavə sosial vergi olsa da, həmin sahibkarların iqtisadi fəallığının, illik 15 faizdən çox gəlirlərinin artımı müqabilində əhəmiyyətli rəqəm deyil. İkincisi, həmin ödəmələr fərdi sahibkarların gələcək sosial təminatının qarantı hesab olunur. Bundan başqa, fərdi sahibkarların icbari tibbi sığorta haqqı təxminən 1,8 manat artacaq. Ancaq bunu vergi yükü kimi səciyyələndirmək düzgün deyil, çünki DSMF-yə köçürülən vəsaitlər hər bir kəsin, o cümlədən də fərdi sahibkarların fərdi pensiya yığmı kapitalına toplanır və onların daha çox sığorta haqqı ödəməsi gələcəkdə daha çox pensiya almalarına səbəb olacaq”.

Millət vəkili qeyd etdi ki, minimum əməkhaqqının artırılmasına sahibkarların öhdəliklərinin artması kimi deyil, onların sosial müdafiəsinin təminatının yaxşılaşması və ölkəmizdə sosial rifahın yaxşılaşması, o cümlədən iqtisadi sektorda əlavə stimulların yaranması kimi yanaşmaq lazımdır. “Onu nəzərə almaq lazımdır ki, hökumət 2021-ci ildən etibarən fərdi sahibkarların sosial sığorta öhdəlikləri və sosial sığorta yükünü aşağı salıb. “Sosial sığorta haqqında” qanunda edilmiş dəyişikliklərə əsasən, fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılmaqla yanaşı, azaldılıb. Belə ki, minimum əməkhaqqının məbləği 2 il əvvəl 250 manat müəyyən edilərkən tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25 faizə, digər sahələrdə isə 25 faizdən 15 faizə endirilib. Eyni zamanda faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə diferensiallaşdırılıb. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla da həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılıb, vergi yükü, əksinə, aşağı salınıb”.

ETİKETLƏR: