Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İctimai fəal, pedaqoq və Vətən müharibəsi iştirakçısı

Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

18.01.2023 10:08
81
A+
A-

Ötən il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülən Ülvi Qurbanov ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Bakı şəhərindəki 184 nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlayıb. Sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərərək Qaradağ rayonu 166 nömrəli məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi fəaliyyətini davam etdirib. Elə ilk vaxtlardan pedaqoq kimi böyük potensiala malik olduğu üzə çıxıb. Bir sıra nailiyyətləri ilə fərqlənib və məktəb rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.

Uşaq yaşlarından karate və güləş idman növləri ilə məşğul olan Ü.Qurbanov bir sıra ölkədaxili və beynəlxalq yarışlarda parlaq qələbələrə imza atıb. 2007-ci ildə keçirilən karate üzrə Dünya çempionatında bürünc, 2008-ci ildə Avropa çempionatında gümüş medala layiq görülüb, 2012-ci ildə isə güləş üzrə Avropa çempionu olub.

Ülvi müəllim həm də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin Rəyasət Heyətinin üzvüdür. Məktəbin ictimai həyatında aktivliyi ilə seçilir. O, həmkarlar ittifaqının təşkil etdiyi tədbirlərin hazırlanmasında yaxından iştirak edir. Belə ki, 9 Noyabr - Bayraq Günü və Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlərin ərsəyə gəlməsində Ülvi müəllimin təşəbbüskarlığı, təşkilatçılığı böyük olub. Ülvi müəllim istedadlı, perspektivli şagirdləri peşəkar idmançı kimi hazırlamaq üçün öz təcrübə və imkanlarından maksimum istifadə edir. Təsadüfi deyil ki, yetirmələri müxtəlif miqyaslı turnirlərdə, birinciliklərdə, çempionatlarda mükafatalayiq yerlər tutur. Təkcə bir faktı deyək ki, Respublika çempionatında 166 nömrəli məktəbin qızlardan ibarət basketbol komandası 3-cü, futbolçuları isə 2-ci yerə layiq görülmüşlər.

Aprel döyüşlərinin iştirakçısı olan Ü.Qurbanov Vətənin müdafiəsində, ərazilərimizin işğaldan azad olunmasında da qəhrəmanlıq göstərib. Vətən müharibəsi başlayan andan könüllü cəbhəyə yollanan Ülvi Füzuli, Cəbrayıl, Xocavənd və Şuşada gedən döyüşlərdə iştirak edib, Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Özü haqqında qəzetimizə qısa məlumat verən Ülvi Qurbanov, bir müəllim olaraq, həmkarlar ittifaqının fəaliyyətindən çox razı olduğunu dedi. Qəzetimiz vasitəsilə, başda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev olmaqla, həmkarlar ittifaqına “İlin peşəkar gənci” adına layiq görülməsinə, eyni zamanda Vətən müharibəsi iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: