Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prezident İlham Əliyev İsveçrəyə səfər edib

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

18.01.2023 09:44
5
A+
A-

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib.

Həmin gün Davosda dövlətimizin başçısı Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşüb.

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen,  “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali,  “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat və  “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

Görüşlərdə Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri, son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımların atılması, dayanıqlı enerji təchizatına önəm verilməsi, rəqəmsallaşdırma layihəsi, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri və sair məsələlər müzakirə olundu.

Yanvarın 18-də Davosda Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda arasında keçirilən görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini dedi. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirdi.

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirdi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı da fikir mübadiləsi aparıldı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu vurğulandı. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan         Sazişin əhəmiyyəti qeyd edildi.

ETİKETLƏR: