Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tarixə maraq

tarixə məhəbbətə çevrildi

18.01.2023 10:12
56
A+
A-

AHİK-in İcraiyyə Komitəsinin 2015-ci il tarixli qərarı ilə əməkdə, təhsildə, ictimai fəaliyyətdə nailiyyətlər əldə etmiş gəncləri həvəsləndirmək, onların fəallığını daha da artırmaq məqsədilə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İlk həmkarlar ittifaqı təşkilatlarının təqdimatı əsasında hər il sahə həmkarlar ittifaqı respublika komitələri bu fəxri ada layiq gənc işçilərin namizədliyini irəli sürür. Ən yaxşılar seçilib mükafatlandırılır.

Ötən ilin yekunlarına görə, bu fəxri ada layiq görülənlər sırasında Bakı şəhərinin Xətai rayonundakı 55 saylı tam orta məktəbin tarix müəllimi Ravil Fərrux oğlu Abdullayev də var. Qax rayonunun Çinarlı kəndində dünyaya göz açan Ravil hələ uşaqlıq illərində elinin, obasının tarixi ilə maraqlanırdı. Yaşı artdıqca bu marağın dairəsi də böyüyürdü. Marağının ardınca gedən Ravil 2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldu. Bu sahədə biliklərini daha da təkmilləşdirmək məqsədilə ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarixin tədrisi metodikası və metadologiyası ixtisası üzrə magistratura pilləsində davam etdirdi. Magistr təhsili dövründə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş “Magistrantların 16-cı respublika elmi konfransı”nda iştirak etdi. Təhsil Nazirliyinin və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan konfransda öz ixtisası və elmi işi üzrə çıxış edərək 3-cü yerə layiq  görüldü. Həmin ildə daha bir uğura imza atdı. Bakı Mühəndislik Universitetində və Azərbaycan Texniki Universitetində təşkil edilmiş magistrantların elmi konfranslarında çıxışları sertifikatlarla dəyərləndirildi. Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən “Magistrantların 17-ci respublika elmi konfransı”nda qazandığı nəticə, yəni tutduğu I yer göstərdi ki, Ravil əldə etdikləri ilə kifayətlənmir, daim biliyini artırmaq qayğısına qalır. İkiillik magistr təhsili müddətində ölkənin xüsusi əhəmiyyət kəsb edən elmi jurnallarında dörd məqaləsi və iki tezisi dərc olunmuşdur. Məqalələrdə interaktiv təlim, müasir təlim metodları, müasir təhsil problemləri və onların orta ümumtəhsil məktəblərində tətbiqi kimi mühüm məsələlərə toxunulurdu. Xüsusilə “Ulu Öndər irsinin orta ümumtəhsil məktəblərinin 9-10-cu siniflərin tarix dərslərində tədrisi və bunun şagirdlərdə  formalaşdırdığı tərbiyəvi dəyərlər” adı altında dərc etdirdiyi elmi araşdırması mühüm maraq doğurmuşdu.

R.Abdullayev magistr təhsilini başa vurduqdan sonra Təhsil Nazirliyi və İnsan Resurslarının birgə təşkil etdikləri 2017- 2018-ci il üzrə Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə yüksək bal toplayaraq Qəbələ rayonunda yerləşən məktəblərdən birində müəllim fəaliyyətinə başlamışdır. 2022-ci ilin aprel ayının 22-23-də Təhsildə Araşdırmalar Mərkəzinin, İsrail və ABŞ-nin Kaliforniya universitetlərinin peşəkar mütəxəssislərinin, metodistlərinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən konfransa qatılaraq bilik və təcrübəsini artırmış, iki sertifikat sahibi olmuşdur.

Ravil müəllim elmi, pedaqoji fəaliyyətinin, qısa müddətdə qazandığı təcrübənin də dəyərini yoxlamaq istəyi ilə 2022-2023-cü il üçün MİQ imtahanında iştirak etdi. Yüz faiz nəticə göstərdi. İmtahan komissiyasının tövsiyəsi ilə sentyabr ayından müəllimlik fəaliyyətini Bakı şəhərinin Xətai rayonundakı 55 saylı tam orta məktəbdə davam etdirdi. Burada da öz savadı ilə işlədiyi kollektivə başucalığı gətirdi. Müəllimlərin şəhər üzrə viktorina formatında keçirilən yarışında qaliblər sırasında oldu.

Sonda onu da deyək ki, məktəbdə fəaliyyətinə və MİQ imtahanında yüksək nəticəyə görə, Xətai Rayon İcra Hakimiyyəti və  məktəb rəhbərliyi tərəfindən   “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Biz də öz növbəmizdə Ravil müəllimi təbrik edir, uğurlarının davamını diləyirik.

 

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: